SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının “ərəb turist” problemi başlayıb - ilginc təfsilatlar

Bakının “ərəb turist” problemi başlayıb - ilginc təfsilatlar

Tarix:

11-07-2017, 10:13

/ 136 277 dəfə oxundu.
Bakının “ərəb turist” problemi başlayıb - ilginc təfsilatlar

İki gün öncə şəhər mərkəzinə çıxanda özümü azərbaycanlıdan çox ərəb kimi hiss etdim desəm, yalan olmaz. Bakı rəsmən turistlər tərəfindən zəbt olunub. Kafe-restoranlarda müştərilərin 90 faizi ərəblərdən ibarətdir. Küçədə yeriyəndə isə adama elə gəlir ki, hansısa ərəb ölkəsindəsən. Ətrafdan azərbaycanlı səsi, sədası adda-budda eşidilir.

Turistlərin bolluğu isə alış-veriş mərkəzlərində, kafe-restoranlarda ərəb müştərilərə olan diqqətin artmasına səbəb olur. Məlum, turist demək daha çox pulu olmaq deməkdir və bu kateqoriya dollarla ölkəmizə gəldiyi üçün bizdən qat-qat varlı sayılır. İşbazlar da onlara daha çox qayğı göstərirlər. Təcrübə edək: siz və yan masada oturan ərəb turist eyni vaxtda ofisiantı çağırır. Amma ofisiant öncə turistin səsləməsinə reaksiya verəcək, onun sifarişini qəbul edəcək. Söhbət təkcə qonaqpərvərlik deyil təbii, anlayırsız...

Ərəb turistlərlə bağlı yerli əhalini ən çox narahat edən məqam onların hündürdən danışması, həddən artıq rahat davranmaları, qadınları “baxış terroruna” məruz qoymalarıdır. Kafe-restoranlarda ayaqqabısını çıxarıb, daha sonra ayağını altına qoyan turistlər, eləcə də kafenin pilləkənlərində ailəliklə (onların sayı da 10-12 nəfərdən az olmur) sərələnib oturanlar onlardır. Zaman-zaman onlar barəsində yayılan, amma sonradan təsdiqini tapmayan xəbərlər də dolaşır: “Ərəb turist hotel otağındakı çaydanda sosiska qaynatdı”, “Ərəb turist hotelin hovuzunda təbii ehtiyacını ödədi”, “Ərəblər qaldığı hoteldəki qadınlara əxlaqsız təklif etdi” və sair. Sonuncu hadisələr isə az qala adiləşib. İndi şəhərin mərkəzində rəsmən insan alveri gedir. Həyat qadınları bir skamyada, bir qrup ərəb paralel skamyada oturur. Arada sutenyor olduğu hiss olunan bir nəfər isə alveri aparır.

Heç kimə sirr deyil ki, əslində bu turistlərin ölkəyə gəlişi özü ilə ciddi investisiya axını da gətirir. Restoran sahibindən tutmuş, taksi sürücüsünə qədər bu axından məmnun görünür. Çünki onlar işbazlara xeyir verir, alveri hərəkətləndirirlər. Əhalidəki qıcığın kökündə isə sırf kasıblıq faktorunun yer aldığını düşünənlər də var. Belə ki, lüks restoranda yemək yeyə bilməyən, lüks mağazalardan alış-veriş edə bilməyən, ərəb turistlərinsə oranı zəbt etdiyini görən şəhər əhlində onlara qarşı aqressiyanın yaranması təbiidir. İnsanlar şüuraltı düşünür ki, sözügedən lükslərdən yararlana bilməmələrinin səbəbi elə xarici turistlərdir. “Bizimkiləri qudurdan elə bu turistlərdir, qiymətləri ona görə kəllə çarxa qaldırıblar” - yəqin ki, bu yanaşmanı zaman-zaman eşitmisiz.

Ərəb turistlərlə bağlı ən çox yayılan narazılıq onların natəmizliyi ilə bağlıdır. Bundan başqa, onların şəhərdə, onun mərkəzi küçələrində gəzinti forması da yerli sakinlərə xoş gəlmir. Məlumdur ki, ərəb turist bura dollarla gəlir və onu manata çevirəndə də avtomatik çox pulları olur. Bu da lüks istirahət etmələri üçün kifayət edir.

Ümumən bu bir faktdır ki, bütün ərəb turistləri eyni cür təhlil etmək olmaz. İraqdan gələn turistlər daha imkansızdır. Ərəbistandan, Küveytdən gələnlər isə maddi imkanına görə üstün sayılır. Sonuncular daha çox beşulduzlu hotellərdə qalmağa üstünlük verirlər. Amma bu da bir faktdır ki, dünyanın bir çox ölkələrində turistlərə qarşı aqressiya var. “Yeni Müsavat” bugünlərdə turistlərə nifrət edən turizm ölkələri, şəhərləri ilə bağlı yazı hazırlamışdı. Elementar bir müqayisə. Rio olimpiadası zamanı turistlərə bayıra çıxmamaları ilə bağlı tapşırıq verilmişdi.

