SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Eldar Mahmudov generallarını xilas edə bilmədi - 4 aylıq məhkəmənin sonu

Eldar Mahmudov generallarını xilas edə bilmədi - 4 aylıq məhkəmənin sonu

Tarix:

12-02-2019, 09:33

/ 1 276 dəfə oxundu.
Eldar Mahmudov generallarını xilas edə bilmədi - 4 aylıq məhkəmənin sonu

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə fevralın 11-də başa çatıb.

Qeyd edək ki, hər iki general barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər. Maraqlıdır ki, Əməliyyat-Texniki İdarənin sabiq rəisi, general-mayor Natəvan Mirvətova və polkovnik Füzuli Əliyev apelyasiya şikayətini geri götürmüşdülər.

“Yeni Müsavat” xatırladır ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən proses hələ ötən ilin oktyabr ayının 19-da başlayıb. Təxminən 4 ay davam edən prosesin sonu maraqla gözlənilirdi. Çünki belə iddialar vardı ki, Eldar Mahmudov ona görə “özlərini yandıran” və məhkəmədə onun əleyhinə ifadə verməyən generalların cəzasının azaldılmasına nail ola bilər. Bu iddialar səbəbsiz də deyildi.

Çünki Teymur Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biri idi. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunurdu. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etməyib. Məlumata görə, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib.

Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, iddialar var ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. Teymur Quliyev DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biri idi.

Sübahir Qurbanov da Eldar Mahmudovun ən sadiq adamlarından biri kimi tanınıb. O, 1980-ci ilin dekabrından Daxili İşlər Nazirliyində zabit rütbəsində bir sıra vəzifələrdə işləyib, 2004-cü ilin avqust ayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilib. Keçmiş MTN-də şöbə rəisi vəzifəsindən, sonuncu iş yeri olan - Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Sübahir Qurbanovun da əsas işi mənsub olduğu qruplaşmanın digər üzvləri kimi müxtəlif şərləmə və şantaj üsullarından istifadə edərək sahibkarları qəsb etməkdən ibarət olub.

S.Qurbanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, eləcə də rüşvət alma, və digər maddələrlə ittiham olunurdu.

Qeyd edək ki, ilkin məhkəmə hökmünə əsasən, hər iki generalın hərbi rütbələrinin alınması barədə prezidentə təqdimat göndərilməsi haqda qərar qəbul edilib.

Həmçinin generallar və digərlərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub, bəzilərinin üzərindən həbs götürülüb.

Fevralin 11-də başa çatan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