SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrüyün Broker Əbülfəzinin həyatı

Gömrüyün Broker Əbülfəzinin həyatı

Tarix:

1-08-2018, 09:53

/ 1 522 dəfə oxundu.
Gömrüyün Broker Əbülfəzinin həyatı

Hacı Zamin.
Bugünlərdə xarici qəzetdə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun intervüsü çıxıb. Orda bir etiraf mənim çox xoşuma gəldi. Natiq müəllim məmnuniyyətlə qeyd edib ki, 2016-cı ilin yanvarına qədər ölkəmizə girən hər 10 xarici malın yalnız 3 ədədi gömrükdə qeydə alınırmış. Yalnız bu 3 maldan rüsum tutulub dövlət büdcəsinə keçirmiş.

Qalanları mafiyanın, gizli iqtisadiyyatın, oğruların cibinə axırmış. Deyir, yanvardan bəri bu məsələni həll etmişik, indi hər məhsuldan qanuni rüsum alınır, gömrükdə korrupsiya yoxdur. Hətta tacirlər narazılıq edirmiş, deyirlərmiş əvvəl ödədiyimiz rüşvət indiki rüsumdan az idi, bu nə iş idi başımıza gəldi. Ancaq Natiq müəllim sevinir, çünki əsas dövlətçiliyin qalib gəlməsidir.
Doğrusu, yanvarda gömrükdə nə olub, ümumiyyətlə, Natiq müəllim iqtisadi islahatlar üzrə köməkçi qoyulandan bəri ölkəmizdə hansı iqtisadi islahatlar baş veribdir, mən bunu deməkdə çətinlik çəkirəm. Çünki belə islahat görmürəm. Gördüyüm odur ki, iqtisadi vəziyyətimiz get-gedə lap pisləşir. Manat reanimasiyada can verir, qeyri-neft sektoru doğulmadan ölüb, kənd təsərrüfatı dağılıb getməkdədir. İnflyasiya uca millətin belinə minib çapmaqdadır, qiymətlər günbəgün deyil, saatbasaat artır.

Ancaq bunlara artıq öyrəncəliyik, 90-cı illərdə milləti çoxlu danışıb yola vermək olurdusa, indi də uzağı üstünə qışqırıb rahatlamaq mümkündür. Ta bu ilin altı ayında 110 qadın, 28 uşaq niyə intihar edib, bunu araşdırmaq lazımsızdır. Əsas odur dünyanın ikinci ən uzun bayraq dirəyi bizdədir. Məni Natiq müəllimin statistikasının tarixçəsi düşündürdü. Bəyəm 2016-cı ilin yanvarından qabaq Azərbaycanda hakimiyyət kimin əlində idi ki? Misal üçün, Natiq müəllim özü şəxsən düz 7 il - 2009-cu ilin yanvarından 2016-cı ilin yanvarına qədər Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini işləyəndə gömrükdəki bu qanun pozuntularını görmürdümü?

Əlbəttə, görə bilməzdi, insafən bunu yazmalıyıq. Ona görə yox ki, Natiq müəllim vergidə işləyib, gömrükdə başqası işləyirdi. Yox, ona qalsa bizdə tok işinə baxıb dəvə saxlayan, həm adam döyən, həm də o adamlara öz şadlıq sarayında toy eləyən məmurlar vardır. Sadəcə, 2016-cı ilin yanvarına qədər gömrük sahəsindəki o dərəbəyliyi keçmiş MTN eləyirmiş. Dünən oxudum bu barədə. Sən demə, Broker Əbülfəz adında bir nəfər varmış, Gömrük Komitəsindən 2 dəfə artıq reketdən ibarət dəstə yaradıbmış. Təsəvvür edin, Dövlət Gömrük Komitəsinin 2700 işçisi olduğu halda, Broker Əbülfəzin 5000 nəfərlik “Trans Broker” adlı bandası varmış. (Bu trans ayrı transdır, pis başa düşməyin). Broker Əbülfəzin bu dəstəsi düz 20 ilə yaxın müddətdə gömrükdə insanları soyubdur.

İndi həmin MTN ləğv olunub, neçə soyğunçu general tutulub, Broker Əbülfəzin bandası dağlara çəkilib, yanvardan bəri də bütün rüsumlar büdcəyə axır. Həmin 20 illik soyğunçuluq müddətində ölkəmizə rəhbərlik edən İsa Qəmbər, Əli Kərimli, Nemət Pənahlı, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Sərdar Cəlaloğlu, Bricit Bardo, Lex Kaçinski, Nelson Mandela, Angela Markel, Barak Obama və sairə yoldaşlara üzümü tutub demək istəyirəm: niyə utanmırsınız? Ayıb deyildimi 20 il millətin gömrük rüsumların alıb cibişdana qoymusunuz, varlanmısınız, pula pul demirsiniz? Vallah, bizim Qarabağ dərdimiz var, qəzeti ermənilər də oxuyur, ona görə ürəyimdən keçən sözlərin çoxunu bura yaza bilmirəm. Yoxsa sizə elə sözlər yazardım yeddi qatınızdan keçərdi.

Çox məxfi mənbədən aldığım xəbərə görə həmin bu Broker Əbülfəzin fəaliyyətinə rəhmətlik Əbülfəz Elçibəy də xeyir-dua veribdir. 3-4 il öncəyə qədər gömrükdən yığılan pullar AXCP sədrinin qəbrinə əklil alınmasına sərf edilirmiş. Hətta etibarlı qaynaq deyir ki, Broker Əbülfəz öz adını da Əbülfəz Elçibəyin şərəfinə dəyişdiribdir, uşaqlıq adı Əbülfət imiş.
Ümumiyyətlə, bunun hamısını eləyən yevreylərdir.

Teref.az

Şərhlər

XƏBƏR LENTİ