SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » O yeni mədəniyyət naziri olacaq — NAMİZƏDLƏR VƏ EHTİMALLAR

O yeni mədəniyyət naziri olacaq — NAMİZƏDLƏR VƏ EHTİMALLAR

Tarix:

22-05-2020, 14:39

/ 5 395 dəfə oxundu.
O yeni mədəniyyət naziri olacaq — NAMİZƏDLƏR VƏ EHTİMALLAR

Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad edilməsi ictimai rəydə müsbət qarşılanmaqla yanaşı ciddi müzakirələrin də ortaya çıxmasına səbəb olub. Yeni nazirin kimliyi, hansı namizədin bu sahədə gözləntiləri doğrulda biləcəyi ilə bağlı müxtəlif fikir və ehtimallar səsləndirilir.

Sfera.az mövzunun aktuallığını nəzərə alaraq mədəniyyət naziri postuna ən real namizədlər haqda ehtimallarını irəli sürür.

Beləliklə, yeni mədəniyyət naziri vəzifəsinə ən şanslı namizədlərlə tanış olaq.

Vüqar Zeynalov - Səbail rayonu icra hakimiyyətinin başçısı vəzifəsini daşıyır. O, 1976-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin də məzunudur.

Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində direktor, 2012-ci ildən Nizami Kino Mərkəzinin direktoru, 2015-2018-ci illərdə isə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yusuf Məmmədəliyev - Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi. 1979-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib. 2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

İngilis, ispan, rus və türk xarici dillərini bilir.

2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilmişdir

Fuad Muradov- Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004-2012-ci illərdə isə sədri olub.

2005-ci ildə keçirilmiş III Çağırış, 2010-cu ildə keçirilmiş IV Çağırış, 2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. Bitərəfdir. Məlumatlara görə, Fuad Muradov karyera yüksəlişində sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müstəsna rolunun olduğu bildirilir.

Murad Adıgözəlzadə - Azərbaycan Dövlət Filarmoniyasının direktoru . 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına ixtisas musiqi məktəbinə daxil olub.

1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb.

1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb. 2004-cü ilin Mart ayında Moskva Dövlət Akademik Filarmoniyasının Solisti fəxri adına layiq görülüb. 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Qızıl Xaç" ordeni ilə təltif olunub.

Azərbaycanın görkəmli pianoçusu, professor Zöhrab Adıgözəlzadənin oğlu, görkəmli Azərbaycan yazıçısı İmran Qasımovun nəvəsidir.

İntiqam Babayev - 20 ildir gənclər və idman nazirinin müavini vəzifəsində çalışır. 22 iyun1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetdə ali təhsil almış, tarix fakültəsinin məzunu olmuşdur. 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, İnzabati idarəetmə fakültəsinin məzunu olmuşdur.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999 – 2000 ildə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci ildən etibarən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib. Belə ki, vaxtilə Əbülfəs Qarayevin müavini olan İntiqam Babayev daha sonra Azad Rəhimovun müavini olaraq vəzifəsinə davam etmişdir.

Balaş Qasımov – İctimai Televiziyanın baş direktoru. 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub. Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. "Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

2004-cü ildə "Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb.

Beynəlxalq "Nə? Harada? Nə zaman?” Klubları Assosiasiyası tərəfindən 2010-cu ildə "İlin adamı” seçilib.

2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş” , "Brilyant bayquş”, "Klubun ən yaxşı kapitanı” mükafatlarına layiq görülüb.

2018-ci ilin may ayından İctimai Televiziyanın baş direktorudur.

2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Şərhlər

XƏBƏR LENTİ