XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Ərdoğanın məğlubiyyəti: Bu sonun başlanğıcıdırmı?

Ərdoğanın məğlubiyyəti: Bu sonun başlanğıcıdırmı?

Ərdoğanın məğlubiyyəti: Bu sonun başlanğıcıdırmı?
25-06-2019, 09:43

AKP təkrar keçirilən İstanbul Böyükşəhər Bələdiyyə seçkisində 2002-ci ildə iqtidara gəlişindən bəri ən ağır məğlubiyyətiylə qarşılaşdı.
Seçicilər 31 martda 13 729 səs fərqiylə qalib gəlmiş Millət İttifaqının CHP-çi namizədi Ekrem İmamoğlunun mandatının Yüksək Seçki Kurulu (YSK) tərəfindən ləğv edilməsinə və təkrar seçki qərarı verilməsinə etirazlarını Cümhur İttifaqının AKP-çi namizədi Binali Yıldırımla İmamoğlu arasındakı səs fərqini etiraz və mübahisəyə yer qoymayacaq səviyyəyə - 9%-ə çıxarmaqla nümayiş etdirdilər.

Səslərindəki artış İmamoğluna yalnız müxalifətdən deyil, Cumhur İttifaqının ortaqları AKP və MHP-dən (Milliyyətçi Hərəkat Partiyası) də xeyli miqdarda səs gəldiyini üzə çıxardı.

Erdoğana ağır zərbə: Ekrem İmamoğlu İstanbulu fəth edir

İllərdir "İstanbulu qazanan Türkiyəni qazanar, İstanbulu itirən Türkiyəni itirər" deyən prezident Recep Tayyip Erdoğan və iqtidar partiyası AKP üçün İstanbul seçkisi bir dönüş nöqtəsi ola bilər.

11-ci prezident Abdulla Gül, keçmiş Baş nazir müavini, iqtisadiyyat naziri Ali Babacan və keçmiş baş nazir Ahmet Davutoğlu-nun rəhbərliyilə yeni partiya yaratmaq cəhdləri də sürətlənə bilər.

Ekrem İmamoğlunun 800 mindən çox səs fərqiylə (qeyri-rəsmi nəticələrə görə) qalib gəldiyi İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisində ortaya çıxan nəticələr və bundan sonrakı mərhələylə bağlı siyasi kulislərdə dəyərləndirmələr belədir:

Seçkidə iştirak faizi az da olsa, artıb

Həm AKP-MHP, həm də CHP-İyi Partiya ittifaqı 23 iyun seçkisində seçicilərin iştirakını artırmaq məqsədilə həmşəri dərnəkləri (Türkiyənin müxtəlif vilayətlərindən olub İstanbulda yaşayan insanların öz həmşəriləriylə birlikdə qurduqları dərnəklər. Məsələn, İstanbul Trabzonlular Dərnəyi, İstanbul Gümüşhanelilər Dərnəyi və s. kimi) vasitəsilə ciddi kampaniya apardılar. Hətta Ramazan ayında Binali Yıldırım Diyarbakır, Ekrem İmamoğlu Qara dəniz turnesinə çıxdı. Ancaq seçkidə iştirak faizi gözlənildiyi qədər yüksək olmadı və əvvəlki seçkiylə müqayisədə yalnız 0,54% artdı.

31 Martda İstanbulda 83,88% olan iştirakçılıq səviyyəsi 23 iyunda ilkin məlumatlara görə 84,42%-ə yüksəldi. AKP-nin etirazından sonra məhdud imkanlara malik (əqli xəstəliyi, məhkumluğu, narkotik maddə, alkoqol asılılığı olan və təkbaşına səs verməsi qadağan olan seçici) şəxslər YSK tərəfindən yenidən müəyyənləşdirildiyi üçün onların sayındakı artım da buna təsir etdi.

