SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan və Litva arasında günişlənən əməkdaşlıq

Azərbaycan və Litva arasında günişlənən əməkdaşlıq

Tarix:

24-05-2023, 13:24

/ 345 dəfə oxundu.
Azərbaycan və Litva arasında günişlənən əməkdaşlıq

 
Mayın 22-də Litvanın paytaxtı Vilnüsə rəsmi səfərə gələn Azərbaycan Prezidenti cənab İlham Əliyevin litvalı həmkarı Gitanas Nauseda ilə görüşü ilk növbədə, iki dövlət arasında ikitərəfli münasibətlərin müzakirəsi, iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Litva ilə Azərbaycan həm tarixi, həm də siyasi və iqtisadi inkişaf baxımından fərqli cəhətlərə malik olduğu kimi, bənzər və bu iki dövləti yaxınlaşdıran, birləşdirən tərəflər də var. 
Oxşar tarixi keçmişi, bənzər mübarizə yolu keçmiş bu iki postsovet ölkəsinin sonrakı inkişafı çox fərqli istiqamətlərdə davam edib. Belə ki, Qərbin dəstəyinə nail olan, ən yaxın qonşuları Latviya və Estoniya ilə çiyin-çiyinə verən Litva daha yumşaq və rahat inkişaf yolu keçərək dünyanın ən nüfuzlu təşkilatlarına, o cümlədən Avropa İttifaqına və NATO-ya üzv olaraq Avropa ailəsinin siyasi və iqtisadi cəhətdən inkişaf etmiş tamhüquqlu üzvünə çevrilib. Azərbaycan isə bu illər ərzində havadarlarına arxalanan bədxah qonşumuz Ermənistanın ərazi iddiaları, qanlı müharibə, torpaqlarının işğalı, Qərbin ədalətsiz münasibəti, haqsız təzyiqləri, nəhayət 44 günlük müharibə, möhtəşəm Zəfər, Qarabağın işğaldan azad olunması və digər çətin, əziyyətli, eyni zamanda, möhtəşəm və şərəfli tarixi yol keçib. Bu 30 illik keşməkeşə, çətin mübarizəyə rəğmən, Azərbaycan da artıq həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər inkişaf edib, regionun aparıcı dövlətinə və söz sahibinə çevrilib.
Bu cür əlaqələr Azərbaycan və Litva üçün eyni dərəcədə vacib və əhəmiyyətlidir. Litva Avropa ölkəsi, Avropa İttifaqının, NATO-nun üzvü olaraq həmin qurumlarla əlaqələrin inkişafı, Azərbaycan həqiqətlərinin çatdırılması və mövqelərimizin müdafiə edilməsi baxımından maraqlı tərəfdaş ola bilər. Xüsusilə regionda sülhün təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, rəsmi İrəvanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiyaları, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi kimi məsələlərlə bağlı obyektiv məlumatların ötürülməsində Litvanın dəstəyi çox əhəmiyyətlidir.
Təkcə onu demək kifayətdir ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 30 milyon ABŞ dollarından artıqdır. Həmçinin Litva Ermənistanın işğalçılıq siyasətini tənqid edən ədalətli mövqeyi ilə regionda sülh və sabitliyə töhfə verən ölkələrdəndir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu, nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr, Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələri barəsində, ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarə olunması kimi məsələlər də gələcəkdə Azərbaycan-Litva münasibətlərinin inkişafı baxımından diqqət mərkəzindədir. Nəticə etibarilə dövlətimizin başçısının Litvaya səfəri iki ölkə arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə və ikitərəfli münasibətlərin gələcək yol xəritəsinin müəyyənləşdirilməsinə böyük təkan verəcək.

 Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru
 

 
 

Şərhlər

XƏBƏR LENTİ