SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Rabitə işi”ndə sensasion sənəd ortaya çıxdı

“Rabitə işi”ndə sensasion sənəd ortaya çıxdı

Tarix:

31-03-2017, 13:01

/ 15 843 dəfə oxundu.
“Rabitə işi”ndə sensasion sənəd ortaya çıxdı

2015-ci ildə Vidadi Zeynalov Əli Abbasova 2 dəfə məktub yazıb və tələb edib ki...

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəhbərliyində təmsil olunan şəxslərin işi üzrə məhkəmə prosesi keçirilir. Prosesi diqqətlə izləyənlər hər dəfə göstərişlərin kimin tərəfindən verildiyi haqda suallar meydana çıxanda sabiq nazir Əli Abbasovun adının meydana çıxmasının fərqindədirlər. Bu suallarsız belə gün kimi aydındır ki, məhkəmə qarşısına çıxarılanlar sadəcə yuxarıdan verilən əmrləri icra ediblər. Etməsəydilər, tutduqları vəzifə ilə qısa müddət sonra vidalaşmalı olardılar. Təsəvvür edin ki, nazir Əli Abbasov RYTN-ə tabe olan "AzİnTelekom” MMC-nin baş direktoru, bu gün məhkəmə qarşısına çıxarılan Cəlil Cəfərova, və ya müttəhimlər kürsüsünü onunla bölüşənlər - "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə, "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynova və digərilərinə əmr verir və bu şəxslərdən hər hansı biri əmri icra etmirlər.
Azərbaycan reallığında sadəcə bu praktika yoxdur. Deməli "Rabitə işi”ndəki çoxsaylı cinayət epizodları da sabiq nazir Əli Abbasovun adı əsas fiqurant kimi qeyd olunmaqla yazılmalı idi. Amma belə olmayıb. Bu gün Əli Abbasov evində oturub və onun əmrlərini icra edənlərin məhkəmə qarşısında vurnuxmalarına tamaşa edir. Vicdanı sızlayır-sızlamır bilinmir, fakt odur ki, onun verdiyi əmrlər komandasının üzvlərini istintaq-məhkəmə orqanları ilə üz-üzə qoyub. Adamları həbs ediblər. Yayiminfo.com-a cinayət işinin materialları arasında olan çox maraqlı bir sənəd haqda məlumat daxil olub. Redaksiyamıza daxil olan məlumatda bildirlir ki, bu gün məhkəmə qarşısına çıxarılan RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov həbsindən aylar öncə dəfələrlə Əli Abbasova rəsmi qaydada məktublar yazıb. Həmin məktublarda V.Zeynalov Ə.Abbasovdan onu tutduğu vəzifədən azad etməsini xahiş edib. Cinayət işinin materialları arasında 2 belə məktub var. Qeyri-rəsmi məlumata görə V.Zeynalov həbsindən 3 ay öncə də Ə.Abbasova şifahi qaydada müraciət edib və eyni xahişi səsləndirib. Ə.Abbasov isə Aparat rəhbərindən onu əvəzləyəcək kadrın tapması üçün 3 ay vaxt istəyib. Həmin vaxt 2015-ci ilin sonuna yaxın tamam olurmuş. Həmin ilin oktyabrında RYTN-də baş tutan yoxlamalar V.Zeynalovun həbsi ilə nəticələnib. Onu vəzifədə saxlayan Ə.Abbasov isə istintaqdan kənar qalıb. Məhkəmə boyu iş üzrə dəfələrlə Ə.Abbasovun adı əsas təqsirli şəxs kimi çəkilir. Məsələn məhkəmə proseslərindən birində "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ifadəsində göstərib ki, nazirin göstəriş məktubu əsasında kredit götürub, nazirin göstərişi əsasında pulların digər təşkilatlara köçürüb: "Oktay(mühasib) mənim yanıma gəlib deyirdi ki, nazirliyin göstərişi ilə pullar digər təşkilatlara köçürülməlidi. Mən sadəcə orada icraçı idim. Burada istəyirlər ki, mən Vidadi Zeynalovun adını çəkim. Çəkməyəcəm! Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin qurduğu struktur belədir. Bu gün o, kresloda əyşləşib, sabah da başqası əyləşə bilər. Mənim ona böyük hörmətim var”.
"Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov isə ifadəsində özü də daxil olmaqla "Rabitə işi”ndə həbsə alınanları "qurbanlıq qoyun” adlandırmışdı: "Xəstəxanada idim. Məni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırdılar. Orada ilk sual belə oldu ki, Vidadi Zeynalova 30 milyon pul verimisən? Onda başa düşdüm ki, bu nə işdir”.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