SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Milli həmrəylik alındı

Milli həmrəylik alındı

Tarix:

17-07-2020, 13:28

/ 1 777 dəfə oxundu.
Milli həmrəylik alındı

İyul ayının 12-də Ermənistan silahlı qüvvələri xəyanətkarcasına dövlət sərhədimizə təcavüz edərək, Tovuz rayonu ərazisində yerləşən milli ordumuzun mövqelərini ağır silahlardan atəşə məruz qoymuşdur. Bu təxribatı gözləməyən silahlı qüvvələrimizin yüksək çinli zabitləri və əsgərləri şəhid olmuşlar. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa, şəhid yaxınlarına səbr istəyirik. Ermənilər həm də Tovuz rayonunun sərhəd kəndləri olan, düşmən qarşısında mərdlik rəmzinə çevrilmiş Ağdam, Əlibəyli, Dondar Quşçu və Vahidləri, habelə Ağstafa və Qazax rayonlarının sərhəd kəndlərini də atəşə tutmuşlar. Bir nəfər dinc sakin şəhid düşmüş, əhalinin mülklərinə ciddi ziyan dəymişdir.
Döyüşə atılan ordumuz qısa zaman kəsiyində nəinki düşmənin layiqli cavabını vermiş, eyni zamanda onların və havadarlarının təxribat planını darmadağın etmişlər. Milli ordumuzun strateji və taktiki döyüş bacarığı düşmənin planlaşdırdığı və həyat keçirmək istədiyi hərbi nəticələri tam əks istiqamətə dəyişdiyinə görə, Ermənistanın siyasi rəhbərliyi və onların məlum havadarları çox çətin vəziyyətə düşümüşlər.
Onları şoka salan digər məsələ Azərbaycan daxilində baş verən gözlənilməz siyasi proseslər olmuşdur. Belə ki, öz şəhidlərini layiqli səviyyədə dəfn edən millətimizin qeyrətli oğulları və qızları, ordumuzu və Prezidentimizi dəstəkləmək üçün yürüş təşkil etmişlər. Insan seli əvvəlcə Azadlıq meydanına, daha sonra isə Şəhidlər xiybanına hərəkət etmiş, Milli Məclisin qarşısında öz dəstəklərini nümayiş etdirərək, dağılmışlar. Xalq tərəfindən təşkil olunan və elə onun tərəfindən də həyat keçirilən dəstək aksiyasına gölgə salmaq istəyən təxribatçıların cavabını da xalq və peçəkar polislərimiz vermişdır. Xalqımız bütün dünyaya, torpaqlarının işğaldan azad edilməsi üçün hazır olduğunu və Ali Baş Komandanı dəsdəklədiklərini bir daha bəyan etmişlər.
Xalqın bu addımını bəyənən siyasi partiyalar Azərbaycanın müstəqillik tarixində bir ilkə imza atmışlar və birgə Bəyanat qəbul etmişlər. Qeydiyyatdan keçmiş 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Həmin birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirmişlər. Qeyd etmək lazımdır ki, siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
Ölkəmizdəki siyasi partiyaların əksəriyyəti milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək, öz susqunluqlarını qoruyaraq kənardan müşahidə etməyə üstünlük verirlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər. Xalqımız belə bir həssas dönəmdə kimin kim olduğunu yaxşı görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi şəxsi siyasi ambisiyalardan daha üstün tutduğunu düzgün dəyərləndirir, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir.
Xalqımız bir daha öz iradəsini ortaya qoyaraq bəyan etdi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü və qüdrətini, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir və nəticə çıxarmağı bacarır. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.

Nərimanov rayonundan iş adamı – Əliyev Adil Fikrət oğlu

Şərhlər

XƏBƏR LENTİ