yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Müəllim ona 2-3 milyona yaxın pul verib" - Arif Alışanovun bacısı oğlu məhkəmədə

18-05-2018, 13:33 703 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Q.Cəbiyevin vəkilinin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim Q.Cəbiyevdən vəkilinin harada olduğunu soruşub, təqsirləndirilən şəxs də məlumatının olmadığını söyləyib.

Məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra iclas davam etdirilib.

Təqsirləndirilən A.Hüseynov ifadə verib. O, digər üç şəxsin telefon danışıqlarının çıxarılmasını istəyib: "Onlar mənim ifadəmin dəyişdirilməsini tələb edirlər. Mənə qarşı təziq edib, hədələyirlər. Onlar qohumlarımın üstünə adam göndəriblər ki, ifadəmi dəyişim".

Hakim deyib ki, A.Hüseynovun ifadəsi protokola qeyd ediləcək.

Məhkəmədə zərərçəkmiş Dəyanət Cəfərov dindirilib. Arif Alışanovun bacısı oğlu olan zərərçəkmiş söyləyib ki, Şamaxıda torpaq almaq üçün təqsirləndirilən Ş.Əkbərova müraciət edib: "Bizə torpaqları Şücayət göstərirdi. Qiymətləri də onun özü danışırdı".

D.Cəfərov hadisə barədə də danışıb: "Arif müəllim Şücayətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab avtomobili ilə vurdu. Ona saxla dedim. Bu zaman Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüf qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib".

D.Cəfərov ifadə verən zaman təqsirləndirilən Ş.Əkbərov ona müdaxilə edib. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb.

Hakim Ş.Əkbərova xəbərdarlıq edib.

D.Cəfərov ifadəsinin davamında bildirib ki, Şamaxının Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata isə torpaq almışıq. Sonuncu dəfə Şücayətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. O isə bütün torpaqları öz adına keçirdi".

Vəkil Bəxtiyar Hacıyev zərərçəkmişə sual verərək, soruşub ki, "həmin pulların necə qazanılması ilə bağlı və vergi ödəyicisi kimi sənədləri istintaq orqanlarına təqdim etmisiz?"

D.Cəfərov isə deyib ki, heç bir lüzum olmadığı üçün sənədləri istintaq orqanına təqdim etməyib.

B.Hacıyev söyləyib ki, heç bir texnika D.Cərərovun adına deyil.

D.Cəfərov isə adına texnika olduğunu deyib: "Bir neçə dəfə Arif Alışanov Şücayətə pul verən zaman şəxsən özüm orada olmuşam. Arif müəllim ümumilikdə ona 2-3 milyona yaxın pul verib. Yəni mənim yanımda".

Ş.Əkbərov zərərçəkmişin yalan danışdığını bildirib.

Digər zərərçəkmiş Hacı Babayev də dindirilib. O, A.Alışanovun sürücüsü işlədiyini, hadisə zamanı orada olduğunu deyib.

Məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