SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » QANUNLARDAN GÜCLÜ OLAN İCRA BAŞÇISI ƏHƏD ABIYEV

QANUNLARDAN GÜCLÜ OLAN İCRA BAŞÇISI ƏHƏD ABIYEV

Tarix:

21-04-2017, 12:26

/ 85 619 dəfə oxundu.
QANUNLARDAN GÜCLÜ OLAN İCRA BAŞÇISI ƏHƏD ABIYEV

2 SOT TORPAQ SAHƏSİNDƏN ÖTRÜ İKİ İCRA BAŞÇISI VƏ BİR KOMİTƏ SƏDRİ SƏFƏRBƏR OLUNUB

ƏHƏD ABIYEVİN Nərimanov rayonu, M. Qaşqay küçəsi-100 ünvanda yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası
Bu il ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 14 iyun tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Amma nədənsə sənədsiz evlərlə bağlı problem qalmaqda davam edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, problem həll olunmaq üzrədir, 2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək. Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq: “Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək. 2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.
Amma məsələ millət vəkilinin söylədiyi qədər asan deyil və hər şey heç də həmişə vətəndaşların özlərindən asılı deyil. Müşahidələr göstərir ki, vətəndaşların özlərinin arasında torpaq mübahisələri mövcuddur və həmin mübahisələrin çözülməsi yolunda bürokratik əngəllər vardır. Daşınmaz əmlak, o cümlədən torpaq və onunla bağlı münasibətlər sistemində əsas BÜROKRAT isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir.
Redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S. Axundov küç., ev 2 Q, mənzil 25 ünvanında qeydiyyatda olan Bayramov Vəli Abbasəli oğlunun şikayət ərizəsi daxil olmuşdur. Şikayətçi bildirir ki, ona və Nəbiyev Azər Qəzənfər oğluna məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, M. Qaşqay küçəsi-100 ünvanda yerləşən, ümumi sahəsi 1826,9 m2, torpaq sahəsi 2210,0 m2 olan əmlak kompleksinin ərazisinin təxminən 2 sot sahəsi qonşusu, M.Qaşqay küçəsi-102 ünvandakı villanın sahibi Babayeva Nəzakət Heybət qızı tərəfindən zəbt olunmuşdur. V.Bayramov və A. Nəbiyev bununla bağlı N. Babayevaya qarşı Nərimanov rayon Məhkəməsində «zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi» ilə iddia qaldırmışlar. Məhkəmə 08 sentyabr 2016-cı il tarixdə qərardad çıxarmış və onun icrası ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məktubla müraciət edərək, mütəxəssis rəyi istəmişdir. Mütəxəssis qarşısına iddiaçılara məxsus torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını və ölçülərini müəyyən etmək, habelə cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahəsi və qeyri-yaşayış sahəsinin əmlak komkpleksinə aid torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini, əgər düşürsə, hansı ölçüdə düşdüyünü dəqiqləşdirmək vəzifəsi qoyulmuşdur.
Mütəxəssis rəyində iddiaçılara məxsus qeyri-yaşayış sahəsinə aid torpaq sahəsi barədə «Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi»nin elektron bazasında məlumat tapılmadığını səbəb göstərərək, sözügedən torpaq sahəsinin koordinatlarını və ölçülərini müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Cavabdehin isə «küpçə»si olduğundan rəydə onun haqda bu sözləri qeyd etməklə işğalçılığına «bəraət» verilmişdir: «…mülkiyyətində olan torpaq sahəsi qanunamüvafiqdir və üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia etdiyi ərazi üzərində heç bir hüquqa malik deyildir. Göstərilən torpaq sahəsinin hazırda dövlət mülkiyyətində saxlanılan torpaq sahəsinə aid olması səbəbindən həmin torpaq sahəsinə dair iddiaçıların iddiası əsassız hesab edilir».
Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi A. Nəbizadə cavabdehin açıq-aşkar şəraitdə zəbt etdiyi torpaq sahəsini görməmiş, görmək istəməmişdir. Görsəydi, ona qarşı dövlət adından iddia qaldırılmasına nail olardı.
Şikayətçi Vəli Bayramov redaksiyaya ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona göndərilmiş 30.04.2015-ci il tarixli cavab məktubunu da təqdim etmişdir. İdarə Bayramovun əmlak kompleksinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsinə dair ərizəsinə baxaraq ona «dolandırıcı» cavab yazmışdır: «Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş şəhadətnamələrə əsasən əmlak kompleksinin ümumi sahəsi 1826, 9 m2, torpaq sahəsi 2210,0 m2 kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əmlak kompleksinin «D» və «F» tikililərinin bir hissəsi, «E» tikilisi isə tamamilə sökülmüşdür. Faktiki əmlak kompleksinin ümumi sahəsi 1719,5 m2 təşkil edir. Torpaq sahəsi hər iki tərəfindən zəbt olunmuş torpaq sahəsinin ümumi sahəsi 1980,0 m2 təşkil edir. Əmlak kompleksinin faktiki ümumi sahəsi və torpaq sahəsi ilə hüquqmüəyyənedici sənəddə göstərilən sahə arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır». İdarə rəisinin müavini Şahvələdov imza atdığı bu məktubda həm Bayramova məxsus torpaq sahəsinin 22 sot olduğunu təsdiqləmiş, həm də onu hər iki tərəfdən zəbt olunduğunu qeyd etmişdir. Lakin bununla belə Bayramova «çıxarış» verməmək üçün hansısa uydurma «uyğunsuzluqlar» tapmışdır.
Araşdırmalarımız zamanı məlum olmuşdur ki,Babayevanın adına olan villa əslində Daşkəsən RİH-nin başçısı cənab Əhəd Abıyevə məxsusdur. Zəbt olunan təxminən 2 sotluq ərazini isə Abiyev avtomobilinin rahat giriş çıxışı üçün hasara alıb. Bunu görməmək üçün adam ya gərək kor olsun, ya da «mütəxəssis».
Hələ bu azmış kimi Əhəd Abıyev, Vəli Bayramovun bələdiyyədən 15 illik icarə müqaviləsi əsasında götürdüyü 6 sot torpaq sahəsinin 3 sotunu da məngirləyib zəbt etmişdir.
Bayramov deyir ki, Abiyev bir neçə dəfə özü gəlib xahiş edib ki,onun torpağının qanunsuz olaraq zəbt etməyi barədə yuxarılara şikayət etməyim, bu mümkün olmadıqda onlarla nüfuzlu adamları minnətçi saldı, bu addımı da baş tutmayanda keçdi zor tətbiq etməyə. Bayramovun sözlərinə görə, Abıyevin özünün həmin zəbt olunmuş torpaq sahəsinin arxasında durmağa nüfuzu çatmayıb və bundan ötrü Gəncənin icra başçısı cənab Elmar Vəliyevə minnətçi düşüb ki, ƏMDK sədri cənab Kərəm Həsənova ondan ötrü ağız açsın. Görünür, Vəliyev Abıyevin, Həsənov da Vəliyevin sözünü yerə salmayıb. Prezident İlham Əliyevin sərəncamı və ona inanan vətəndaşlar Bayramov və Nəbiyevin haqlı iddiaları isə «havada» qalıb.
P.S. Qalmaqallı torpaq davasında adı hallanan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin münasibətini öyrənmək üçün onun mobil telefonuna və iş nömrəsinə dəfələrlə zəng etsək də zəngimizə cavab verən olmadı.
Odur ki,yazıda adların keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Deryaz.az
QANUNLARDAN GÜCLÜ OLAN İCRA BAŞÇISI ƏHƏD ABIYEV
QANUNLARDAN GÜCLÜ OLAN İCRA BAŞÇISI ƏHƏD ABIYEV
QANUNLARDAN GÜCLÜ OLAN İCRA BAŞÇISI ƏHƏD ABIYEV

Şərhlər

XƏBƏR LENTİ