SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ulu öndər Heydər Əliyev və milli iqtisadiyyat...

Ulu öndər Heydər Əliyev və milli iqtisadiyyat...

Tarix:

21-04-2023, 10:43

/ 267 dəfə oxundu.
Ulu öndər Heydər Əliyev və milli iqtisadiyyat...

Azərbaycanın bugünkü inkişafında Ümummilli lider Heydər Əliyevin böyük rolu vardır. Onun hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib. Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib.
Ötən əsrdə yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Lakin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Tarixin ən keşməkeşli dövründə rəhbərliyə gələn dahi şəxsiyyətin Azərbaycan iqtisadiyyatının inkişafında əvəzsiz rolu olub. Bu rolun əhəmiyyətini dərk etmək üçün ulu öndərin 3 istiqamətdə həyata keçirdiyi siyasəti qeyd etmək kifayətdir. Bunlardan birincisi, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında açar nöqtəyə çevrilmiş neft strategiyasıdır. Məhz o böyük dövlət xadiminin sayəsində 1994-cü ildə İran, Rusiya, Böyük Britaniya, ABŞ kimi bölgədə nüfuz mübarizəsinin əks qütblərində dayanan nəhəng dövlətlərin maraqları bir müqavilədə – “Əsrin müqaviləsi”ndə bacarıqla uzlaşdırıldı. Bu uzlaşma sonrakı illərdə Azərbaycanın hasilat sektorunda onlarla yeni müqavilələrin imzalanmasını, 1995–2016-cı illərdə ölkənin neft-qaz sektoruna 68.2 milyard dollar xarici investisiyanın axmasını təmin etdi. Neft-qaz sektorunda həyata keçirilən çoxmilyardlı layihələr bu sahəyə bağlı olan və olmayan digər sahələrin də inkişafına təkan verdi.
Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi idarəetmədə islahatların aparılması istiqamətində ulu öndərin atdığı digər addım Dünya Bankı qrupu və Beynəlxalq Valyuta Fondu ilə uğurlu əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində Azərbaycan 1990-cı illərin ortalarından etibarən iqtisadi islahatları həyata keçirmək üçün böyük ehtiyac duyduğu yüz milyonlarla dollar güzəştli kreditləri əldə edə bildi. Sonrakı mərhələdə bu qurumlar ölkə iqtisadiyyatının müxtəlif sektorlarında icra olunan layihələrə milyardlarla dollar vəsait ayırdılar.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük özəlləşmə və torpaq islahatı başlandı. Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır. Ölkə vətəndaşları keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Bunun nəticəsində 3,5 milyona yaxın insan torpaq mülkiyyətçisi oldu.
Qeyd etməliyik ki, Ulu Öndərin hakimiyyətə gəlişi ilə öncə ölkədəki ictimai-siyasi sabitlik təmin edildi. Sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradıldı, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalandı. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırıldı. Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. 
Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti ilə maraqlanar, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edərdi. Ümummilli liderin “Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır” – sözləri onun sahibkarlara nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirirdi. 2002-ci il aprelin 25-də sahibkarlarla görüşdə Ulu Öndər bildirmişdi ki, ölkədə böyük sahibkarlar təbəqəsi yaranıb: “Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir”.
Ümummilli lider çıxışlarında bildirirdi ki, ölkənin sosial-iqtisadi inkişafı sahibkarların fəaliyyətindən asılıdır. Çünki iqtisadiyyat özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Ona görə də biz buna dövlət siyasətimizin böyük bir hissəsi kimi baxırıq.
Məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni neft strategiyasının icrasına başlanıldı. Bu gün Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Yeni neft strategiyasının uğurlu icrası sayəsində ölkəmiz iqtisadi imkanlarını daha da artırıb, Avropanın etibarlı tərəfdaşına çevrilib.

Səlim MƏMMƏDOV
Abşeron rayonu, Masazır kənd 5 saylı tam məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