XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?

Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?

Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
16-03-2020, 09:26

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunanda elə bir səs-küy yaratdı ki, gəl görəsən. İlk gündən verdiyi əmr və göstərişlər Azərbaycanda Hüseynqulu Bağırovdan qalma ekoloji problemlərin həllinə ümid yaratdı. O zaman əksəriyyət elə başa düşürdü ki, bəs Ekologiya və Təbii Sərvətlər nazirimiz, əzəmətli Muxtar Babayev bütün problemlərin axırına çıxacaq, agac əkən olmasa da agac kəsən olmayacaq. Amma ki… Bəli, əmması odur ki, bu gün nəinki həmin vəziyyətdir, hətta durum bir qədər də ağırlaşıb.

AzToday.az xəbər verir ki, Muxtar Babayev yeni nazir təyin olunduğu vaxt yaz aylarına təsadüf etmişdi. O zaman nazir kimi ilk qərarı may ayında dənizdə balıq ovuna qadaga qoyması idi. Bu işin qanuni tərəfidir. Yəni balıqların kürü tökən vaxtə dəniz bağlı elan edilir. Amma o zaman bu əmr sadəcə kasıb-kusuba şamil edildi. Bir-iki axçalı balıq ovlayıb ailəsini dolandıran adamlar həbs olundu, cərimələndi və sairə. Yerdə qalan motorlu dənizçilər iş başında oldu, gecə gündüz Xəzərin altını-üstünü, dərinini-dayazını təmizlədilər. O zaman bəziləri bildirirdi ki, nazir yenidir hələ sahəni dəqiq bilmir deyə işbazlar onu aldadır. Amma sonrakı il də eyni vəziyyət təkrarlandı.

Ekspert rəylərinə görə, ölkədə bütün nadir canlı növlərinin sayında azalma müşahidə olunur. Xəzərdə “Qırmızı kitab”a düşmüş balıqlar, qoruqlarda quşlar, meşələrdə nadir heyvan növləri tükənib gedir. Hər il nazirlik tərəfindən keçirilən reydlər zamanı qanunsuz ovçuluqla bağlı çox sayda akt və protokol tərtib edilir. Sosial şəbəkələrdə qalxan hay-küydən sonra bəzən ov qaydalarını pozan hansısa brokonyerə və ya ərəb turistinə pul cəriməsi tətbiq edilir. Faktların sayını xeyli artırmaq olar. Amma bu nəyi dəyişir ki?

Muxtar Babayevin nazir kreslosunda oturmasından sonra verdiyi populist bəyanatlardan biri də paytaxtdakı kafe və restoranlarda fəaliyyət göstərən kababxananın tüstüsü ilə bağlı idi. Nazir bildirmişdi ki, restoranlarda xüsusi avadanlıqlar quraşdırmalıdır ki, kababın tüstüsü şəhərə yayılmasın. Üstündən aylar və illər keçib. Dəyişən heç nə yoxdur. Ekologiya Nazirliyinin məsul şəxsləri ya görməzlikdən gəlir, ya da onlar üçün nazirin göstərişləri heç bir əhəmiyyət kəsb etmir. Elə buna görə də Ekologiya Nazirliyinin görməli olduğu işi digər qurumlar icra edeir. Necə ki, bir neçə gün öncə Oğuz Qəbələ regional meşə idarəsinin işçiləri qanunsuz meşə qırğınları ilə bağlı dövlət əmlakına külli miqdarda ziyan vurma, mütəşəkkil dəstə tərəfindən törədildikdə maddələri ilə (anlaşılan) DİN tərəfindən təşkil edilən əməliyyat nəticəsində saxlanıldı. Sanki bu ekoloji cinayəti aşkarlamaq üçün Ekologiya Nazirliyinin müvafiq srukturları yoxdur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, əməliyyat ETSN-in iştirakı olmadan baş tutub. Bəlkə də bu məqam məhz əməliyyatın uğurlu alınması üçün diqqətə alınıb və əks halda hazırki ifşa baş tutmayacaqdı. Ümumiyyətlə, əməliyyatın tərzi İcra Başçılarına qarşı edilmiş əməliyyatlara oxşayır. Belədirsə, bu xəmir çox su aparacaq. Bu səviyyədə əməliyyatın sonunda daha çox məlumatın əldə edildiyi şübhəsizdir.

