SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Avropada biznes olan başçı Quba üçün “tükünü tərpətmir”- Detallar

Avropada biznes olan başçı Quba üçün “tükünü tərpətmir”- Detallar

Tarix:

17-07-2019, 22:22

/ 1 403 dəfə oxundu.
Avropada biznes olan başçı Quba üçün “tükünü tərpətmir”- Detallar

Qubanın icra başçısı Ziyəddin Əliyev bu günə kimi yalnız Avropadakı biznesini ilə gündəmə gəlib.

Onun fəaliyyəti, qubalılar üçün gördüyü işlər, qəbulları, şəhərin problemlərinin həlli istiqamətində hər hansı məlumata rast gəlinmir. Bu da təsadüfi deyil

Cahan.info sosial şəbəkələrdə qubalıların yazdıqlarından belə qənaətə gəlib ki, Z.Əliyev heç bir iş görmür. Ümumiyyətlə, Qubanın icra başçısı sarıdan bəxti gətirmir.

Rauf Həbibov üsyanla devrildi, Mübariz Ağayev və Yaşar Məmmədov özlərinə işlədilər, Ziyəddin Əliyev isə Avropadakı biznesi ilə məşğuldur.

Ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb “dövlətçiliyə xidmət və sədaqət” minnətini boynumuza qoymağa çalışan hazırkı icra başçısının səsi Qubadan çox, Avropadan gəlir.

Adam “Əməkdar mühəndis” adı alıb. Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib.

Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Z.Əliyev o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunub.

Amma bu iki il ərzində onun qubalılar üçün hansısa müsbət işini göstərmək mümkün deyil. Şəhərdə “köhnə hamam, köhnə tas”dır.

Çünki cənab başçının başı Çexiyaya qarışıb. Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub.

Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir. Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb.

İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.

Təbii ki, Saleh Məmmədovun hesabına oliqarxa çevrilmiş yol idarəsi rəisi aldığı maaşla pullanmayıb. Dövlətin büdcəsini talamaqla milyonçuya çevrilmiş Qubanın icra başçısı özünə övladlarına Çexiyada gün ağlayıb.

Çünki bu günün sabahı da var: vəzifəsini itirə bilər, ancaq mal-mülk, biznes ölənə qədər çörəkdir.

Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

Cahan.info xatırladır ki, 2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir.

Görünür Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi. 2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır.

Qeyd edək ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb. Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb.

Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb.

Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Yeri gəlmişkən, icra başçısı Ziyəddin Əliyev gündəmə sonuncu dəfə Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli ilə arasındakı qarşıdurma ilə gəlmişdi.

H.Günəşli prezidentə şikayətində icra başçısının idarəetməsi, iş adamlarına problem yaratması haqda yazmışdı.

Bu məktubdan xəbər tutan Z. Əliyevin iştirakı ilə Ağsaqqallar Şurasının iclası keçirilib. İclas zamanı H.Günəşlinin bu addımı tənqid olunub, ərizəsini geri götürmək və şura sədrliyindən istefası tələb olunub.

AŞ sədri icra başçısının tapşırığı ilə Ağsaqqallar Şurasının sədrliyindən kənarlaşdırıla biləcəyini də qeyd etmişdi.

Şərhlər

XƏBƏR LENTİ