XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Süleyman Mikayılovun şayiələr yaydırmasının şok təfərrüatı - İDDİA

Süleyman Mikayılovun şayiələr yaydırmasının şok təfərrüatı - İDDİA

Süleyman Mikayılovun şayiələr yaydırmasının şok təfərrüatı - İDDİA
20-06-2017, 16:39

Həftənin xəbərlərindən biri Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun nazir müavini gedəcəyi idi. S.Mikayılov fövqəladə hallar nazirinin müavinin postuna sahiblənmək eşqinə düşübmüş.
Mediada tirajlanan bu məlumatın səhih olduğu bilinməsə də, icra başçısına yaxın çevrədən sızdığı iddia edilirdi.
Onun böyük bir rayona rəhbər vəzifəsindən kənarlaşıb nazir müavini gedəcəyi inandırıcı da görünmürdü.
Çünki FHN-də vəzifə tutmaq Bakının ən böyük rayonlarından birinə rəhbərlik etməkdən üstün sayıla bilməz.
Sadəcə, bu xəbərin yayılmasında S.Mikayılovun özünün maraqlı olduğu söylənir. İcra başçısı nəbz yoxlaması aparmaqla reaksiyaları öyrənmək istəyib. Lakin gözləntilər özünü doğrultmadı.
Bir müddət əvvəl də onun Dövlət Gömrük Komitəsinə sədr getmək istədiyi haqda məlumatlar dolaşırdı. Halbuki, S.Mikayılov manevrlər etməklə hazırkı vəzifəsində qalmağa çalışır.
Onun islahatlar dalğasında icra başçısı postundan gedəcəyi qorxusu canından çıxmayıb. Prezident yeni kadrları müxtəlif vəzifələrə yerləşdirməklə korrupsiyaya bulaşmış və reputasiyası zədəli məmurları sistemdən kənarlaşdırır.
S.Mikayılov da bu dalğada vəzifəsini itirə bilər deyə müxtəlif dezinformasiyalar yaydırır ki, guya yüksək mövqelərə göndərilir. Siyasi rəhbərliyin isə ona münasibəti heç də müsbət deyil.

***
Qaradağın icra hakimi haqda başqa bir məlumat isə onun Naxçıvana gedişinə qeyri-rəsmi qadağa qoyulmasıdır.
İddialara görə, S.Mikayılovla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun münasibətləri ürəkaçan deyil.
İcra başçısı ilə Naxçıvan rəhbərinin arasında əlaqələr çoxdan korlanıb. Deyilənə görə, Talıbovun Mikayılovdan xoşu gəlmir və onu görən gözü yoxdur.
Ona görə də Naxçıvana səfərinə qeyri-rəsmi qadağa qoyub. S.Mikayılovun da V.Talıbovdan çəkindiyi bildirilir.
Hətta əvvəllər, icra başçısı ona qarşı gedirmiş. Bu ədavətin səbəbləri detallı açıqlanmasa da, Qaradağ şefinin Naxçıvan “xan”ına qarşı çıxdığı vaxtlar olduğu iddia edilir.
Hətta onların vaxtilə bir komandada təmsil olunduqları, sonrada Mikayılovun qruplaşmanı tərk etdiyi xəbər verilir. Bu siyasi xəyanəti bağışlamayan V.Talıbov bu günə kimi S.Mikayılovu “qara siyahı”dan çıxarmayıb.
Mətbuatda yayılmış məlumatlarda deyilir ki, başçı hətta o qədər arxayın düşüb ki, kluarlarda "mən Vasif Talıbova həmişə nifrət etmişəm” deyərək, heç vaxt ona tabe olmayacağını bildirib.
S.Mikayılovun yaxın günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacağı söhbəti daha çox danışılmağa başlanıb. Bu dəfə isə onun hər hansı vəzifəyə təyin olunacağı ciddi sual altındadır.
Mənbə bildirib ki, başçının yerinə təyin ediləcək adamın da adı səsləndirilir. Lakin bununla bağlı daha tutarlı arqumentlər qoyulmadığından kimliyini qeyd etmirik.
Sadəcə onun hazırda Milli Məclisdə təmsil olunduğunu deməklə hələlik kifayətlənirik. Məlumata görə, yaxın günlərdə S.Mikayılov haqda çox ciddi informasiyalar mediaya ötürüləcək.
Onun bəzi məclislərdə etdiyi çıxışların səs yazılarının, hansı ki, biz o çıxışlarda nələrin olduğunu hələ bilmirik, üstəlik, yol verdiyi korrupsiya əməllərinin, hətta guya saxta diplomunun olması ilə bağlı məlumatın mətbuatda geniş işıqlandırılması gözlənilir
***
Dəfələrlə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında məmurlara ciddi xəbərdarlıq edib.
Lakin bunlara baxmayaraq məmurlar, xüsusilə də özlərini "əyalət padşahları" hesab edən rayon icra başçıları əhaliyə və sahibkarlara qarşı özbaşınalıqlarını davam etdirirlər.
Bəs onda görəsən Prezident İlham Əliyevin "sahibkarları soyurlar, boğurlar, insanları incidirlər",- deyə sərt çıxışı kimə ünvanlanmış olub.
Əslində hər dəfə dövlət başçısının məmurlara qarşı bu cür sərt təpkisi bütövlükdə cəmiyyət tərəfindən dəstək qazanıb. Amma nə faydası.
Bir çox icra başçıları Prezident İlham Əliyevin göstərişlərinə əməl etməyərək, hətta davamlı şəkildə özbaşınalıqlarını davam etdirməklə dövlət başçısının söylədiklərinə kölgə salır.
Elə çıxır ki, Prezident İlham Əliyev imitasiya ilə məşğuldur. Belə bir icra başçılarından biri də Qaradağın “Çakır” ləqəbli Süleyman Mikayılovdur.
Qaradağın qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətə düşüb.
Süleyman Mikayılov isə yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirib. Obyektləri sökülməyən sahibkalar isə icra başçısına aylıq haqq ödəmələrə məcbur edilib.
Deyilənə görə, Qaradağın təkcə Lökbatan qəsəbəsində icra başçısına 5 möhtəşəm obyekt məxsusudur. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib.
Lənkəranı viran qoymuş icra başçısı Qaradağı da talan edərək andına sadiq qalıb. Görünür ki, icra başçısı vəzifədən gethagetdə son pislikləri də etmək fikrindədir.

