
İyul ayının 21-də Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirləri həqiqəti əks etdirir. Həm Azərbaycanın son 30 ildə keçdiyi ağır mərhələnin qısa xarakteristikasını verir, həm bu müddət ərzində hansı xalqlarla qonşuluq etdiyimizin acı həqiqətlərini ortaya qoyur, həm düşmənimizin xislətini açır, həm də Azərbaycanda çox çətinliklə əldə olunmuş və möhkəm əsaslara malik olan sabitliyin mənzərəsini nümayiş etdirir, həm dövlətimizin keçmişdəki hadisələrdən hər zaman lazımi nəticə çıxarmaq qabiliyyətində olduğunu göstərir, həm də bundan sonrakı vəzifələri müəyyənləşdirir.
Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi iştirak edib. Azərbaycanın şanlı Zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi diskussiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilib. Əlbəttə, bu, bizim üçün çox fəxredici bir haldır.
Həqiqətən də, 30 il öncə Ermənistan xain xisləti ilə Azərbaycana arxadan zərbə vurdu və torpaqlarımızı işğal etdi. Azərbaycan çox böyük çətinliklə bu mərhələni aşaraq müharibə yolu ilə ərazi bütövlüyünü təmin edə bildi. Bu gün ölkəmizdə mövcud olan sabitlik aparılan dövlət siyasətinin cəmiyyət tərəfindən anlayışla qarşılanmasına söykənir. Eyni zamanda, Azərbaycan Ermənistan hakimiyyətində hələ də revanşist qüvvələrin olduğunu istisna etmir. Azərbaycan Prezidentinin də dediyi kimi, proseslər Ermənistan hakimiyyətində revanşist qüvvələrin uzun müddət siyasətdə qalacağını düşünməyə əsas verir. Bu nöqteyi-nəzərdən Şuşa forumunda Prezident tərəfindən səsləndirilən bu fikirlər həm Azərbaycanın bugünkü vəziyyətini göstərmək baxımından maraqlıdır, həm də ölkənin öz müdafiə qabiliyyətini daim möhkəmləndirməyə ciddi bir fəaliyyət istiqaməti kimi baxdığını nümayiş etdirir.
Forumda dövlətimizin başçısı Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə də toxunub. Prezident İlham Əliyev Cənub Qaz dəhlizinin uğurla icra edildiyini və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bildirib. Həmçinin ölkə başçısı Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar olaraq, bunun Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə olmadığını bir daha qeyd edib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm aktorlardan birnə çevrilmişdir. Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir. Bu baxımdan TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxundu. Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan təkbaşına heç bir maliyyə yardımı almadan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və potensialını nümayiş etdirir.
Azərbaycan dövlət olaraq mürəkkəb bir bölgədə olduğunun fərqindədir. Ermənistan və digər bu kimi qonşulardan böyük təhlükənin gələcəyini yaxşı bilir. Ona görə də doğru olaraq belə bir strateji xətt seçilib ki, bütün bu təhlükələrin qarşısında dayanmağın yeganə bir yolu var. Bu da ölkənin ordusunu gücləndirmək, hazırlıq qabiliyyətini yüksək səviyyədə saxlamaq və hərbi-texniki təchizatını daim yaxşılaşdırmaqdan ibarətdir. Prezidentin bu çıxışı Azərbaycanın gələcəyə doğru yönəlmiş fəaliyyətinin aydın istiqamətləri barədə rəy yaradır və göstərir ki, biz dövlətimizin gələcək təhlükəsizliyi və müdafiəsini hansı istiqamətdə təmin olunacağını çox yaxşı bilirik.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası