SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fransa regionda sülh prossesini pozur

Fransa regionda sülh prossesini pozur

Tarix:

13-10-2023, 15:40

/ 719 dəfə oxundu.
Fransa regionda sülh prossesini pozur

 
 Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışında bildirib ki, Fransanın rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu qeyd etmək lazımdır. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Dövlətimizin başçısı  vurğulayıb ki, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər: “Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”.
Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəklənməsi, eləcə rəsmi Parisin postmüharibə dövründə ölkəmizlə bağlı səsləndirdiyi əsassız iddialar onun anti-Azərbaycan siyasətini bir daha sübut edir. Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə işğalçı Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.
Son iki həftə Cənubi Qafaqzın tarixində hərbi müstəvidə ən sabit dövr kimi qiymətləndirilir. Şübhəsiz, bu sabitlik Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri zamanı mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması sayəsində  mümkün olub. Çox təəssüf ki, hərbi müstəvidə yaranmış bu sabitliyə Fransa başda olmaqla bəzi ölkələr və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Bu bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Əlbəttə ki, əsas məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.
 Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ münaqişəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanı dəstəkləyib. Bu ölkənin başçısı Emmanuel Makron beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq açıq şəkildə ermənipərəstlik edib.
Birmənalı demək olar ki, son zamanlar Fransanın apardığı siyasət Azərbaycanla Ermənistan arasında sülh prosesinə xələl gətirir və regionda davamlı sülhün bərqərar olmasına əngəl törədir. Daha doğrusu, Prezident Emmanuel Makron öz irqçi, təxribatçı və yanlış siyasəti ilə bölgəni qaynar qazana çevirmək istəyir.
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 

Şərhlər

XƏBƏR LENTİ