
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın dövlət başçısı Emoməli Rəhmonub dəvəti ilə Tacikistan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində iki ölkə rəhbərlərinin geniş tərkibdə görüşündə Azərbaycan və Tacik xalqlarının qədim tarixi köklərə malik ənənəvi dostluq telləri bağladığı vurğulanıb, ötən illər ərzində həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli şəkildə genişləndiyi bildirilib.
İki ölkə arasında münasibətlərin dinamik inkişafı dövlət başçılarının mətbuata bəyanatlarında da öz ifadəsini tapıb. Azərbaycan Prezidenti isə bəyanatında respublikamızın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu bildirərək, bunu dost ölkənin bizə yaxın dövlət olması, orada sabitlik hökm sürməsi ilə əlaqələndirib: “İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.
Dövlətimizin başçısının Tacikistan səfəri çərçivəsində iki ölkə arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması, gömrük xidmətlərinin tənzimlənməsi, kənd təsərrüfatı, investisiyalar, startapların təşviqi kimi məsələlərə aid mühüm sənədlər imzalanıb.
Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə dövlətimizin başçısının Tacikistanın Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin hər iki dövlət başçısının mətbuata bəyanatlarla çıxışları bunun bariz ifadəsidir.
Azərbaycan Tacikistanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib və nəticədə qarşılıqlı səmərəli məsələlərin həlli və beynəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirib.
İkitərəfli əməkdaşlığın hüquqi bazasını, əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 saziş təşkil edib. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərlərinin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humanitar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlığını əhatə edib.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru