SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisindən qorxan qayda pocuzuları niyə post-patrul xidmətini vecinə almır...

Yol polisindən qorxan qayda pocuzuları niyə post-patrul xidmətini vecinə almır...

Tarix:

21-06-2017, 09:42

/ 41 750 dəfə oxundu.
Yol polisindən qorxan qayda pocuzuları niyə post-patrul xidmətini vecinə almır...

Vətəndaş-polis münasibətləri heç vaxt rəvan olmayıb. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə... Bəzi hallarda münasibətlərdəki gərginlik o həddə çatır ki, polis zor tətbiq etmək məcburiyyətində qalır. Bir çox hallarda münasibətlərin gərginləşməsi vətəndaşın qaydaları pozmasından irəli gəlir...

Məsələn, götürək yollarımızı... Müşahidələr göstərir ki, bəzi sürücü və piyadalar polisin varlığına məhəl qoymadan, kobud qayda pozuntusuna yol verir.

Bu məsələdə bir məqam da diqqət çəkir. Yollarda qanunlara sayğısızlıq göstərən sürücü və ya piyadalar nədənsə yol polisini görəndə özünü yığışdırır, amma post-patrul xidmətinin əməkdaşları olan yerlərdə “qaydalar onları pozmaq üçün yazılıb” prinsipi ilə hərəkət edir. Elə bu baxımdan yol polisləri vətəndaşın yanında loru dillə desək, daha “avtoritetli” sayılır, nəinki adi polis əməkdaşı... Bəlkə burada adi polis işçisinin də günahı az deyil. Çünki sürücü yol polisi olmayan yerdə kobud qayda pozuntusu edir, bunu kənardan görən post-patrul xidmətinin əməkdaşı isə olaya göz yumur.

Bəs əslində necə olmalıdır, post-patrul xidməti əməkdaşı yol-hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, bu haqda yol polisinə məlumat verə bilərmi?

Ümumiyyətlə, “yol polisi” vətəndaşın yanında niyə daha nüfuzludur?

Keçmiş polis polkovniki Şəmsəddin Əliyev mövzu ilə bağlı Modern.az-a deyib ki, post-patrul xidmətinin fəaliyyətini tənzimləyən qanunlar var.
“Qanunda göstərilib ki, polis əməkdaşı istənilən halda hər hansı bir hüquq pozuntusunu aşkar edərsə, xidməti vəzifəsinə uyğun şəkildə davaranaraq, vətandaşı saxlaya və raport yaza bilər. Xidmət etdiyi ərazi polis şöbəsinə, yaxud öz komandirinə raportla müraciət edə bilər. Həmin raportda da qaydaları pozan vətəndaşın, sürücünün hərəkətləri tam təfsilatı ilə əksini tapmalıdır. Həmçinin, sürücünün etdiyi xətanın hansı qanunda əks olunmasını həmin raportda göstərməlidir.
Post-patrul xidməti əməkdaşının yol polisinə xas şəkildə sürücüyə protokol yazmağa ixtiyarı yoxdur. Amma burada bir nüans var. Əgər post-patrul xidmətinin əməkdaşı rayon Polis şöbəsi rəsinin əmri ilə müvəqqəti olaraq vakant yol patrul xidməti təyin edilibsə, protokol yaza bilər. Başqa hallarda isə ixtiyarı yoxdur”.
Ş.Əliyev deyir ki, kimdə intellek yuxarıdırsa, ölkənin qanunlarına tabe olmaq ruhu daha çoxdursa, çox incə məqamlarla buna yanaşır.

“Bəzən yol polisinin işıq verdiyini görən kimi sürücü ya əyləci basır, ya da kəməri taxır, yaxud da telefonla danışığı dayandırır. Amma elələri də var ki, heç yol polisinə əhəmiyyət vermir. Onlar kiməsə güvənən, ölkənin qanunlarına riayət etməyən şəxslərdir. Bu yaxınlarda keçmiş deputat Xeyrəddin Qocanın qızı ilə yol polisi əməkdaşı arasında olan mübahisəni oxudum. Niyə cəmiyyətdə yol polisinə bu qədər nifrət var? Əgər doğurdan da yol polisi əməkdaşı öz vəzifə səlahiyyətlərini aşıbsa, sui-istifadə edibsə, bununla bağlı dövlət orqanları var və onlara müraciət etməklə problemi aradan qaldırmaq mümkündür. Əgər rüşvət məsələsi realdırsa, rüşvət verənin də, alanın da qanunda cəzası var”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, bəzən qanunlara hörmət etməmək azərbaycanlıların psixologiyasından irəli gəlir.

“Ona görə də polis-vətəndaş münasibətlırində narazılıqlar yaşanır”.

Deputatın sözlərinə görə, yol polisləri də “süddən çıxmış ağ qaşıq” deyillər: “Bəzən də hansısa yol polisinin etdiyi hərəkətlər cəmiyyətdə narazılıq yaradır, münasibətləri gərginləşdirir”.

Millət vəkilinin fikrincə, yol polisi, eləcə də digər polis əməkdaşları vətəndaşa qarşı elə davranmalıdırlar ki, cəmiyyətdə özlərinə inamı, hörmət və ehtiramı möhkəmləndirsinlər, onlara fərq qoyulmasın.

“Bunun üçün yol polisi qanunlara düzgün riayət etməli, maarifləndirmə tədbirləri həyata keçirməlidir. Cəmiyyət isə qanuna sayğı göstərməli, dürüst hərəkət nümayiş etdirməlidir. Burada parlamentin də üzərinə məsuliyyət düşür. Azərbaycanda elə bir optimal sistem yaradılmalıdır ki, subyektiv meyllər minimuma ensin. Nəzərdə tutulan cəzalar obyektiv olsun.
Mən bunu dəfələrlə demişəm, bizim ölkəmizə xarici vətəndaşlar daxil olurlar və bəzən onlar şikayət edirlər ki, yol polisi əmakdaşları filan qanunsuzluqları etdi. Belə şeylər bizi aşağılayır. Həmçinin, bizim qadın yol polislərimiz olmalıdır. Qadının sərxoş olub-olmamasını yoxlamaq kişi işi deyil. Həmçinin qadınlar korrupsiya və rüşvətə bir o qədər meyilli deyil. Biz digər ölkələrdə olan təcrübələrdən istifadə etməliyik. Gürcüstanda patrul xidmətinin əməkdaşlarından istifadə edilir. Biz də bunu edə bilərik. Yol polisinin yükünü azaltmalıyıq. Mən düşünürəm ki, bu kimi halların aradan qaldırılması üçün qanunvericilkdə bir sıra dəyişikliyi etməyə ehtiyac var”.

Şərhlər

XƏBƏR LENTİ