yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Zaur Hüseynov müharibə şəraitində yaşadığımızı ağıl edirmi?...

Zaur Hüseynov müharibə şəraitində yaşadığımızı ağıl edirmi?...
8-10-2018, 14:23 85 dəfə baxılıb

Adi vaxtlarda bu qədər qüsur olursa, fövqəladə vəziyyətlərdə metro strateji məqsədlər üçün istifadə edilərsə, hansı faciələrlə üzləşə biləcəyimizi təsəvvür edə bilirsinizmi?
Bakı metrosunda daha bir rüsvayçı hadisə baş verib və srağagün saat 13:15 radələrində “Qara Qarayev” stansiyasında vahiməli anlar yaşanıb: iki qatar üz-üzə gəlib. “Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib...

Bəli məhz xöşbəxtlikdən... Amma ötən həftə qatarla avtobusun toqquşması zamanı bədbəxtlikdən ölənlər və ciddi xəsarət alanlar oldu. İnsanların həyatının itirilməsinə və həyatlarının qaralmasına səbəb isə narkoman avtobus sürücüsü olmuşdu. O insanların tək günahı ictimai nəqliyyatdan istifadə etmək olmuşdu. Halbuki ictimai nəqliyyatda təhlükəsizlik bir nömrəli məsələ olmalıdır.

Amma Bakı küçələrində avtobusların ölümcül təhlükəli “rəqsini” hər an izləyirik. Elə metroda da tez-tez “vahiməli” anlar yaşanır. Bunun üçün gündəlik xəbər axnını izləmk yetərlidir.. Və belə görünür ki, ictimai nəqliyyatda gediş haqqını 50% artırıb kasıb ailələri çıxılmaz vəziyyətə salanları təhlükəsiz ictimai nəqliyyat maraqlandırmır. Onları daha çox qazanmaq istəyi idarə edir və elə buna görə də avtobuslar bütün küçələrdə mütəmadi qəza şəraiti yaradırlar. Metopolitendə isə nə baş verdiyi belə anlaşılmazdır...
Metropolitenin mətbuat katibinin baş vermiş rəzalətə verdiyi izahat isə daha böyük biabırçılıqdır. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib: “Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. Yəni Bəxtiyar Məmmədovun məntiqinə görə, tuneldə eyni xəttin üzərində iki qatarın üz-üzə gəlməsi sıradan bir hadisədir və bu hadisənin yaratdığı tək problem qatarların intervalında 7-8 dəqiqə gecikmə yaranmasıdır. Vəssalam. Zaur Hüseynovun sözçünə görə başqa heç bir fövqəladə hadisə baş verməyib. Çünki Allahdan qatarlar toqquşmayıb...
“Gecikmə” isə Bakı metrosu üçün yenilik deyil. Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-yə təyin edildikdən sonra gecikmə adi hala çevrilib. Sərnişinlər dəqiqələrlə qatar gözləməli olurlar. Dünyanın heç yerində pik saatlarında qatarların gəlişi arasındakı vaxt intervalı 1, ən pis halda 2 dəqiqədən artıq olmur. Lakin Bakı metrosunda pik saatlarında qatarın 4, hətta 5 dəqiqə intervallar gəldiyinin dəfələrlə şahidi olmuşuq. Ən təəccüblüsü də bilirsiz nədir? Pik saatlarda sərnişinləri düşürüb qatarı DEPOya yola salırlar. Adi saatlarda isə heç bir qatarı DEPOya yol almır...

Məhz bu səbədən metro vaqonlarında dəhşətli dərəcədə dözülməz sıxlıq yaranır. Məhz bu sıxlıq nəticəsində neçə-neçə insanın qatarın daxilində halının pisləşdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq metropoliten rəhbərliyi bu rəzaləti düzəltmək istəməyərək insanları narazı salmaqda israr edir.

Tağı müəllim kimi, Zaur müəlim də sovet dövründən qalmış, istismar müddəti bitmiş qatarları yenidən yığaraq xəttə buraxmaq şakərinə mübtəladır. Bəlkə Bakı yeganə şəhərdir ki, bu tipli kondisionersiz, narahat vaqonlardan metroda hələ də istifadə edilir. O zaman sual olunur: metrodan əldə olunan və dövlətin ayırdığı subsidiyalar hara sərf olunur? Doğrudanmı, metropoliten ildə iki qatar ala bilmir? Axı ötən əsrin 60-cı illərində istismara verilən qatarların təmirinə daha çox pul sərf olunur və istismar müddəti çoxdan bitmiş qatarların xarab olub tuneldə qalmasında təəccüblü nə var ki?..

Zaur Hüseynovun rəhbərliyi dövründə metroda nizam-intizam da ciddi şəkildə pozulub. Məsələn, metroda siqaret çəkmək qadağan edilsə də metro qatarlarının birinci vaqonundan gedənlər bu qaydanın maşinistlərə aid olunmadığını yəqin edə bilərlər. Qatarların birinci vaqonun birinci qapısından qatarlara minin və kəskin siqaret iyindən “feyziyyab olun”! Tağı müəllimin zamanında belə “feyziyyab”lara rast olunmurdu, ya da nadir hallarda rast olunurdu.

Etiraf etməliyik ki, metroda siqaret çəkmək təhlükəsizlik prinsiplərinin tamam pozulmasıdır. Bu, 1994-cü ildə metroda 300-dən artıq insanın terror nəticəsində tələf olduğu zaman tam aydınlığı ilə ortaya çıxmışdı. O zaman ölənlərin böyük əksəriyyəti metroda tez alışan maddələrin buraxdığı zəhərli qazla boğulub ölmüşdü. Və belə görünür ki, Zaur Hüseynov bu təhlükəni də gözardı etməkdədir...

İyun ayında respublikada enerji böhranı yaşanarkən Bakı merosunun növbəti ayıbı meydana çıxdı. Sən demə, paytaxt ictimai nəqliyyatının aorta damarı sayılan və strateji əhəmiyyət kəsb edən bu təsisat böhran vəziyyətlərinə qətiyyən hazır deyilmiş. Çünki nə Tağı müəllim, nə də Zaur müəllim metropoliten üçün generator almağı ağıl edə bilməyiblər. Amma 100% əminliklə deyə bilərik ki, istər Tağı müəllim, istərsə də Zaur müəllim öz villalarını, biznes obyektlərini bir deyil, bir neçə generatorla təmin etməyi ağıl edə biliblər...
Qəfil qəzalardan, bədbəxt hadisələrdən heç kim sığorta olunmayıb. Yaşadığımız zamanda terror hücumlarından da heç bir dövlət sığortalana bilmir. Bunun ən bariz nümunəsi isə ən yüksək texnologiya ilə təchiz olunmuş və təhlükəsilik ən yüksək səviyyədə təmin olunan ölkələrdə baş verən terror aktlarıdır.
Hər gün olmasa da günaşırı metroda yaşanan “vahiməli” anlardan çıxış edərək deyə bilərik ki, Zaur Hüseynov cənabları Azərbaycanın müharibə şəraitində yaşadığının fərqində deyil, ya da bunu ağıl edə bilmir...

Allah eləməsin, birdən paytaxtımız daha ciddi fövqəladə hadisələrlə üzləşərsə, yaxud hücuma məruz qalarsa, o zaman cənab Zaur Hüseynovun məsuliyyətsizliyi nəticəsində nələrin baş verə biləcəyini təsəvvür edə bilirsinizmi? Sadəcə cənab Hüseynovun metrosunda adi vaxtlarda bu qədər qüsur varsa, fövqəladə vaxtlarda metrodan strateji məqsədlər üçün istifadə edilərsə, hansı faciələrlə üzləşə biləcəyimizi təsəvvür edin....

PİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