31 Martda 23 min 165 məhdud imkanlara malik seçici səsvermədə iştirak edə bilmədiyi halda, bu rəqəm 23 iyunda 44 min 852 artaraq 68 min 165-ə çatdı.

İmamoğlu bütün qəsəbələrdə səsini artırdı

23 iyun seçkilərində Ekrem İmamoğlu İstanbulun 39 qəsəbəsinin hamısında səslərini ən az 3, ən çox 10 faiz artırdı. İmamoğlunun səslərini ən az artırdığı qəsəbələr Sultanqazi və Sultanbəylidə artım 3 faiz civarında, CHP-nin idarə etdiyi Adalarda isə 10 faizdən çox oldu.

O, İstanbulun ən mühafizəkar qəsəbələrindən Fatih də daxil olmaqla, 31 martda AKP-nin qalib gəldiyi 12 qəsəbədə seçkini birinci yerdə tamamladı. İmamoğlu mühafizəkar seçicinin sıx yaşadığı və 31 martda Yıldırımın çox səs aldığı Bahçelievler, Bayrampaşa, Beykoz, Beyoğlu, Çekmeköy, Eyyubsultan, Fatih, Sancaktepe, Şile, Tuzla, Üsküdar və Zeytunburnunda yarışı öndə bitirdi.
İmamoğlu AKP seçicisindən də səs aldı

Binali Yıldırımın səsləri isə 31 martla müqayisədə 48,63%-dən 45,09%-ə düşdü. Bu vəziyyət Yıldırımın səslərinin bir hissəsinin İmamoğluna getdiyini ortaya qoydu.

31 martda MHP seçicilərinin bir hissəsinin İmamoğluna səs verdiyi bilinir. 23 iyundakı seçkinin nəticələri isə daha əvvəl Yıldırıma səs verən AKP və MHP seçicisinin ən az 3,5%-inin İmamoğluna səs verdiyini ortaya qoyur.

Keçən seçkidə 1,5% səs alan Səadət Partiyası seçicisinin 1 faizlik səsinin də İmamoğluya getdiyi görünür.

31 martda 30 min civarında səs alan və 23 iyunda namizədini geri çəkən DSP-nin (Demokratik Sol Partiya) səslərinin də İmamoğluna getdiyi bəllidir.

Müxalifət seçkidə qalib gəlməyin mümkün olduğunu gördü

Seçkinin mühüm nəticələrindən biri də səsverməylə dəyişiklik ola bildiyinə inamın yaranması oldu. 17 ildir iqtidarda olan AKP-nin hər seçki qələbəsindən sonra müxalifət "Səslər oğurlandı, möhürsüz səslər etibarsız sayıldı, saxtakarlıq oldu" iddialarıyla çıxış edirdi. İstanbulda seçkilərin nəticələrinin ləğv edilməsi isə müxalifətdə "Artıq seçkiylə hakimiyyət dəyişikliyi dövrü bitdi" fikrini yaratmışdı. Seçkinin nəticələri ləğv ediləndən dərhal sonra xüsusilə CHP-də "AKP itirəcəyi bir seçkini təkrarlatmaz, qalib gəlmək üçün hər şeyi edərlər" bədbinliyi vardı.

23 iyun seçkisi göstərdi ki, hakimiyyət nə qədər güclü olursa-olsun, Türkiyə seçicisi seçkinin ləğviylə qane olmur, buna razılıq vermir. Seçici İmamoğlunu "zərərçəkmiş" olaraq görüb mübahisəsiz bir nəticəylə bələdiyyə sədrliyinə gətirdi.

Erdoğan "riskə getdi və itirdi"

Prezident Erdoğan AKP-nin iqtidara gəldiyi 2002-ci il seçkilərindən bəri siyasətdə "riskə gedərək qazanan" siyasətçi kimi tanınır.

