SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vitse-spikerin müəmmalı keçmişi: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təklif edilən Adil Əliyev kimdir?

Vitse-spikerin müəmmalı keçmişi: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təklif edilən Adil Əliyev kimdir?

Tarix:

4-06-2020, 13:22

/ 1 550 dəfə oxundu.
Vitse-spikerin müəmmalı keçmişi: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təklif edilən Adil Əliyev kimdir?

Milli Məclisin iyunun 5-də keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında məsələ müzakirəyə çıxarılacaq. Məlumata görə, Komissiya üzvləri sırasına aşağıdakı şəxslər daxil edilib: Adil Əliyev, Ağazadə Əminə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev, Səfa Mirzəyev. Siyahıda yer alan vitse-spiker Adil Əliyevlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlaşdığımız məlumatlar maraq doğurur.
“Vor zakon”luq arzusundan deputatlığa
1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş A.Əliyev sovet dövründə Bakıda orta idman məktəbini bitirib. İdmançı kimi də özünü təsdiq edə bilməyən, fiziki cəhətdən zəifliyi ilə həmyaşıdlarından seçilən Adil Əliyev hərbi xidmətini SSRİ hərbi dəniz qüvvələrində keçib. Bir müddət donanmada qalan Əliyev daha sonra Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra Azərbaycana qayıdıb. Yeni yaradılan Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi “düzələn” A.Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb. Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər baş polis idarəsinə rəis təyin edilməsi ilə A.Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır. Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam edən Əliyev neft oğurluğu ilə məşğul olub. Sonralar Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da çoxlarına məlumdur. Eyni zamanda cumhuriyyet.az yerli mediada yer alan məlumata istinadən bildirir ki, həmin illərdə A.Əliyevin ən böyük arzusu cinayət aləmində nüfuz sahibinə çevrilmək və “oğru” adı almaq olub. Amma “avtoritetlərin” birmənalı şəkildə onu qəbul etməməsi Əliyevi bərk məyus edib. Daha sonra kriminal hərəkətlərini polis mundiri ilə maskalayan A.Əliyev qoçu dəstəsini də polis orqanlarına yeritməyə müəssər olur. Kriminal dünya ilə polis fəaliyyətini sintez edən Adil Əliyev artıq istədiyi adamı tuta, döyə, pulunu, malını əlindən ala bilərdi.
1994-cü ildən Səbail rayon polis idarəsinin 39-cu polis bölməsində rəis müavini kimi işə başlayan dəstə başçısı A.Əliyev qoçu rəis müavininin hazırkı biznesinin başlanğıc kapitalını məhz bu vaxtlar topladığı bildirilir. A.Əliyevin şəxsən iştirakı ilə uğurlu biznesmenlər şərlənərək tutulur, daha sonra birbaşa 39-cu bölmədə linc edilərək varı-yoxu, hətta evləri belə əllərindən alınaraq küçəyə buraxılırdılar. Əlacsız qalan, yuxarı instansiyalara şikayət etməkdən qorxan onlarla belə insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi haqda həmin şəxslərin özlərinin təsdiqlədiyi faktlar var. Artıq şəhərin mərkəzi rayonunda quldur-polis imici qazanmış A.Əliyev cinayətlərinin üstünün gec-tez açılacağını anlayaraq qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçir. Qanunsuz əməllərini burada da özünəməxsus tərzdə həyata keçirməsi qısa müddət ərzində Bakı-Krasnovodsk, Bakı-Şevçenko marşrutu ilə üzən bərələrin boş qalmasına gətirib çıxarır. Bərənin xidmətindən istifadə edən biznesmenlər “Adil Əliyev faizi” ucbatından öz mallarını daha təhlükəli olan Çeçenistan marşurutu ilə aparıb-gətirməyə başlayırlar. Məlumatlara görə, A.Əliyevin dəstəsi dəniz vağzalında dəfələrlə xərac verməkdən imtina edən şəxsləri vəhşicəsinə döyüblər. Bərələrin boş qaldığını, gəlirin ciddi şəkildə azaldığını görən Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun işə qarışması ilə A.Əliyevi və onun 39-cu bölmədən Bərə polisinə gətirdiyi bandit dəstəsi buradan da uzaqlaşdırılırlar. Daha sonra o Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi təyin edilir. Bir neçə il də burada cinayətkar fəaliyyətini polis mundiri altında davam etdirən A.