SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Nəvələrimlə istirahət edərkən DTX və prokurorluq əməkdaşları gəldi" - həbs edilən məmura ağır cəza

"Nəvələrimlə istirahət edərkən DTX və prokurorluq əməkdaşları gəldi" - həbs edilən məmura ağır cəza

Tarix:

19-04-2021, 19:29

/ 634 dəfə oxundu.
"Nəvələrimlə istirahət edərkən DTX və prokurorluq əməkdaşları gəldi" - həbs edilən məmura ağır cəza

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsinin cinayət işi əsasında məhkəmə araşdırması başa çatıb.

Musavat.com xəbər verir ki, sabiq icra nümayəndəsi Məhərrəm Əhmədov 8 il 6 ay azadlıqdan məhrum edilib.

Ona qarşı irəli sürülən ittiham görə, aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaqları mənimsəyib, sərt karantin rejimində sərbəst hərəkət üçün müxtəlif adamlara arayışlar verib.

İttihamda yazılıb ki, sabiq icra nümayəndəsi Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatıyla həbs olunub. Onun yaşadığı evə və icra nümayəndəliyinin binasına baxış zamanı müxtəlif şəxslərə məxsus bank kartları tapılıb.

Əməliyyat zamanı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun Mican kəndindəki yaşadığı evə baxış keçirilib.

"Müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb. Məhərrəm Əhmədov yaxın qohumlarının adlarına plastik bank kartları açdırıb, bu yolla 2016-2020-ci illər ərzində 12 min 400 manat vəsaiti mənimsəyib. Baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işlədikləri barədə qanunsuz arayışlar, aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları götürülüb”,- deyə ittihamda göstərilir.

Bildirək ki, 65-yaşlı Məhərrəm Əhmədova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmə araşdırması zamanı Məhərrəm Əhmədov ittihamı qəbul etməyib. O, özünün təqsirsiz, cinayət işinin materiallarında onun haqqında yazılanların da yalan olduğunu deyir.

İfadə verən zaman Əhmədov vurğulayıb ki, səhhətində ciddi problemlər var, ağır diabet, ürək və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkir.

“34 il dövlət qulluqçusu olmuşam, dövlət başçısı məni 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edib.

Bazar günü nəvələrimlə birlikdə istirahət edərkən DTX və prokurorluğun əməkdaşları gəldi. Mənə dedilər ki, sosial şəbəkələrdə dövlətin ayırdığı yardımı evimə aparmağım, qohumlarıma paylamağım haqda məlumatlar yayılıb. Evimdə axtarış aparılacağı haqda məlumat verildi.

Məndən rəsmi formada geyinməyimi istədilər. Dedilər ki, iş yerimə gedəcəyik. Biz gedəndə onların bir hissəsi evimdə qalıb axtarışı davam etdirdilər. İşdə xidməti otağımdakı seyfdə iki gün əvvəl aldığım əməkhaqqı - 950 manat pul vardı. Onu stolun üstünə düzüb, şəklini çəkdilər. Otaqdakı şkafda iki köhnə, işlənməyən əməkhaqqı kartı vardı. Onu da götürdülər. Məni prokurorluğa aparıb, gecə saat 2-yə qədər orada saxladılar”,- deyə Məhərrəm Əhmədov ifadəsində bildirib.

Bu iş üzrə İsmayıllıda Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Vidadi Məmmədov da sabiq icra nümayəndəsi ilə birlikdə mühakimə olunub.

Onun haqqında cinayət işinə CM-in 73-1.2 maddəsi əsasında xitam verilib. Orada göstərilib ki, CM-in 179.2 (mənimsəmə) maddəsilə ittiham olunan şəxs zərərçəkmişlə barışıb, dəymiş ziyanı tamamilə qarşılasa və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi qədər dövlət büdcəsinə ödəniş etsə, cinayət məsuliyyətindən azad edilir.

Qeyd edək ki, Vidadi Məmmədov istintaq və məhkəmə dövründə də həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Keçmiş icra nümayəndəsi deyir ki, cinayət işinin materiallarında haqqında bəhs olunan qohumları qardaşı və qardaşı oğludur.

Onları da Vidadi Məmmədov işə götürüb: “İşə götürülən qardaşım birinci qrup əlildir. İki gözü görmür, imkansız adamdır. Onlar İsmayıllı Kommunal Müəssisələr Kombinatının rəisinə ərizə ilə müraciət ediblər. 2012-ci ildə dövlət başçısının sərəncamı ilə şəhər kəndə birləşdirildi. Həmin vaxt Mican kəndindən şəhərin mərkəzinə sahibsiz heyvanlar girirdi.

Mənim iki qohumum da həm ətrafı təmizləmək, həm də mal-qaranı qovub, şəhərin mərkəzinə girməsinin qarşısını almaq üçün Vidadi Məmmədovun razılığı ilə işə götürülmüşdülər. Sonradan onlar işdən çıxarıldılar. Kartlar da onların kartı idi”.

Araşdırma zamanı arayışların verilməsinə gəlincə, o bildirib ki, heç kimə qanunsuz sənəd verməyib. O adamların hamısı təsərrüfatla məşğul olublar və əkin sahələrinə gedib-gəlmək üçün arayış verilməsinə ehtiyac olub: “Heç kim məndən arayış alanda qarşılığında pul və ya başqa nəsə verdiyini deyə bilməz”.

2009-2020-ci illərdə İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi işləmiş Vidadi Məmmədov təsdiqləyib ki, sabiq icra nümayəndəsinin qardaşı gözdən əlil idi.

Ailənin dolanışığı üçün onun oğlunu işə götürüb: “Axşamlar saat 18:00-dan 23:00-a kimi şəhərin içindəki yaşıllıqlara mal-qaranın girməyə qoymamasını tapşırmışam. Ola bilsin ki, onun işinə nəzarət etməmişəm, bununla israfçılığa yol vermişəm. İsraf olunan 2268 manat pulu da ödəmişəm. Bu məbləğin 25 faizini də dövlət nəfinə köçürmüşəm”.

Xatırladaq ki, Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bundan başqa, o, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyib.

Şərhlər

XƏBƏR LENTİ