***
Bəzi iddialara görə, S.Mikayılov MTN rəhbəri olmuş Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib.
Rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı E.Mahmudovun obyeklərinə dəyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı canfəşanlıq göstərib.
Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib.
Bu günlərdə isə ölkə mətbuatında qardaşı Bağır Mikayılovla bağlı yayılmış Qaradağ RİH başçısı üçün gözlənilməz zərbə olub. Həmin məlumatlarda deyilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır.
Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib.
Eyni zamanda, Qaradağ rayonunda, əksər yerlərdə rüşvətsiz tikinti həyata keçirmək mümkünsüzə çevrilib. Fərdi ev tikintisinə imkan vermirlər, ciddi problem yaradırlar. Bu problemlər heç də qısa şəkildə izah olunmaqla bitmir.
Qaradağın icra başçısı Süleyman Mikayılov, müavinləri Emil Abbasov və Elnur Qurbanov, meydan sulayırlar. Xüsusən də fərdi ev tikintisində şıdırğı rüşvət olduğu xəbər verilir.
Puta qəsəbə nümayəndəsi İsa Gözəlov, Korgöz qəsəbə nümayəndəsi Zaur Məmmədov, Qızıldaş qəsəbə nümayəndəsi İlham Yusifov, Çeyildağ qəsəbə nümayəndəsi Akif Cavadov icra başçısının komandasında yer alır və onların əlindən heç bir vətəndaş daşı daş üstünə qoya bilmir.

***
Hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Süleyman Mikayılov görəv başında son günlərini yaşayır.
Amma deyəsən Qaradağ rayonu kimi "yağlı tikəni" əlindən çıxarmaq istəməyən Mikayılov güvəndiyi dairələrdən mədət umur.
Süleyman Mikayılov yaxşı bilir ki, təkcə elə Qaradağ ərazisindəki daş karxanalarından əldə etdiyi gəliri hətta bəzi nazirlər yuxularında belə görə bilməzlər. Buna görə də bir neçə dəfə Qaradağdan yola salınması məsələsi gündəmə gələndə israr edib.
Bu dəfə də israr etməkdədir. Amma rayon mütləq əl dəyişdirəcək və Süleyman Mikayılov bir zamanlar prezident İlham Əliyevin deputatı olduğu Qaradağdan uzaqlaşdırılacaq. Bununla da qaradağlıların canı rəsmən qurtulmuş olacaq.
Süleyman Mikayılov bu gün Qaradağda sahibkarları o hala gətirib ki, hətta "yuxarılara" etdikləri şikayətləri də yetərsiz olur.
Bunu elə mətbuatda yer alan narazı məktublarından da müşahidə etmək olar. Əksinə, son anda şikayət edən tərəf daha da çətin duruma salınır.
Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır.
Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır.
Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür.
Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, bunlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil.
Onu da deyək ki, maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub.
2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib.
Bütün bu iddialar və ittihamlar, yayılan informasiyalar icra başçısının susqunluğu şəraitində daha da getdikcə artır.
Ancaq icra başçısı deyilənlərə münasibət bildirmir. Buna baxmayaraq, hec bir qərəzi olmadan qarşı tərəfə cavab haqqı tanıyır və S.Mikayəlovun mövqeyini dərc etməyə hazır olduğuni bildirir.

Gündəm-Xəbər

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.