XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bivec deputatlar: karantində də xalqdan üz çevirdilər...

Bivec deputatlar: karantində də xalqdan üz çevirdilər...

Bivec deputatlar: karantində də xalqdan üz çevirdilər...
8-04-2020, 14:42

Yeni parlamentə də bir “quş”

Fransada sol fikirli gənclər ibrətamiz və kreativ şüarla çıxış ediblər: Bizim qəzəbimiz karantində qalmayacaq...
Bu plakatı azərbaycanlı seçicilər də karantindən sonra Milli Məclisin üzvlərinin qarşısında qaldıra bilərlər.
İslahatçı və yeniçəri parlament adlandırılan, 80-dən çox üzvü köhnələrdən təşəkkül tapmış yeni MM-ə də bir “quş” söyləmək olar.
Pandemiya dövründə xüsusi karantin rejimi ilə bağlı yaranmış mənzərə, insanların küçəyə çıxmaq qadağası hazırkı parlament üçün bir sınaq idi.
Deputatlar seçicilərinə qarşı necə canıyanan, rəhmli, qayğılarına qalan olduqlarını göstərmək üçün ən azı imtiyasiya edə bilərdilər.
Amma bir neçə millət vəkili istisna olmaqla, heç biri nə kasıb seçicisinə ərzaq, nə tibbi ləvazimat daşıdı, nə maaşından Koronavirusla Mübarizə Dəstək Fonduna bağışladı.
Anaxeber.info yazır ki, deputatlar bu dəfə də xalqdan olmadıqlarını, bivec, etinasız, laqeyd bir varlığa çevrildiklərini nümayiş etdirdilər.
Parlament kreslosunun dadını yeni bilənlər, heç 2 ay üst-üstə Milli Məclisdə çıxış edə bilməyən deputatlar ən azı seçicilərinə yaxın olduqlarını göstərməliydilər. Amma biz onların evdən çölə çıxdığını görmürük.
Bu gün hər bir seçki dairəsində çörəyə möhtac, işsiz, övladının ehtiyaclarını qarşılaya bilməyən, yoxsul və səfalət içində yaşayan, kredit və kirayə borcunu ödəmək imkanı olmayan, sərt karantin rejimi ucbatından evdən çıxıb üç-beş manat qazanmağa gedə bilməyən yüzlərlə seçici var.
Amma parlamentin istərsə biznesmen, istərsə deputatlıq fəaliyyətində debüt edən üzvləri həmin ailələrin qapısına açıb maraqlanmırlar ki, onlar necə dolanırlar. Ən azı maaşlarından həmin ailələrə ərzaq ala bilərdilər.
Bu, həm xalqa, həm də dövlətə dəstək olardı. Təkcə prezident və mütəlif qurumlar deyil, millət vəkilləri də çətin vəziyyətdə əhaliyə kömək etməliydi.
Amma iqtidar deputatlarının etməli olduğunu məsələn, 35 saylı Xətai III seçki dairəsindən qalib çıxmış Ümid Partiyasının sədri İqbal Ağazadə etməkdədir. Ümid Partiyasının üzvləri kasıb, ehtiyacı olan ailələrə yardım paylayıblar. Bax, parlamentə bu cür namizədlər düşməliydi.
Söhbət təkcə İ.Ağazadədən getmir, ümumiyyətlə, xalqa yaxın, ondan uzaq gəzməyən siyasətçilər Milli Məclisdə təmsil olunmalıydılar.
Ancaq diqqət edin, üst-üstə az qala 30 ildən çoxdur ki, deputat olan milyonçu Hacı Madər Musayev, Yasamaldan ilk dəfə deputat olan “Kontakt home” mağazalar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev, geniş biznesi olan Eldar Quliyev, seçki kampaniyası dövründə insanların az qala başına dolanan Könül Nurullayeva, Nigar Arpadarai kimi gənc parlamentarilər pandemiya dönəmində bir seçicinin qapısını döyməyiblər.
Bu siyahını çox uzatmaq olar: hanı - Naqif Həmzəyev, Şeyxin qudasının oğlu Əliabbbas Salahzadə, Hicran Hüseynova, biznes adamı İltizam Yusifov, Malik Həsənov, Novruzəli Aslanov?
Göyçaydan seçilən varlı - karlı Sabir Hacıyev, Bərdədən deputatlığı siftə edən Fatma Yıldırım, Tovuzda direktorlar, müəllimlər hesabına kampaniya aparan Ülviyyə Ağayeva nə üçün seçiciləri arasında ən kasıb 5 ailəyə düyü, qənd, yağ və s. məhsullar aparmırlar? Bir deputat üçün bir ailəyə 100 manatlıq bazarlıq etmək çətindir?
Eyni sözləri Masallıdan deputat olan “Embavud” mebel biznesinin rəhbəri Məşhur Məmmədov, “Avromed”in sahibi Cavanşir Feyziyev, Zəngilandan biznesmen İmamverdi İsmayılov haqda da söyləmək olar.
Əlqərəz, xüsusi karantin rejiminin tətbiqi xalq qarşısında yeni Milli Məclisin bir imtahanı, taleyüklü sınağı oldu.
Bu çətin, ağır, imkansız günlər sübut etdi ki, yeni parlamentin əksər üzvləri də millətin yaralı barmağın bir dərman olmayacaq. Çünki onları xalq seçməyib, təyin olunduqlarını yaxşı başa düşürlər.
Ona görə də bəzi analitiklərin yeni parlamentin ömrünün qısa olacağı barədə proqnozları doğurdan da getdikcə özünü doğrultmaqdadır.
Hakimiyyət və siyasi rəhbərlik belə Milli Məclis görmək istəmirdi. İqtidar islahatlarla ayaqlaşan parlament arzuladığını söyləyəndə mövcud tərkibi nəzərdə tutmurdu.
Hazırkı MM heyətinin 80 nəfərdən çoxu əvvəlki deputatlardır. O baxımdan yaxın illərdə növbəti parlament seçkilərinin olacağı istisna deyil.
Anaxeber.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.