XalqXəbər.Az

XalqXeber.Az » İdman » “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı

“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı

“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
Bu gün, 16:56

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlseni məğlub etməsindən danışıb.

Şahmatçımız “Qafqazinfo”ya açıqlamasında norveçli qrossmeysteri məğlub etməsindən və onunla oyunda çəkilən fotodan danışıb. 

Belə ki, həmin fotoda tabloya baxan A.Süleymanlının təəccübü diqqət çəkir. Şahmatçımız isə həmin anları belə şərh edib: “Həmin şəkildən bir neçə saniyə öncə matçın tablosuna baxdım və hesabın 2.5-2.5- yəni bərabərə olduğunu gördüm və düzünü desəm, buna heç inanmadım. Həmin an anladım ki, mən qələbə qazansam, komandamız da qələbə qazanacaq. Bundan sonra əlimdən gələn qədər hisslərimi cilovlamağa çalışıb oyuna konsentrasiya oldum. Nəticədə yaxşı vəziyyətimi qələbəyə çevirə bildim”.


A.Süleymanlı həmçinin illər öncə “İctimai TV”də Maqnus Karlsenlə oynamaq istədiyini dediyi görüntülər barədə də fikirlərini bildirib. O, “Maqnusu məğlub edib arzunuza çatdınız?” sualına belə cavab verib: “Ona qalib gəlmək arzularımdan biri idi və çox sevinirəm ki, reallaşdı, amma bu təbii ki mənim ən böyük arzum deyildi, ümid edirəm ən böyük arzum da tezliklə reallaşar, bunun üçün çox çalışmaq lazımdır”.

Qrossmeyster Maqnusa qalib gəldikdən sonra ilk olaraq ailəsi ilə danışdığını da sözlərinə əlavə edib: “Elə qalib gəldikdən sonra dərhal ailəmə zəng vurub onlara Maqnus Karlsenə qalib gəldiyimi dedim. Onlar mənim hər oyunuma canlı baxırlar və təbii ki, mən zəng vurmamışdan qabaq artıq qalib gəldiyimi bilirdilər. Məni təbrik etdilər və növbəti turlarda da qazanacağımı dedilər”.

A.Süleymanlı 2003-cü ildə, 15 yaşında ikən Qarri Kasparovu məğlub edərək dünyaya səs salan Teymur Rəcəbovla müqayisə olunmasına münasibət bildirib: “Əslində, oyundan sonra komanda yoldaşlarımızla elə bu barədə danışırdıq, lakin bir şey də var ki Teymur Rəcəbov bunu edəndə onun 15 yaşı var idi. Mənə görə onun etdiyi daha böyük bir uğurdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.