XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nazim İbrahimov susur, federasiya isə dağılmaq təhlükəsi ilə üz-üzədir

Nazim İbrahimov susur, federasiya isə dağılmaq təhlükəsi ilə üz-üzədir

Nazim İbrahimov susur, federasiya isə dağılmaq təhlükəsi ilə üz-üzədir
12-07-2017, 12:07

Bir müddət əvvəl Qılıncoynatma Federasiyasında baş verənlərlə bağlı dərc etdiyimiz məqalə idman ictimaiyyəti arasında geniş rezonans doğurub. Məqalənin dərcindən sonra redaksiyamıza üz tutan federasiya üzvləri, məşqçilər, idmançılar viran qoyulmuş federasiyanın taleyindən narahat olduqlarını dilə gətirirlər. Əslində federasiya kağız üzərində fəaliyyət göstərir. Talan olunub, viran qoyulan isə bura ayrılan külli miqdarda pullardır. SSR-i idman ustası, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Oqtay Şahverdiyevlə bu və digər məsələlərlə bağlı söhbət etdik.

Qısa arayış...

Oqtay Şahverdiyev 1947-ci ildə Bakı şəhərində doğulub. Qılıncoynatma üzrə idmana gəlişi 1962-ci ilə təsadüf edir. 1965-ci ildə yarış zamanı çiynindən aldığı zədə onu 4 il idmandan ayrı salıb. 1970-ci ildə yenidən milli komandaya dəvət edilən idmançımız 1970-71-ci illərdə yenidən yarışlarda çıxış etməyə başlayıb. 1971-ci ilin axırlarında milli komandaya rəhbər təyin edilən Şövkət Orduxanov Oqtay Şahverdiyevi məşqçi kimi komandaya dəvət edir.
1991-ci ildən 1993-cü ilin axırına kimi Meksika, 1993-1997-ci illərdə Türkiyə, 1997-2001-ci illərdə İran, 2002-2003-cü illərdə Koreya, 2004-2005-ci illərdə Honk-Konq, 2006-2009-cu illərdə isə Səudiyyə Ərəbistanının yığma komandasında baş məşqçi kimi çalışıb. 2009-cu ildə Bakıya dəvət alaraq il yarım işsiz qalır. Hal-hazırda Gənclər və İdman Nazirliyinin tabeliyində olan Yüksək İdman Ustalığı Məktəbində təlimatçı məşqçi kimi çalışır.
1969-cu ildən etibarən idmanımızda da milliləşmə prosesinə start verildi.
Müsahibimizin sözlərinə görə o dövrə qədər milli komandanın tərkibindəki idmançıların əksəriyyəti qeyri-millətlərdən, əsasən ruslardan, gürcülərdən və ermənilərdən ibarət idi. Bu həm də o dövrə təsadüf edirdi ki, respublikanın siyasi rəhbərliyinə içində milli ruhu olan Heydər Əliyev gəlmişdi. Bütün ölkə boyu azərbaycanlıları vəzifələrə yerləşdirmə siyasəti idmandan da yan keçməyib. Belə bir vaxtda Oqtay Şahverdiyev məşqçi kimi komandaya azərbaycanlı gəncləri cəlb etməyə başlayır. Onun bu addımı ermənipərəst qüvvələrin diqqətindən yayınmır və məşqçi Moskvaya dəvət olunur. Məsələlər araşdırılandan sonra 1978-ci ildə “Sovetskiy sport” qəzetində Qafqazdan yeganə olaraq Oqtay Şahverdiyevin barəsində müsbət məqalə dərc olunur. Məhz həmin dövrdən etibarən indiki Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovla Oqtay Şahverdiyev arasında qarşıdurmanın əsası qoyulur.
Yaşar Məmmədov hələ sovet dönəmində anti-milli fəaliyyəti ilə azərbaycanlı idmançıların arasında intriqa yaradırdı...
Oqtay Şahverdiyev qeyd edir ki, idmançıların arasında azərbaycanlıların kəskin artması anti-milli qüvvələri ciddi narahat edirdi. Onun barəsində Moskvaya “donos”lar göndərməyə başlayırlar və ona “millətçi” damğası vurmağa cəhd edirlər. Hətta onun yetişdirməsi olan azərbaycanlı tələbələri milli komandaya götürməkdən imtina edirlər. Bu proses 1980-ci illərin əvvəllərinə qədər davam edir. Oqtay Şahverdiyevin sözlərinə görə məcburiyyət qarşısında qalaraq Moskvaya SSR-nin rəhbərliyində mühüm postda təmsil olunan Heydər Əliyevə müraciət etmək qərarına gəlir. Bundan xəbər tutan anti-milli qüvvələr sonradan Şakir İbrahimov adlı idmançını milli komandaya götürmək zorunda qalırlar. Bu idmançı bir müddət sonra dünya çempionu titulunu qazanır. Oqtay Şahverdiyev Yaşar Məmmədovu ciddi ittihamlara məruz qoyaraq, onu bir çox qanunsuz əməllərdə suçladı. O, bildirdi ki, bütün bu illər boyu Yaşar Məmmədov onu qarabaqara izləyərək hər addımda zərbə vurmağa çalışıb. Yuxarı dairələrə ondan əsassız şikayətlər yazıb. Yüksək İdman Ustalığı Məktəbində məşqçi kimi fəaliyyət göstərdiyi dövrlərdə Yaşar Məmmədovun durmadan yuxarılara şikayət etməsi Oqtay Şahverdiyevin işini itirməyi ilə nəticələnirdi. Məktəbə yeni təyin olunan direktor Cəfər Hümbətov isə Oqtay Şahverdiyevi yenidən təimatçı-məşqçi kimi işə götürür.
İllərdir maaş üzünə həsrət qalan məşqçi
Görəsən ayrılan pullar hara gedib?!...
Oqtay Şahverdiyev daha sonra ürək yanğısı ilə qeyd edir: “Qılıncoynatma Federasiyasında tələbələrə dərs keçərək ayda 200 manat maaş almışam. Axırıncı dəfə 2015-ci ilin may ayında Yaşar Məmmədov mənə 100 manat maaş verdi və dedi ki, bundan sonra maaşım belə olacaq. O vaxtdan bu günə qədər heç 100 manatı da ala bilmirəm. Ona görə də 1 ildən artıqdır ki, federasiya ilə əlaqələrimi tam kəsmişəm. İndi Qılıncoynatma Federasiyası çox ağır günlərini yaşayır. Bir vaxtlar dünya, avropa və olimpiya çempionları yetişdirən federasiya bu gün Yaşar Məmmədov başda olmaqla bir qrup şəxsin əlində alətə çevrilib”
Oqtay Şahverdiyev daha sonra bildirdi ki, sonuncu dəfə Gürcüstanda Avropa çempionatı keçirilib. İyunun 10-dan16-na qədər baş tutan çempionatda yalnız Sabina Mikina 16-lıqda yer ala bilib. Qalanları isə uduzublar. Belə nəticələrə görə xəcalət çəkdiyini bildirən müsahibimiz bunun səbəbkarı kimi federasiyanın rəhbər şəxslərini ittiham etdi.
Yazıda adları hallanan tərəflərin mövqeyinin öyrənməyə və dərc etməyə hazırıq.
P.S. Gələn məqalələrimizdə Sabina Mikina, Fərhad Şahmuradov, Azər Həsənov, Üzeyir və İslam adlı şəxslərin Qılıncoynatma Federasiyasında baş verən tükürpədici faktlarla bağlı müsahibələri ilə tanış olacaqsınız.

vediinfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.