XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Eldar Quliyevin keçmiş rəqibi indi onun təbliğatçısına necə çevrildi… - İTTİHAM

Eldar Quliyevin keçmiş rəqibi indi onun təbliğatçısına necə çevrildi… - İTTİHAM

Eldar Quliyevin keçmiş rəqibi indi onun təbliğatçısına necə çevrildi… - İTTİHAM
18-02-2020, 10:09

2020-ci il yanvar ayında Kooperasiya Universitetinin rektoru, deputatlığa namizəd Eldar Quliyevin 6-cı çağırış Milli Məclis üzvlüyünə iddialı olduğu haqda yazmışdıq. Qeyd etmişdik ki, 2000-ci ildən Azərbaycan parlamentində kök salan “Azərittifaq” sədri 4 dönəm deputat olsa da, təşviqat kampaniyaları dönəmi istisna olmaqla, heç vaxt seçicilərinin üzünü görməyib. Çünki onu hamı biznesmen kimi tanıyır. Məsələn, apardığımız sorğu əsasında deyə bilərik ki, bu iş adamını MM-də 3 dəfə təmsil etdiyi 28 saylı Sabunçu III Seçki Dairəsinin əksər seçiciləri tanımır. Bu isə onunla əlaqədardır ki, onun deputat mandatı əldə etməkdə əsas məqsədi ucu-bucağı bəlli olmayan biznes imperiyasını qorumaq üçündür…

Yazımızda qeyd etmişdik ki, hər dəfə olduğu kimi, 9 fevral növbədənkənar parlament seçkiləri öncəsi də Eldar Quliyev seçki prosesinə saxtakarlıqla başlayıb. Belə ki, ölkə qanunvericiliyinə əsasən, Milli Məclis üzvlüyünə namizədliyi təsdiqlənən şəxslər ali məktəb rektoru ola bilmədikləri halda, E.Quliyev saxtakarlıqla deputat seçildiyi 9 fevral tarixinədək, eləcə də indi rəsmən Kooperasiya Universitetinin rektorudur.

Üstəlik, o, təşviqat kampaniyası dövründə rəsmi sənədlərə də imza atıb.

Ötən yazımızda onu da vurğulamışdıq ki, E.Quliyevin namizədliyini verdiyi 28 saylı Sabunçu seçki dairəsinin sədri Hacıbala Babayev onun yaxın dostudur. Ötən seçkilərdə də DSK sədri olan bu şəxsin seçki dairəsinə aid olan Maştağa qəsəbəsində Eldar Quliyevin istixanalarına rəhbərlik etdiyini kənd sakinləri yaxşı bilir. Belə bir vəziyyətdə isə həmin dairədə seçkilərin E.Quliyevin xeyrinə saxtalaşdırılacağı kimsədə şübhə doğurmurdu. Hansı ki, deputatlığa namizəd, müstəqil jurnalist Aygün Muradxanlının (Süleymanlı) iki gün əvvəl yazdığı status da dediklərimizi təsdiq edir.

Maraqlıdır ki, A.Muradxanlı seçkilərin saxtalaşdırılması ilə bağlı təkcə Hacıbala Babayevi deyil, 2005-ci ildə 28 saylı Sabunçu seçki dairəsindən Eldar Quliyevlə rəqib olduğu iddia edilən Haciağa Nuriyevi də “ağ yuyub, qara sərib”. Xanım jurnalistin sözlərindən belə anlaşılır ki, H.Nuriyev bu seçkidə keçmiş rəqibinin xeyrinə çalışıb və “karusel” əməliyyatına rəhbərlik edən şəxslərdən biri olub. Deputatlığa namizədin statusunu və paylaşdığı fotoları olduğu kimi dərc edirik:

“2 dəfə xarici xüsusi xidmət orqanlarına casusluq etdiyi üçün “Vətənə xəyanət” maddəsi ilə həbs edilən Hacıağa Nuriyev... Eldar Quliyev seçkiboyu Nardaranda yalnız onun evinə getdi, təbliğatını Nuriyev və onun 3-5 tərəfdarı apardı.

