SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baş redaktorlar harada dincələcək? - SORĞU

Baş redaktorlar harada dincələcək? - SORĞU

Tarix:

17-07-2017, 14:04

/ 142 555 dəfə oxundu.
Baş redaktorlar harada dincələcək? - SORĞU

İlboyu işləyən insanlar dincəlmək məqsədilə yay aylarının gəlməsini səbirsizliklə gözləyir. İstirahəti isə müxtəlif məkanlarda, fərqli şəkildə təşkil etmək mümkündür. Yəni hər kəs cibinə uyğun istirahət güşəsi seçir.

Vaxtaşırı sosial şəbəkələrdə istirahət məkanları barədə tövsiyə xarakterli- "Bu bölgəyə gedin, peşman olmazsınız”, "filan istirahət mərkəzinin təkliflərinə söz ola bilməz”, yaxud, "dincəlmək üçün ən ucuz məkan buradır” paylaşımların şahidi oluruq. Bəzən bu paylaşımı edənlər sırasında media nümayəndələri də görmək mümkündür. Dia.az Sherg.az-ın media nümayəndələri arasında yay tətili müddətində harada və necə dincələcəkləri barədə sorğu keçirdiyi sorğunu təqdim edir.

Kondisioneri qoşub, çay içə-içə kitab oxuyacağam və kinoya baxacağam

İlk həmsöhbətimiz ötən günlərdə Ucar şəhərindən fotolarını paylaşan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov oldu. O qeyd etdi ki, istirahəti harada keçirmək təkcə plan deyil, bu, həm də pul məsələsidir:

"İstərdim ki, imkan olsa, xaricdə dincəlim, amma məhz imkan olsa... Azərbaycanda isə yaxşı istirahətin mümkün olduğu yerlər çox bahalıdır. Xaricə getməyə imkanı olmayan şəxs bunu ölkə daxilində də effektiv şəkildə edə bilməyəcək. Amma eyni zamanda, ölkədə qalaraq yaxşı dincəlmək olmur. Əsəblərin tam rahatlanması üçün heç olmasa bir həftəliyə bütün işlərdən qopub, kənara getmək lazımdır”.

Bu səbəbləri nəzərə alan V.Məmmədov nəticədə istirahətini evdə keçirəcəyini bildirib:

"Belə getsə, evdə istirahət edəcəyəm. Kondisioneri qoşub, çay içə-içə kitab oxuyacağam və kinoya baxacağam. Məncə, heç də pis variant deyil”.

Naxçıvanın Culfa rayonu Saltaq kəndində istirahət edəcəyəm

Yay istirahətini ölkə daxilində keçirməyi üstün tutan media kapitanlarımızdan biri də "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Belə ki, baş yazar ənənəvi olaraq yay istirahətini Naxçıvan Muxtar Respublikasında keçirəcək:

"Təbii ki, baş redaktorlar da ildə bir dəfə, yaxud imkan düşdükcə imkan düşdükcə istirahət etməyə çalışırıq. Mən əksər vaxt olduğu kimi vaxt tapsam, doğulduğum, boya-başa çatdığım Naxçıvanın Culfa rayonu Saltaq kəndində istirahət edəcəyəm.

Bundan başqa, respublikamızın istirahət zonaları var. Şəki, Lənkəran, Gəncə kimi görməli şəhərlərimizə ola bilər, ailəliklə səfər edək. Amma əsasən nəzərimdə öz doğma kəndimdə istirahət etməkdir”.

Türkiyəyə və ya Gürcüstana getməyə üstünlük verəcəm

Ölkə.Az saytının təsisçisi Məmməd Gülməmmədov adətən avqust ayında tətilə çıxdıyını deyir. Bunun səbəbini isə M. Gülməmmədov mediada az-çox həmin ayın sakit keçməsi ilə izah edir:

"Azərbaycanda istirahət baha başa gəldiyi üçün qonşu Türkiyəyə və ya Gürcüstana getməyə üstünlük verəcəm. Jurnalistlərin qazancı çox olmadığı üçün elə də bahalı yerlərdə istirahət edə bilmirik. Ancaq çalışıram ki, büdcəmə münasib, dəniz olan məkanda istirahət edim. Qismət olsa, qayıdanda çəkdiyim xərci açıqlayaram”.