Keçmişdə kürd probleminin həllinə istiqamətlənmiş "həll dövrü", daha sonra prezident üsul-idarəsinə keçməklə bağlı konstitusiya dəyişikliyi və ən son 24 iyun 2018-ci ildəki parlament və prezident seçkilərinə risklə gedən Erdoğan bu seçkilərdə şəxsən özü yarışdığı üçün hər dəfə qalib gəldi. Ancaq 31 mart bələdiyyə seçkilərində İstanbul nəticələrini əvvəlcə qəbul etmiş kimi görünən Erdoğan bir çox şərhçinin fikrincə, xüsusilə kürəkəni Berat Albayrağın rəhbərlik etdiyi komandanın da israrıyla İstanbul seçkilərinin təkrarlanması üçün YSK-ya müraciət edilməsi qərarına gəldi.

Ancaq Erdoğan istər kampaniya müddətindəki çaşqınlığa görə, istərsə də seçicilər nəticələrin ləğvini qəbul etmədikləri üçün istədiyi nəticəni ala bilmədi.

AKP nəticələrin ləğvin arqumentləşdirə bilmədi

İmamoğlunun seçkidə mübahisəsiz qələbə qazanmasındakı ən mühüm faktor olaraq seçicinin zərərçəkənin yanında olması göstərilir. Qeyd edilir ki, iqtidara həm də "zərərçəkmələrlə" gələn AKP-nin 31 mart bələdiyyə seçkiləri nəticələrinin ləğvinə nail olması İmamoğlunun zərərçəkmiş vəziyyətinə salınması qənaətini yaratdı.

Seçkinin nəticəsindən görünən budur ki, seçici AKP-nin "səslər oğurlandı" arqumentinə inanmayıb. Çünki seçkinin ləğvinə əsas səbəb kimi dövlət qulluqçusu olmayan şəxslərin məntəqə sədrləri və üzvləri olmaları göstərilmişdi. Demək ki, seçici bu komissiyalardakı təyinatlara görə CHP namizədini məsul saymayıb və "səslər oğurlandı" sözündən də təsirlənməyib.

Öcalanın məktubu əks təsir verdi

Seçki strategiyasındakı qarışıqlıq AKP-nin seçkidə məğlub olmasının ən mühüm səbəblərindən biri olaraq göstərilir.

Qeyd olunur ki, 31 mart seçki kampaniyasını "ölkənin varlıq məsələsi" üzərində quran; İmamoğlunu və ona dəstək verənləri PKK ilə əməkdaşlıqda ittiham edən Erdoğan və onun ittifaq ortağı MHP lideri Dövlet Bahçeli Öcalanın 20 iyunda Anadolu Agentliyi vasitəsilə yayımlanan HDP (Xalqların Demokratik Partiyası) seçicisinə bitərəflik çağırışına dəstək verməklə AKP və MHP elektoratında narazılıq yaradıblar.

AKP və MHP elektorantından İmamoğluna ən azı 3,5% səs getməsinin ən mühüm səbəblərindən biri olaraq məhz bu göstərilir - PKK lideri Abdulla Öcalanın məktubu vasitəsilə Erdoğan və Bahçelinin kürd seçicisinə təsir göstərmək cəhdləri.

Demirtaş HDP seçicisini inandırdı

23 iyun seçkisindən əvvəl ən çox maraq doğuran məsələlərdən biri də Öcalanın iqtidar partiyaları tərəfindən dəstəklənən bitərəflik çağırışının kürd seçicisinin mövqeyinə təsir edib-etməyəcəyi idi. Ancaq seçkinin nəticələrindən məlum oldu ki, kürd seçicilərin kompakt yaşadığı yerlərdən İmamoğluna verilən səslərin sayı artıb.

Bu nəticə HDP-nin seçkilərdə mövqe dəyidirməyəcəyini qəti olaraq ortaya qoymasıyla yanaşı, gənc kürdlərin Öcalanı mühüm fiqur saysalar belə, həmsədr Selaheddin Demirtaşı tanıması və onun siyasət anlayışını daha yaxından bilməsiylə izah edilir.

