XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Qafqazın 40-ı çıxan Şeyxi, yoxsa oliqarx Paşazadə? – Faktlar göz deşir…

Qafqazın 40-ı çıxan Şeyxi, yoxsa oliqarx Paşazadə? – Faktlar göz deşir…

Qafqazın 40-ı çıxan Şeyxi, yoxsa oliqarx Paşazadə? – Faktlar göz deşir…
5-03-2020, 10:42

Qafqazın Şeyxi Allahşükür Paşazadə sonuncu dəfə Karlovı-Varıdakı mülklərinin sənədlərinin üzə çıxması və İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla yaşanan çaxır skandalı ilə gündəmə gəlmişdi. Sonra uzun müddət susqunluq çökdü.
Anaxeber.info-nun məlumatına görə, bu günlərdə isə Şeyx həzrətləri oğlunun şirkətləri ilə yenidən yada düşdü. Məlum oldu ki, Məhəmməd Paşazadə “BAQİ” MMC-nin təsisçilərindən biridir. O, həm də “PLAST-KABEL” MMC-nin həmtəsisçisidir.
A.Paşazadə and-aman edirdi ki, onun heç yerdə mal-mülkü, biznesi yoxdur, Allahın fağır, qul bəndəsidir, heç bir ticarətdə gözü qalmayıb.
Ancaq göründüyü kimi, nəinki özünün, oğlunun da şirkətləri fəaliyyətdədir. M.Paşazadəyə kimsə sahibkarlığı qadağan edə bilməz, hər bir vətəndaşn hüququdur.
Sadəcə, necə olur ki, yalnız məmur övladlarının, vəzifəli şəxslərin balalarının böyük biznes kəhkəşanları var? Nəzərə alsaq ki, A.Paşazadə dövlət məmuru da deyil, Qafqaz Müsəlmanları İdarəsi ictimai qurumdur, o halda Şeyx və övladı hansı pulla Azərbaycanda və Çexiyada mül-mülk, biznes sahibləri ola biliblər?
Şeyx tez-tez Karlovi Varıya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil.
Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varıda yerləşən çex şirkəti “Aynur KV”nin sahibidirlər.
Və bütün bunların qarşılığında Şeyx həzrətləri bəyan edir ki, vicdanın nə olduğunu hələ də bilmir. Vicdanın bir qanunu düz danışmaq, həqiqəti söyləməkdir. QMİ sədri isə biznes və imarət sahibi olmasını indiyə qədər etiraf etmir, gizlədir.
Onun çadır biznesinin olmasını da Azərbaycanda bilməyən yoxdur. A.Paşazadə imanlı bir insan, islamçı və Qafqazın Şeyxi olmazdan daha ümdə oliqarxdır.
Burada şəxsiyyətin ikiləşməsi baş verib: Qafqazdakı müsəlmanların hörmət bəslədiyi Paşazadə, bir də Çexiyaya qədər biznesi, şirkətləri uzanan Paşazadə…
Oğlunun iki firmasının da faktlarla ortalığa qoyulması təsdiqlədi ki, yalan ayaq tutar, yeriməz, Şeyx cəmi müsəlman hümməti qarşısında hansı milyonlara sahibləndiyini etiraf etməlidir.
Məsələnin qəribəliyi budur ki, hansısa nazir dövlətin büdcəsini talamaqla korrupsiya hesabına varlansaydı, xaricdə mülk sahibi olsaydı, başa düşülərdi. QMİ isə dövlətdən maliyyələşmir və Şeyxin bu varidatı necə əldə etdiyi kifayət qədər sirlidir.
Anaxeber.info-ya danışan mötəbər mənbənin qeydlərinə görə, bu illər ərzində Şeyxin heç doğulduğu Lənkərana və doğma Cil kəndinə də faydası dəyməyib.
Bu qədər sərvətə və imkanlara baxmayaraq, A.Paşazadə nə bir lənkəranlının yanan barmağına su töküb, nə rayonun inkişafına, iş yeri açılmasına, nə öz kəndinə köməyi olub.
Hətta mərhum kriminal avtoritet Rövşən Lənkəranski daha çox yerliləri üçün iş görüb, dəstəyini verib, bütün Qafqazın Şeyxi isə əlini ağdan qaraya vurmayıb.
Çünki pullar Karlovı-Varıya daşınıb. O, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır.
Allahşükür Paşazadə 40 ildir ki, bu idarəyə sədrlik edir. Yəni, bu il 40-ı çıxan Şeyx dünyada, Azərbaycanda və Qafqazda böyük hörmətə sahib olsa da, həmişə bizneslə, qalmaqallarla gündəmə gəlib.
Əsasən ölkəyə idxal olunan tərəvəz məhsullarının Paşazadənin inhisarında olduğu bilinirdi. Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir.
Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır” .
Hörmətli Şeyx, bizim sizə heç bir qərəzimiz yoxdur və böyük nüfuz sahibi olduğunuzu da bilirik. Sadəcə, sübut istəyirsiniz, biznes, mülk olduğunu danırsınız. Buyurun, Karlovı-Varıdan tutmuş Bakıya qədər həm özünüzün, həm oğlunuzun biznesi var.
Yenə sübut lazımdırsa yada salaq: Marketa Şpişakova adlı çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Paşazadənin Karlovı Varıda açdığı “Aynur KV” şirkətinin ortağı olub.
“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Varı ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). Mediada yayılmış şəkildə Şeyxin Karlovı Varıda həmin şirkətin adına aldığı villası tirajlanıb. Halal olsun!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.