Azərbaycanda istirahət etmək xaricə getməkdən ucuz başa gəlir

Ölkə daxilində istirahət edəcəyini deyən "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə xarici ölkəyə çıxmaq imkanlarının həm maddi, həm də vaxt baxımından uyğun gəlmədiyini söyləyib. İ. Quliyevin sözlərinə görə, avqust ayında Azərbaycanın rayonlarından birində ailəsi ilə birlikdə bir həftə - 10 gün müddətində istirahət edəcək:

"Xaricə çıxmaq fikrimiz yoxdur. Müqayisəli şəkildə götürsək, yol xərcləri və s. əlavə edildikdə Azərbaycanda istirahət etmək xaricə getməkdən ucuz başa gəlir. Amma ümumilikdə turizm obyektlərində qiymətləri nəzərə alsaq, əvvəlki illərə nisbətən irəliləyiş olsa da qiymətlər yüksəkdir. Məsələn, Gürcüstanla müqayisə etsək, bunu görərik.

Mən ötən il Gürcüstanda oldum və sonradan Azərbaycana qayıtdım. Turizm zonalarında istirahət zamanı müşahidə etdim ki, qiymətlərdə fərq o qədər də böyük deyil. Amma Avropa ölkələri ilə müqayisədə təbii ki, Azərbaycanda istirahət etmək çox ucuz başa gəlir. Ona görə, maddi imkanlar imkan vermədiyindən Azərbaycanda istirahət edəcəyik”.

Az məsrəflə keyfiyyətli istirahət seçmişəm

Artıq yaya tətilində olan Milli.az saytının redaktoru Firdovsi Fərzəliyev Gürcüstanda istirahət etməyi seçib. O deyib ki, Qara dəniz sahillərində, büdcəsini nəzərə alaraq təşkil etdiyi istirahətindən məmnundur:

"Düşünürəm ki, az məsrəflə keyfiyyətli istirahət seçmişəm. Məsələn, düz dənizin sahilində ev tutmaq 30 lariyə, manata çevirsək, təxminən 20-21 manata başa gəlir. Azərbaycanla müqayisə etdikdə təbii ki, qiymətlərdə böyük fərq var. Ölkəmizdə dəniz kənarında hazırda qaldığım kimi ev 40-50 manatdan aşağı deyil. Dəniz məhdudiyyətsiz şəkildə insanların ixtiyarındadır. Heç bir hasardan söhbət gedə bilməz. İyaişə obyektləri sahildən xeyli kənarda yerləşir. Dənizin suyu və sahil isə olduqca təmizdir.

Düzdür, dəniz kənarında qiymətlər nisbətən yuxarıdır. Lakin Bakıdakı kimi soyğunçuluq deyil.

Qısası, burada 10 günlük istirahətə xərclədiyin pulla Bakıda 3 gün ancaq dincələ bilərsən”.

F. Fərzəliyev əlavə edib ki, əsas məqamlardan biri uşaqların əyləncəsi üçün parklarda pulsuz əyləncə mərkəzlərinin quraşdırılmasıdır:

"Yəni, Azərbaycanda pulun çox çıxmasın deyə ancaq Qazaxa gəlib xramuluyadan, xəngəldən yeyib yola verməlisən (gülür)”.

İstirahətə dağ rayonlarımıza gedəcəm

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə könlündən xaricdə istirahət etmək keçdiyini, lakin bu arzunun jurnalistlərin büdcəsi ilə üst üstə düşmədiyini deyib. Baş redaktorun sözlərinə görə, istirahətə dağ rayonlarımıza gedəcək:

"Konkret olaraq, Gədəbəy rayonunu nəzərdə tutmuşam ki, 1 həftəlik ailəmlə bir yerdə orda dincəlim.

Azərbaycanda istirahət etməyin bahalığına gəldikdə isə, xaricdə gedib, 3-4 ulduzlu oteldə dincəlməklə Qəbələdə 6 ulduzlu oteldə qalmaq təbii ki, fərqlidir. Xidmət sahəsində doğrudan da otellərdə qiymətdə problem var. Amma ümumən doğru fikir deyil. 1 həftə Gədəbəydə dincəlmək və eyni müddətdə Antalyada dincəlmək eyni büdcəyə başa gəlməz. Elə tək təyyarəyə verilən pulla Gədəbəydə dincəlib, qayıtmaq olar. Amma yenə qeyd edirəm, həm xidmətdə həm də gecələmə məsələsində Azərbaycanda problemlər var”.

Şərhlər

XƏBƏR LENTİ