Demirtaşın xüsusilə gənc seçicilər arasında nüfuzunun böyük olduğu deyilir. Bundan başqa, ehtimal olunur ki, kürd seçici Erdoğan və Bahçelinin Öcalandan istifadə edərək səs toplama niyyətinə etirazını nümayiş etdirdi.

Erdoğan dəyişikliyə start verə bilər

31 mart bələdiyyə seçkilərində AKP-nin partiya olaraq birinci yerə çıxmasına baxmayaraq İstanbul da daxil, bir çox böyükşəhər bələdiyyə sədrliyinin itirilməsinə görə prezident Erdoğanın həm kabinetdə, həm də partiya rəhbərliyində dəyişiklik edəcəyi gözlənirdi.

Erdoğan da 31 mart gecəsi seçicinin mesajını aldıqlarını bildirib dəyişiklik anonsu vermiş, ancaq İstanbul seçkilərinin təkrarlanması qərarına görə bunu seçkilərdən sonraya saxlamışdı.

Siyasətçi olmadıqlarına görə AKP-nin parlamentdəki fraksiyası tərəfindən də tənqid edilən Nazirlər Kabinetindən başlamaqla, Erdoğanın partiya rəhbərliyində də mühüm dəyişikliklər edəcəyi gözlənilir. Bunun üçün sədr seçkisi olmayan fövqəladə qurultay keçirilməsi də ehtimallardan biri olaraq göstərilir.

Yeni siyasi təşkilatlanmalar sürətlənə bilər

Ehtimallardan bir də budur ki, 23 iyun seçkilərində AKP-nin ağır məğlubiyyətə düçar olması partiyada daxili mübahisə və özünütənqid prosesi başladacaq. Partiya daxilində müxalif hərəkatın doğulması şansı böyük hesab edilməsə də, Erdoğanın "keçmiş yol yoldaşlarının" başlatdığı yeni partiya yaratma cəhdlərinin sürətlənəcəyi barədə qəti qənaət var.

Qeyd edilir ki, bir müddətdir Anadolunu gəzən Ahmet Davutoğlu və Abdulla Gülün dəstək verdiyi Ali Babacan növbəti parlament seçkilərində iştirak edə biləcək yeni partiya yaratmaq təşəbbüslərini intensivləşdirəcəklər.

Növbədənkənar seçki ola bilərmi?

Cümhur İttifaqının İstanbul seçkisində böyük fərqlə məğlub olması növbədənkənar parlament seçkiləri mövzusunu aktuallaşdıracaqmı - hazırda maraq doğuran məsələlərdən biri də budur.

MHP sədri Dövlet Bahçeli seçkidən sonrakı ilk açıqlamasında növbədənkənar seçki mövzusunu açmağın ölkə üçün ən böyük pislik olduğunu deyərək "Görəsən, Bahçeli növbədənkənar seçki çağırışı edərmi" sualına əvvəlcədən cavab vermis oldu.

AKP-də də Türkiyənin seçki yorğunu olduğu və artıq seçki gündəliyindən uzaqlaşmaq lazım gəldiyi fikri üstünlük təşkil edir.

Seçkidən uğurla çıxan CHP-də və onun ittifaq ortağı İyi Partiyada da hazırda növbədənkənar seçki tələbi yoxdur.

CHP başda 3 böyük şəhər olmaqla, partiyasından olan bələdiyyə sədrlərinin uğurunu bir növ parlament seçkilərinin məşqi kimi görür. Üstəlik, CHP-li bələdiyyələrin fəaliyyətlərini nümayiş etdirə bilmələri üçün zamana ehtiyac var və partiya dərhal növbədənkənar seçki tələbini həm də buna görə səsləndirmir. Kulislərdə qeyd edilir ki, 2023-cü ildəki parlament və prezident seçkilərinin taleyini qarşıdakı mərhələnin siyasi konyunkturası müəyyənləşdirəcək.

BBC Azərbaycan

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.