Hər halda baş verənlərdən aydın olur ki, ortada Ekologiya Nazirliyinin yüksək çinli şəxslərinin ekoloji cinayəti bir başa himayə etməsi faktı var. Əlbəttə bu prosesin birbaşa nazirə bağlı olduğunu iddia edə bilmərik. Amma hər bir rəhbər şəxsin məsul olduğu strukturda baş verənlərə cavabdeh olduğu mütləqdir. Xüsusi olaraq onu da qeyd edək ki, Ekologiya Nazirliyi əməliyyat barədə öz facebook səhifəsində və əliçatan media qurumlarında nazirlik adından məlumat paylaşmadı. Ümuiyyətlə, bildirək ki, son zamanlar Azərbaycanda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ayrı-ayrı media orqanları və sosial şəbəkə istifadəçiləri həyəcan təbili çalırdı. Oğuz meşəsində ifşa olunan hal Qəbələ, Şəki, Zaqatala, Quba, Lerik, Astara, Masallı və onlarla rayonlarda baş verənlərin çox kiçik bir hissəsidir. Özü də ölkəboyunca aparılan yaşıl soyqırım söz iddiaları ilə ilə deyil video və foto faktlarla ortaya qoyulurdu. Amma bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini narahat etmir, əksinə nazirlik nümayəndələrinin ölkəmizdə yaşıllıq sahələrinin qırılmasını inadla təkid edirdi.

İnsafən qeyd edək ki, sabiq nazir Hüseynqulu Bağırovun dönəmində istər mediada, istərsə də sosial şəbəkədə yayılan hər hansı bir məlumatla bağlı gözdən pərdə asmaq üçün də olsa tədbir görülür və bu haqda ictimaiyyətə məlumat verilirdi.
Bir məqamı da qeyd edək ki, son əməliyyat Ekologiya Nazirliyinin ifşası ilə bağlı ilk rəsmi tədbir deyildi. Bundan az əvvəl xəbər yayıldı ki, Maliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyində yoxlama aparır. Hazırda nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində təftiş gedir. Bildirilir ki, yoxlama zamanı maddi-texniki təhcizat sahəsində ciddi yeyintilərə yol verilib:

“Burada yanacaq, mexaniki təminat avadanlıqlarının şişirdilmiş qiymətlərlə alınması, təmir-tikinti və sair məsələlərlə yanaşı, keçirilən tenderlər də ciddi araşdırılır. Hazırda Maliyyə Nazirliyi yoxlamanı davam etdirir və ilkin məlumata görə, kifayət qədər ciddi yeyintilər aşkarlanib“.

Bütün bunlar, Muxtar Babayevin islahat dalğasında ilk təyin olunan nazirlərdən biri kimi etimadı itirdiyi qənaəti yaradır. Çünki Prezident İlham Əliyevin 2018-ci il prezident seçkilərindən sonra hökuməti yenidən formalaşdırarkən Hüseynqulu Bağırovu təkrar Ekologiya və təbii sərvətlər naziri təyin etməməsinə səbəb son illər onun adının bir çox qalmaqallarda və korrupsiyada hallanması olmuşdu. Lakin ötən dövr ərzində ekologiya sahəsində irəliləyişlərin olmaması, üstəlik, yeni nazirin öz adamları vasitəsi ilə müəyyən tender oyunlarında adının hallanması ciddi narazılıq yaradıb. Muxtar Babayevin uzun illər bu sahədə çalışan peşəkar kadrları qısa müddətdə öz adamları ilə əvəz etməsi də birmənalı qarşılanmayıb. Hazırki şəraitdə Ekologiya nazirliyindəki idarəçilikdən olan narazılıq qurumda islahatların aparılmasını qaçılmaz edib. Hətta “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ləğv olunaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığı da bildirilir. Hər halda, son baş verənlər onu göstərir ki, Muxtar Babayev nazir kimi yeni komanda ilə yola davam etmək şanslarını itirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.