Amma ekspertlər hesab edir ki, turist şirkətləri onları avtobuslarla aeroportda qarşılayırlar. Onların yerli normalarla bağlı turistləri maarifləndirməsi vacibdir. Bütün hallarda bu firmaların turistlər, eləcə də ölkə qarşısında məsuliyyəti var. Onlar ərəb turistlərə yerli adət-ənənələri öyrətməli, ictimai yerlərdə qəbul olunmuş normaları izah etməlidirlər.

Bu da bir faktdır ki, ərəb turistlər əsasən ailəlikcə, qələbəlik qruplar halında gəlir. Bir ailə bəzən 30 nəfər olaraq gəlir. Elə varlı ailələr var ki, bir həftə ərzində 70-80 min avro xərcləyib öz ölkəsinə qayıdır. Gələn varlı ərəb turistlər aeroportdan özəl lüks maşınlarla götürülür. Amma cəmiyyətin və ticarətçilərin də ərəblərə baxışı dəyişməlidir. Gələn turistə dərisinin rənginə, irqinə, milliyyətinə baxmadan, qüruru ilə oynamadan xidmət göstərmək lazımdır.

Ümumilikdə isə ərəb turistlər tək və homogen bir qrup deyil. Körfəz ölkələrindən gələnlər, Liviya, Fələstin kimi ölkələrdən gələnlər, eləcə də Cənubi Afrikadan gələnlər olmaq üzrə 3 kateqoriyaya ayrılırlar. Körfəz ölkələrindən gələnlər yad ölkələrdə özlərini olduqca rahat hiss edirlər. Tarixi abidələrlə, muzeylərlə maraqlanan ərəb turistlərin sayı azdır. Onların böyük əksəriyyəti komforta düşkündülər. Dəniz mənzərəli restoranlarda yemək, hər cür şəraitli hotellərdə gecələmək onlar üçün önəmlidir. Və bu mənada heç vaxt pul əsirgəmirlər.

Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi ölkələrdən gələnlər daha mühafizəkardılar. Həyat yoldaşlarının və ya qızlarının yad kişilərlə danışmasını istəmirlər. Tarixlə çox maraqlanmırlar, daha çox alış-veriş mərkəzlərinə getmək istəyirlər. “Fast-food”u çox sevirlər.

Tunis, Fas, Əl-Cəzirə kimi ölkələrdən gələnlərin üzərində isə ərəb mədəniyəti ilə yanaşı, Fransız mədəniyətinin də izləri var. Dolayısı ilə də tələbləri buna uyğun olur. Daha çox ekzotika ilə maraqlanır, ölkənin mədəniyyətinə maraq göstərirlər.
Ərəbşünas ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ərəblər, ümumlikdə sayları 300 milyondan artıq böyük və qədim bir xalqdır. Onun fikrincə, bu mənada ümumi olaraq ərəbləri bir qrafaya qoyub ümumi fikir formalaşdırmaq çətindir: “Amma bir sıra ümumi xətlər var. Ərəblər ənənə, təhsil səviyyəsi, mədəniyyət olaraq fərqlənirlər.

Ərəblərin, məsələn, bizimlə ictimai davranış məsələsində baxış fərqlərimiz ola bilər. Digər tərəfdən, ərəb olmayanlara qarşı təkəbbürlü münasibət, turizm bölgəsinə olan ənənəvi şərqli münasibətlərini də bura əlavə etmək lazımdır. Başqa bir nüans isə Azərbaycana gələn ərəblərin hansı ölkəni təmsil etməsidir. Məsələn, sakit, rifah ölkələri olan Qətər, BƏƏ, Küveyt və Bəhreyn kimi ölkələrin sakinləri daha sakit və ya necə deyərlər, mədəni olur. ancaq eyni şeyi artıq illərdir müharibənin davam etdiyi İraq haqqında demək olmaz. Çünki İraq xalqı öz üzərində həm də uzun illər müharibənin gətirdiyi travmanı da yaşayır. Bura iraqlıların, ümumiyyətlə, xaraktercə coşqun və davakar olmasını əlavə edəndə mənzərə aydın olur”.

Müsahibimiz eyni zamanda bir misal da çəkdi. Dedi ki, Suriya xalqı digər ərəb xalqları ilə müqayisədə daha mədəni, təhsilli bir cəmiyyət hesab olunur. Onun sözlərinə görə, Türkiyədə suriyalı qaçqınlarla bağlı şikayətləri hamımız görürük: “Savaş və qaçqınlığın yaşatdığı travma insanları dəyişir. Bu səbəbdən də, məsələn, iraqlılar bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da arzuolunmaz qonaqlardır. Hətta bir ara Gürcüstan iraqlı turistlərə viza verməkdən imtina edirdi, çünki iraqlıların cinayətlərinin sayı artmışdı”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