SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi - Arif Quliyevin dəhşətli həyatı

Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi - Arif Quliyevin dəhşətli həyatı

Tarix:

8-05-2021, 10:32

/ 825 dəfə oxundu.
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi - Arif Quliyevin dəhşətli həyatı

Kulis.az-a istinadən dünən vəfat edən Xalq artisti Arif Quliyev haqqında maraqlı faktları təqdim edirik.
Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüquq da başa çatdığından küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub, xörək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir.
***
1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilir. Burada işləyən vaxt Mərkəzi komitənin təbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir.

Daha sonra teatr kollektivi ona qız axtarmağa başlayır. Tanış ailənin qızına elçi gedirlər. Kollektivin öz pulu ilə qıza nişan üzüyü də alırlar. Həmin ərəfədə Arif hərbi xidmətə yollanır. Geri qayıdanda nişanlısının başqa həmdəmi olduğunu eşidir və ondan ayrılır.
***
Elə həmin ərəfədə başqa bir qızı sevir, ona çox bağlanır. Qızgilin evinə gedib anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir. Qızın anası artistə qız verməyəcəyini deyir. Arif məcburiyyət qarşısında qalıb, sevdiyi qızdan ayrılır. Ancaq Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına elçiliyə gəlir, qızını ona vermək istədiyini bildirir. Bu dəfə də Arif onlara yox cavabını verir.
***
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir.

Arif Quliyev uşaq evində böyüyüb. Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır.
***
Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsi ilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır. Ona noğul verməyən uşağı isə bir ağacın altında tək dayanan görür, yaxınlaşır, noğuldan bir ovuc həmin oğlanın ovcuna tökür.
***
Arif Quliyev qocalar evinə gedəndə ora atılan ana və ataların qarşısında diz çöküb ağlayır, illərlə onlar kimi ata-ana axtardığını deyir. O, ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, valideynləri onu atdığına görə heç vaxt onları qınamayıb. Əksinə onu dünyaya gətirdikləri üçün valideynlərinə can sağlığı arzulayıb.
***
Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o, hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Və 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur.

Toy ərəfəsində bir qadın onun yanına gəlib, anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir.
***
Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər.

Onun toy etmək üçün pulu olmadığı üçün özünün yaratdığı Satira Teatrı ilə Qəbələ rayonuna gedir, orda otuz gün çıxış edir, konsertlərdən yığılan pulla özünə toy edir. Toyunun tamadası Eldəniz Rəsulov olur. Gülzar xanımla evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir.
***
Arif Quliyevin xanımı ağır xəstəliyə - Hepatit C virusuna yoluxur. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu haqda açıqlama verən Arif Quliyev heç kimdən kömək istəmir, həyat yoldaşının müalicəsi üçün vəsaiti özü qazanacağını söyləyir.

Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Bu barədə o, mətbuata verdiyi açıqlamasında deyir:
"Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı. Cavan olduğuna görə hamımız ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allahdan qəni-qəni rəhmət diləyirəm. Bu kədərli günümüzdə tanıyıb-tanımamağımdan asılı olmayaraq hamıya minnətdaram. Allah heç bir valideynə övlad dərdi verməsin."

Arif Quliyev teatrda işlədiyi dönəmlərdə "Təzə gəlin", "Gözün aydın", "Qaynana", "Hicran", "Durnalar qayıdanda", "Məhəbbət, şeytan və ağ ölüm" tamaşalarda maraqlı rollar yaradıb.
***
Onun yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim" bədii filmlərdəki obrazları da yaddaqalandır.
***
1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına və Xalq artisti adına layiq görülüb.
***
Arif Quliyev ötən gecə koronavirus xəstəliyindən vəfat edib.

Şərhlər

XƏBƏR LENTİ