XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ramiz Rzayev də YOLA SALINIR... - GƏLİŞMƏ

Ramiz Rzayev də YOLA SALINIR... - GƏLİŞMƏ

Ramiz Rzayev də YOLA SALINIR... - GƏLİŞMƏ
28-08-2020, 01:38

Təxminən, bir il öncə ölkə başçısı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə bütün məhkəmə sədrlərinə və hakimlərinə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. Qeyd edək ki, sözügedən fərmanda digər bir çox mühüm məqamlara toxunulsa da, hələ də məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını görmək mümkün deyil.

Odur ki, tez bir zamanda bu sahədə ciddi islahatlara başlamağın vacibliyini vurğulayan məlumatlı şəxsin Hurriyyet.org-la paylaşdığı informasiyaya görə, bu ilin sonuna qədər Ali Məhkəmənin sədri Ramiz Rzayev tutduğu vəzifədən kənarlaşdırılacaq. Ramiz Rzayevin 15 ildən artıqdır ki, sözügedən postda təmsil olunduğunu deyən mənbə iddia edir ki, o, Məhkəmə-Hüquq Şurasının üzvlüyündən də xaric ediləcək. Bu barədə ətraflı danışmazdan öncə prezidentin qeyd olunan fərmanına toxunan məlumatlı şəxs orada məhkəmə-hüquq sisteminin inkişafına ciddi təkan verəcək önəmli məsələlərin öz əksini tapdığını vurğulayıb: “Lakin buna baxmayaraq, fərmanda göstərilən bir çox məsələlər indiyədək müsbət istiqamətdə həll olunmayıb. Bunun ən başlıca səbəbi isə ölkədə Rusiyanın maraqlarına xidmət edən “5-ci kolon”un mövcudluğudur. Hər kəsə bəllidir ki, məhkəmə-hüquq sisteminin inkişafı ölkədə biznes mühitinin əlverişliliyinin artırılmasına ciddi təkan verir. Biznesin, sahibkarlığın inkişafı isə iqtisadiyyatın güclənməsinə gətirib çıxarır. İqtisadiyyatı güclü olan dövlət isə güclü orduya sahib olmaqla yanaşı, heç kimdən və heç nədən çəkinmədən müstəqil siyasət yürüdə bilir. Məhz bu səbəbdən də “5-ci kolon”un başında duranlar və nümayəndələri mühüm əhəmiyyət kəsb edən bu tipli fərman, qərar və qanunların kağız üzərində qalmasına çalışırlar. Lakin Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılmasıyla vəziyyət müsbətə doğru dəyişir. Yəni artıq verilən fərmanların icrasına ciddi nəzarət var”.

Ali Məhkəmənin sədrinin vəzifə karyerasında irəliləməsində Ramiz Mehdiyevin əvəzsiz rolu olduğunu iddia edən mənbənin sözlərinə görə, artıq Ramiz Rzayevin də vəziyyəti heç də yaxşı deyil: “Hüquqşünaslar da təsdiqləyərlər ki, köklü kadr islahatı aparılmadan məhkəmə-hüquq sistemində müsbətə doğru ciddi nəticələr əldə etmək mümkün deyil. Odur ki, ölkə başçısının fərmanından sonra müvafiq qurumlar məhkəmə-hüquq sistemində uzun illərdən bəri mövcud olan nöqsanların aradan qaldırılmasına çalışırlar. Onların qarşısında Ramiz Mehdiyev kimi bir əngəlin olmadığını nəzərə alsaq, başladılan islahatlar bir çox məhkəmə sədrlərinin istefaya göndərilməsi, məhkəmə və icra orqanlarında rüşvətin yığışdırılmasına gətirib çıxaracaq. Başladılan təmizləmə kampaniyası çərçivəsində tutduğu postdan kənarlaşdırılacaq ilk məhkəmə sədrlərindən biri də Ramiz Rzayevdir. Deyilənlərə görə, Ali Məhkəmənin sədri bu ilin sonanu qədər vəzifəsdən uzaqlaşdırılacaq. Onun yerinə isə daha gənc və perspektivli, adı xoşagəlməz olaylarda hallanmayan, məhkəmə-hüquq sistemində mövcud olan qanunsuzluqların aradan qaldırılmasında maraqlı olan hakimlərdən biri təyin olunacaq”.
Hurriyyet.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.