yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Eldar Mahmudova qarşı daha bir İDDİA - məhkəmə başlayıb

Eldar Mahmudova qarşı daha bir İDDİA - məhkəmə başlayıb
30-05-2018, 17:13 708 dəfə baxılıb

Bu gün Nəsimi Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq MTN-in sədri, general-polkovnik Eldar Mahmudov, MTN-nin Hərbi Tibb İdarəsinin rəisi, ixtisasca stomotoloq olan general-mayor Məzahir Yaqubov və MTN-nin Baş İstintaq İdarəsinin müstəntiqi olmuş Elşən Murtuzova qarşı mülki qaydada verdiyi iddiası üzrə məhkəmə iclası başlayıb.

Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Mustafayevin iddia ərizəsi üzrə dinləmə olub.

Hakim qeyd edib ki, M.Mustafayevin imzası ilə Nəsimi Rayon Məhkəməsinə üç iddia ərizəsi daxil olub.

İddiaçı sabiq nazir Eldar Mahmudov, general mayor Məzahir Yaqubov və MTN-nin baş istinaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzovdan şikayətçi olub. Hər üç şikayət ayrı-ayrılıqda məhkəməyə daxil olduğu üçün ayrıca icraatlara verilib.

E.Mahmudov və M.Yaqubova qarşı iddia ərizələri hakim Emin Mehdiyevin, E.Murtuzovla bağlı iddia ərizəsi isə hakim Rəşid Səmədovun icraatına verilib.

Hakim bildirib ki, hər üç şikayətin mahiyyəti eynidir və bu səbəbdən həmin işlərə ayrı-ayrı icraatlarda baxıla bilməz: “Bu səbəbdən hazırlıq iclası mərhələsində hər üç iddia ərizəsi birləşdirilib və bir icraatda baxılması qərara alınıb. Hakim Rəşid Səmədovun icraatında olan şikayət də bu işə birləşdiriləcək”.

Daha sonra E.Mahmudovun vəkili Cavid Rzazadə söyləyib ki, M.Mustafayevin müvəkkilinə qarşı iddia ərizəsi bundan əvvəl Yasamal Rayon Məhkəməsində icraata götürülüb. O qeyd edib ki, M.Mustafayev bundan əvvəl Səbail Rayon Məhkəməsində MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevə qarşı iddia ərizəsi qaldırıb, məhkəmənin 10 may 2018-ci il tarixli qətnaməsi var.

Mətləb Mustafayev isə bildirib ki, işinə qanunsuz baxan hər kəsin barəsində iddia ərizəsi ilə bağlı məhkəmələrə müraciət edəcək.

M.Yaqubovun vəkili Telman Abdiyev də iddia ərizəsinin icraata götürülməsini istəməyib. O vurğulayıb ki, iddiaçı M.Mustafayev bundan əvvəl M.Yaqubovla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib: “Sözügedən məhkəmə həmin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edib".

Hakim bildirib ki, Səbail Rayon Məhkəməsi iddiaçıya maddi və mənəvi zərərin 5 min manatla ölçülməsi barədə qərar çıxarması düzgün deyil: “Başqa məhkəmənin mövcud qətnaməsi olduğu üçün başqa qətnamə qəbul edilə bilməz. Pozulmuş hüquqlarla bağlı məhkəmələr tərəfindən Maliyyə Nazirliyi cərimə olunur, bununla bağlı da bir qətnamə çıxarılır. İkinci dəfə qətnamə çıxarıla bilməz. Bu işlə bağlı başqa məhkəmənin qətnaməsi olduğu üçün icraatda birləşdirilən iş baxılmamış saxlanılacaq. Çünki qanunvericilik belə tələb edir”.

Hakim deyib ki, iddia ərizəsi üzrə araşdırma aparılandan sonra qətnamə elan ediləcək.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, M.Mustayayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və sabiq nazirdən 137 min manat maddi və mənəvi zərərin ödənilməsini istəyir.

M.Mustafayev həmçinin M.Yaqubov və işin ibtidai istintaqını aparan müstəntiq E.Murtuzovdan da maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

İddiaçı Maliyyə Nazirliyini də cavabdeh qismində göstərib.

Budan başqa, M.Mustafayev MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırıb, onun 63 min manatlıq iddiası qismən təmin edilib, 5 min manat cərimə kəsilib.

M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. Buna səbəb həm E.Mahmudovun, həm də M.Şıxəliyevin M.Mustafayev həbs edilən zaman dövlət orqanlarında rəhbər şəxs olduqları qeyd edilib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