SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Şuşa adı ilə dünyaya səslənən media orqanlarımızın yaradılmasına ehtiyac var"

"Şuşa adı ilə dünyaya səslənən media orqanlarımızın yaradılmasına ehtiyac var"

Tarix:

29-01-2021, 21:34

/ 691 dəfə oxundu.
"Şuşa adı ilə dünyaya səslənən media orqanlarımızın yaradılmasına ehtiyac var"

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib. Qəbul zamanı Şuşada görüləcək işlərin önəminə diqqət çəkən ölkə başçısı, Şuşanın bütün dünyada tanıdılmasının vacibliyinə toxunub, indidən müxtəlif ölkələrdə bununla bağlı sərgi və təqdimatların keçirilməli olduğunu bildirib.

Bəs Şuşanın tanıdılması prosesində medianın yeri və rolu nədən ibarətdir?

Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ümumən medianın məsələyə işğaldan azad edilmiş torpaqlarımızın dünyaya tanıdılması kontekstində yanaşmasının tərəfdarıyam. İllər ərzində jurnalistlərimiz həmin torpaqların zəbt edildiyini bildiriblər. Bu gün biz ərazilərimizə sahibləndiyimizi göstərməliyik. Azadlığına qovuşmuş torpaqlarımızın hər daşı, hər qayası, hər yamacı dil açıb özünün Azərbaycana məxsusluğunu anlatmalıdır. Bunu biz etməliyik.

O ki qaldı Şuşaya, bəli Şuşanın bizim üçün önəmi böyükdür. Prezident İlham Əliyev çıxışlarında bunu kifayət qədər əhatəli vurğulayır. Bu önəm dövlət siyasətinin müxtəlif elementlərində də özünü göstərir və zamanla daha ardıcıl şəkildə göstərəcəkdir. Mövcud yanaşma media siyasətində də özünü göstərməlidir.
Biz Qarabağı həm də ona görə itirmişdik ki, ora ilə aramızdakı bağ kifayət qədər güclü deyildi. İndi bağı gücləndirmək zamanıdır. Bu prosesdə medianın üzərinə böyük yük düşür. Hesab edirəm ki, sırf Şuşa adı ilə, eləcə də işğaldan azad olmuş torpaqlarımızın adı ilə dünyaya səslənən media orqanlarımız yaranmalıdır. Bu baxımdan bölgə qəzetlərinin rolunun artırılmalı olduğu qənaətindəyəm. Söhbət Şuşadan gedirsə, Şuşa adı ilə dünya çapında qəbul edilən internet media resurslarımız, telekanallarımız, radiolarımız olmalıdır. Dünya onların fəaliyyəti ilə bizim bölgəyə bağlılığımızı görməli, yaddaşına həkk etməlidir.

Təbii ki, medianın fəaliyyəti həm də dövlət siyasətinin təbliği ilə ölçülür. Dövlətimizin başçısı əmin edir ki, Şuşa, bütövlükdə Qarabağ bölgəsi tamam başqa sima qazanacaq. Bu, bölgədə aparılacaq geniş quruculuq və abadlıq işləri ilə gerçəkləşdiriləcək. Ərazilərimizin böyük turizm potensialı var. Qarşıdakı müddətdə bu amillər medianın fəaliyyət spektri baxımdan mühüm əhəmiyyət daşıyacaqdır”.

Şərhlər

XƏBƏR LENTİ