SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədovun adı dükan qalmaqalında - ETİRAZ

Ziya Məmmədovun adı dükan qalmaqalında - ETİRAZ

Tarix:

25-03-2020, 09:52

/ 817 dəfə oxundu.
Ziya Məmmədovun adı dükan qalmaqalında - ETİRAZ

«Təzadlar»a Bakının Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev-19, mənzil-33-də yaşayan Məhərrəmov Vasif Sabir oğlu və Qarabağ Müharibəsi veteranı, II qrup müharibə əlili, Prezident Təqaüdcüsü Məmmədov Mehman Yusif oğlu tərəfindən Prezident İlham Əliyevə (surəti «Təzadlar» qəzeti redaksiyasına olmaqla) şikayət ərizəsi daxil olub.
Şikayətçilərin ərizəsindən məlum olurdu ki, onlar ailələrini və eləcə də Qarabağ qazilərindən bəzilərinin müalicəsini təmin etmək üçün 2009-cu ildə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və oğlu Anar Məmmədovun mənsubiyyətində olan yeraltı keçidlərdəki dükanlara pul verib alıblar, lakin bir müddət sonra olmazın problemlərlə üzləşiblər.
Problemin ciddiliyini nəzərə alaraq hər iki şikayətçini qazi dostları ilə birlikdə redaksiyamıza dəvət etdik. Qarabağda odun-alovun içərisindən keçmiş qazilərin dərdini dinlədikcə təəssüflənməli olduq. Beləliklə, şikayətçi qazilərin Prezident İlham Əliyevə ünvanlı müraciətini təqdim edirik:
Hörmətli cənab Prezident!
Yazıb sizə bildiririk ki, biz Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışıq. «28 may» yeraltı keçid 2007-2008-ci illərdə dövlət hesabına tikilib təmir edilmişdir. Burada həmin vaxt 80 mağaza olmuşdur. Həmin mağazalar «21-ci əsr-Bakı» MMC-yə aid olub, biz də bu şirkətlə müqavilə bağlamışıq, götürmüşük. 2008-ci ildə isə hər bir mağaza qanunsuz olaraq hər bir icarəçiyə pulla satıldı, söz verildi ki, qısa vaxt ərzində adımıza özəlləşdiriləcək. Biz də Ziya Məmmədovun adamlarına inandıq. Lakin bu vəd 2009-cu ilədək uzandı. 2019-cu ilədək bu mağazalar Ziya Məmmədovun və oğlu Anar Məmmədovun himayəsində olan, hamıya adı bəlli şirkətlərlə müqavilə bağlanılaraq idarə edilib. Özü də hər dəfə yeni müqavilə bağlanılanda köhnə müqavilələrin əslini bizdən alıblar. Həmçinin hər müqavilədə bizə məcburi və mütləq şəkildə qeyd etdiriblər ki, biz icarədarların heç birinin tələbi və ya iddiası yoxdur.
Lakin 2017-ci ildən başlayaraq günümüzü qara etdilər. Belə ki, 2017-ci ildə bağlanılmış müqavilələrin müddəti 2020-ci ilin dekabrınadək olmuşdur. Amma hər dəfə onlardan tələb edən də ki, axı adımıza özəlləşdirilməli idi, necə oldu, yeni bir bəhanə gətiriblər. Buna baxmayaraq 2019-cu ilin avqust ayında biz icarədarları çağırıb mövcud müqavilənin müddəti bitməmiş köhnələri yenidən geri aldılar. Və bizə bəyan etdilər ki, «21-ci əsr-Bakı» MMC başqa adama satılıb. Məlum oldu ki, bu «başqa adam» Ziya Məmmədovun yaxın adamı- qohumudur. Beləcə, yenidən qara günümüz başladı.
2019-cu ilin dekabr ayından isə Ticarət Mərkəzinin icraçı direktoru Novruzov Anar Tofiq oğlu ilə dəfələrlə görüşüb bu məsələləri aydınlaşdırarkən onun tərəfindən bizə qarşı kobud hərəkətlər edildi və təhqiredici sözlər deyildi. Anar Novruzov özünü qoçu kimi aparır, özünün dediyi kimi, kifayət qədər pulu və Ziya Məmmədov kimi qohumunun olması ilə hamını ələ ala biləcəyini bildirir, bir sözlə, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumu kimi özünü təqdim etməklə ona arxalandığını gizlətmir. Faktlar isə onun dediklərini təsdiqləyir.

Təzədən 24 sentyabr 2019-cu ildə isə bildirdilər ki, yeni müqavilə imzalamaq lazımdır. Onlar bizə bunu onunla əsaslandırdılar ki, guya ikili vergi ödənilməməsi üçün bunu edirlər (Halbuki indiyədək olan müddətdə vergini bizim dükanları subicarəyə verdiyimiz şəxslər ödəyiblər). Hətta bizi inandırdılar ki, gəlin problem olmasın deyə müqaviləni də həmin adamların adına bağlayaq, çünki həmin adamlar artıq 10 ildən çoxdur orada çalışırlar, sizin də etibarlı şəxslərinizdir və s. Beləcə, subicarəyə verdiyimiz şəxslərlə məcburi qaydada 24 sentyabr 2019-cu ildə analoqu olmayan icarə müqavilələri bağlanıldı və müddəti 25 dekabr 2020-ci il göstərildi. Müqavilədə isə nə möhür var idi, nə ünvan, nə də yeni icarədarların kimliyi və s.
Heç bir problemsiz 2019-cu ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün icarə haqqını da həmin subicarədarlardan özümüz almışıq. Halbuki bizim adımıza heç bir müqavilə yox idi.
20 dekabr 2019-cu ildə MMC-nin baş direktoru olan Novruzov Anar Tofiq oğlu bizi çağırıb dedi ki, rəhbərlər unikal qərar qəbul edib. Məlum oldu ki, bizim subicarədarlarımıza bildirilib ki, bundan sonra 23 və 51 saylı dükanlara görə bizə icarə haqqı verilməyəcək. Biz-Qarabağ qaziləri olan Məmmədov Mehman Yusifoğlu və Məhərrəmov Ədalət Yusif oğlu ilə birlikdə (şəriklərimizlə) müvafiq orqanlara müraciət etdikdən sonra yanvar ayında onlar daha qərəzli mövqe tutaraq 12-B saylı dükanımızı da eyni qanunsuz hərəkətlə əsassız olaraq başqa şəxslərə verib icarə haqqının bizə verilməsinin qarşısını aldılar.
Onu da deyək ki, 2009-da 23 və 51 saylı dükanlara görə hər biri üçün 60 min manat (cəmi 120 manat) , 12-B saylı dükan üçün isə 30 min manat pul vermişik. Həmin vaxt dolların kursu 78 qəpik idi. Təxminən bu dükanlara 190 min dollar pul ödənilmişdir.
Anar Novruzov keçmiş nazir Ziya Məmmədovun yaxın qohumlarındandır, odur ki, bu qohumluq əlaqəsi onun bu şəkildə qanunsuz hərəkətlərinin stimulu kimidir. O, subicarədarları öyrədərək süni şəkildə bizə qarşı şantaj yolu tutmalarına təhrik edib, onları bizim əleyhimizə yönəldib. Bizə verilən məlumata görə Anar Novruzov onlardan hər dükan üçün 40 min manat pul almışdır və söz vermişdir ki, bizə məxsus mağazaları onlara verəcək. Bunun üçün isə inandırıcı olsun deyə, onlarla müqaviləni 2023-cü ilədək uzatmışdır.
Cənab Prezident!
Baş verənlərlə bağlı bir çox dövlət qurumlarına şikayət etsək də, tədbir görülmür. İnanırıq ki, biz qazilərin başına gətirilən bu qanunsuzluqların əsl baiskarları Sizin göstərişlərinizdən sonra ciddi şəkildə cəzalandırılacaq. Hazırda maddi durumumuz çox çətin vəziyyətdədir və müalicələri üçün köməklik göstərdiyimiz bəzi Qarabağ qazilərinə də yardım edə bilmirik. Odur ki, Anar Novruzovun bizə qarşı etdiyi qanunsuz hərəkətləri və hədə-qorxuları barədə tədbir görülməsi və əlimizdən alınmış hər 3 mağazalarımızın özümüzə qaytarılmasına köməklik göstərilməsi üçün adiyyatı orqanlara göstəriş verməyinizi sizdən xahiş edirik.
«Təzadlar»dan: redaksiyanın Araşdırma Qrupu məsələnin ciddiliyini nəzərə alaraq aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərmişdir. Ətraflı növbəti yazılarda.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

Şərhlər

XƏBƏR LENTİ