Əliyev daha sonra başının dəstəsi ilə birlikdə Yasamal polisinə göndərilir. 2003-cü ildə Nərimanov polis idarəsinin 16-cı bölməsinin rəisi təyin edilən A.Əliyev burada da öz “dəsti-xətti” ilə yaddaşlarda qalır. 2005-ci ildə artıq adının kriminal söhbətlərdə tez-tez çəkildiyini nəzərə alaraq A.Əliyev polis orqanları ilə vidalaşır. 10 ildən çox müddətdə polis mundiri ilə qanunsuz yollarla qazandığı milyonlarla pulu biznesin müxtəlif sahələrinə yatıraraq burada leqallaşdırır. Biznesini qorumaq və düşmənlərindən də qorunmaq üçün siyasi fəaliyyətə başlayan Əliyev 2005-ci ildə Milli Məclisə deputat seçilir.
Restoran biznesi və adaşıyla “razborka”
Mediada yer alan başqa bir məlumata görə, Millət vəkili Adil Əliyevin həm də yaxşı biznes işləri ilə məşğul olduğu çoxlarına məlumdur. Bu günlərdə maraqlı bir məlumat əldə etdik ki, hörmətli millət vəkilinin “Nərimanov” rayonu ərazisində “Odissey” adlı həddindən artıq dəbdəbəli bir restoranı var. Restoranın Bakı şəhərinin ən bahalı və gözəl restoranlarından biri olduğu deyilir. Restoranın içi başdan-başa əl işləri ilə oyulmuş heykəlciklərlə bəzədilib. Restoranın tikintisi və təmiri üçün təxminən 2-3 milyon manat vəsait xərcləndiyi bildirilir. Daha bir diqqət çəkən məqam odur ki, bu qədər vəsaitə restoran tikdirən Adil Əliyev tikinti vaxtı işçiləri incidərək, onların pullarını gecikdirməklə məşğul imiş. Hətta bir dəfə Adil adlı bir işçi balta ilə cənab deputatı vurmaq istəyirmiş ki, “atam atana borclu deyil ki, haqqımızı niyə vermirsən?” Yalnız bundan sonra digər ustalar deputatı adaşının əlindən zorla ayırıblar və elə həmin gün işçilərin pulu ödənib.
Erməni ilə iş birliyi?
Qeyd edək ki, millət vəkilinə qarşı ard-arda çox ciddi ittihamlar səsləndirilib, Adil Əliyev qarşı tərəf kimi ittihamlarla bağlı mövqeyini bildirsə də görünən odur ki, onun dedikləri ictimai rəyi tam olaraq qane etməyib. Əslində Adil Əliyevin cavablarını bir qədər yarımçıq da adlandırmaq olar. O ya birmənalı olaraq haqqında yazılanları “şər-böhtan” adlandırır, yaxud da Çexiya biznesi mövzusunda olduğu kimi dolaşıq açıqlamlarla yadda qalıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, sənədlərlə ortaya qoyulan məlumatlarda iddia edilir ki, Adil Əliyev və ortaqları 2001-ci ildə Çexiyada öz biznesini qurmaq üçün bu ölkədəki yerli şirkətlərdən birini satın almaq qərarına gəlir. Danışıqlar o zaman Karlovı Varının Krale Jiriho küçəsi 31 ünvanında yerləşən , “Hasval” s.r.o. (hasval çox ehtimal ki, ermənicə sözdür) şirkətinin sahibləri ilə aparılır. Çexiya Ədliyyə Nazirliyindən 25229966 saylı lisenziya ilə 8 dekabr 1998-ci ildə qeydiyyatdan keçmiş şirkətin sahibləri isə… ikisi etnik mənsubiyyət baxımından erməni olmaqla 4 Rusiya vətəndaşı olub.
Sənədlər onun vaxtilə Çexiyada biznesinin olduğunu, 2016-ci ildə biznesini qardaşının ailəsinə devretdiyini göstərir. Düzdür, Çexiyada biznesə başlayanda o deputat deyildi, amma polis orqanlarında heç də kiçik vəzifə də tutmurdu. Həmin ərəfədə o, Kikboksinq Federasiyası prezidentliyinə yenicə seçilmişdi. 2001-ci ilin iyununda Adil Əliyev, qardaşı oğlu Ruslan Əliyev və digər kompanyonu Rusiya Federasiyası Dzerjinsk şəhəri, 1-ci mikrorayon 35/91 ünvanında qeydiyyatda olan 26 may 1971-ci il təvəllüdlü Olqa Krassovskaya “Hasval” şirkətinin sahibləri ilə razılaşma əldə edirlər. Yeni kompanyonlar adından Olga Krassovskaya şirkətin sahibləri ilə 8 iyunda alqı-satqı müqaviləsinin bağlanması, notarial proseslərin aparılması üçün Rusiya paytaxtındakı Melniçenko E.O. notarial kontorunda (lisenziya nömrəsi 977) bir araya gələrək, Karlovı Varıdan gələn vəkil Roman Şlexteyə etibarnamə verirlər. Bundan 4 gün sonra, yəni iyunun 12-də şirkətin yeni təsisçilərə devredilməsi barədə notarial müqavilə imzalanır. Avqustun 21-də şirkət yeni ünvan göstərilməklə reyestr xidmətinə yenidən qeydiyyata təqdim olunur. Sənəddə göstərilir ki, “Hasval” bundan sonra West End Center adlandırılacaq.

Sentyabrın 6-da isə Adil Əliyev və qardaşı oğlu Ruslan Əliyev Baqdasaryan və şəriklərindən notarial müqavilə ilə satın alınan şirkətdə pay bölgülərinin müəyyənləşdirilməsi, eləcə də müvafiq sənədləşmənin aparılması üçün Moskvada vəkil Şlexteyə etibarnamə verirlər.

26 sentyabrda şirkət Ədliyyə Nazirliyində yenidın qeydiyyata alınır və Olqa Krassovskaya 50%, Adil və Ruslan Əliyevlər isə hər biri 25 faiz paya sahib olurlar. Şirkətin yeni ünvanı Karlovy Vary, Zahradní čp. 616/1 olaraq göstərilir. Onun idarə olunması isə Çexiyada yaşayan 11 nogabr 1971-ci il təvəllüdlü azərbaycanlı Fəxrəddin Mirzoyevə həvalə olunur.

2004-cü il yanvarın 8-də şirkətin yeni kompanyonlar tərəfindən alınması prosesi tam başa çatır, keçmiş sahiblərinə bu müddətdə 298 min ABŞ dolları ödənilir, əvvəlki təsisçilər qarşısında heç bir öhdəlik qalmır. Vəsait hissə-hissə ödənilir;

13 iyun 2001-ci ildə 58 min dollar (o zamankı kursla 2.181.902 çex kronu);
14 iyun 2001-ci ildə 180 min dollar (yəni 6.771.420 kron);
31 sentyabr 2001-ci ildə 35 min dollar (1.316.665 kron);
6 fevral 2002-ci il tarixdə 25 min dollar (875.900 kron).
Ödəmə ilə bağlı 8 yanvar 2004-cü il tarixli notarial sənəddə Ruslan Əliyevin imzası olsa da, aydın məsələdir ki, bu ödəmə digər təsisçilərin iradəsindən kənar olmayıb.

2004-cü il yanvarın 4-də Olqa Krassovskaya şirkətdən ayrılır, şirkət bütünlüklə Adil və Ruslan Əliyevlərə aid olur (Ruslan Əliyev 75 faiz, Adil Əliyev 25 faiz). Həmin il martın 30-da şirkətdə yenidən pay bölgüsü aparılır və Adil və Ruslan Əliyevlər hər biri 50 faizlik paya sahib olurlar. 2005-ci ildə Adil Əliyev deputat mandatı alsa da, biznes fəaliyyətinə davam edir.

2005-ci ildə şirkətə Karlovı Varı sakini Roman Stanov şirkətə müdir təyin olunur. 2010-cu ildə Ruslan Əliyev özünün 50 faizlik payını Yunan Kiprinə aid Ara Holding Limited şirkətinə satır. 2011-ci ilin maliyyə hesabatına görə şirkətin mal varlığı 17 milyon, 2015-ci ildə isə 20 milyon krona yaxın olur (o zamankı kursla 1 milyon dollar civarında). Şirkətin əmlakı evlər, inşaat sahəsi və torpaq sahələri təşkil edir. 15 iyul 2012-ci ildə Adil Əliyev öz hissələrinj Aybəniz Əliyevanın adına keçirir. 2016-cı iıin aprelinə qədər Aybəniz Əliyeva şirkəti Ara Holdinqlə şərik idarə edir. 2016-cı ilin aprelin 7-də Adil Əliyevin qardaşı Allahverdi Əliyev və onun həyat yoldaşı Tamara Əliyeva şirkətdə pay sahibi olurlar. Eyni zamanda Ara Holding ortaqlığı tərk edir, bu şirkətə aid hissələr yenidən Ruslan Əliyevə keçir.

Şərhlər

XƏBƏR LENTİ