Birinci şəkil 295 saylı məktəbdə seçki günü çəkilib. Məntəqədə saatlarla oturan Nuriyev içəri girən hər seçiciyə - “4-ə səs ver” deyirdi. Yəni Eldar Quliyevə. Nardaranlılar onu dinləmədi, 7-ciyə, yəni mənə səs verdi. Amma sonda Vətən xainləri onu qutudan çıxara bildilər.

Bu seçkini kim keçirib? Azərbaycan? Niyə verdiyimiz rəsmi şikayətlərə, bunca tutarlı faktlara məhəl qoyan yoxdur? Niyə Eldar Quliyev, şikayətlər yoxlanmağa göndərildiyi halda, bayram havasına girib? Kimdir Azərbaycan dövlətinin maraqları ilə oynayan? Nardaranın girişində post qurub, sadə vətəndaşı incidən, içərisində isə casuslara meydan verənlər kimlərdir?”

Yeri gəlmişkən, A.Muradxanının satatusunun altından rəy yazan Rauf Səlimbəyli adlı Facebook istifadəçisi isə bu məsələdə İran xüsusi xidmət orqanlarının əlinin olduğunu istisna etmir: “Bir sözlə, bu təxribatların təşkilatçıları millətə, vətənə, dövlətə xəyanət yolunu tutublar! İran xüsusi xidmət orqanlarının əli də ola bilər bu işlərdə?!

Xatırladaq ki, Eldar Quliyev bu zamana qədər seçkiyə faktiki olaraq rəqibsiz gedib. Lakin görünən odur ki, sonuncu dəfə Maştağa kəndinin yetirməsi, tanınmış jurnalist Aygün Muradxanlının eyni dairədən parlament üzvlüyünə namizədliyini irəli sürməsi onun işini xeyli çətinləşdirib. Təsadüfi deyil ki, demək olar, hər gün onun seçki ofisinin rəhbəri (o, Eldar Quliyevin köməkçisidir) Yaşar adlı şəxsin birbaşa rəhbərliyi ilə Maştağa, Bilgəh, Nardaran, Zabrat kəndinin aztəminatlı ailələrinə ərzaq göndərilib. Təxminən 10 manatlıq ərzaq qarşılığında seçicilərdən şəxsiyyət vəsiqələri tələb olunub. Bunun qarşılığında isə hər bir vətəndaşa ayrıca göstəriş verilib ki, seçki günü aid olduğu əraziyə gəlməli, konkret şəxsdən vəsiqəni və kamerası açıq telefonu götürməli, götürərək məntəqəyə səsverməyə getməli, bülletendə Eldar Quliyevin adını işarələdikdən sonra şəklini çəkməli və çıxışda telefonu həmin şəxsə qaytarmalıdır.

İddialara əsasən, bəzi yerlərdə isə seçicilərə 10 deyil, 20 manat paylamağa məcbur olublar. Yenə də vətəndaşlar Eldar Quliyevin “çapar”ları vasitəsilə bəlli çayxanalara çağırılıb və şəxsiyyət vəsiqələri “girov” götürülməklə, onların hər birinə 20 manat verilib. Şəxsiyyət vəsiqəsinin “girovluqdan” azad edilməsi texnoligiyası kasıb ailələrin 10 manatlıq ərzaqla ələ alınması texnologiyasının sonluğu ilə eyni olub.

Başqa məlumata görə, Aygün Muradxanlının seçki ofisində çalışan 10-a yaxın şəxs təşviqat kampaniyası dövründə zorla – özlərinə və ailə üzvlərinə təzyiq göstərilməklə Eldar Quliyevin ofisinə çağırılıb, saatlarla orada saxlanıb. Seçici üzünə çıxmayan Eldar Quliyev onların bəziləri ilə şəxsən söhbət edib. Ala bildiklərini pulla alıb, ala bilmədiklərinə hədə-qorxu gəlib. Əsas hədəf Maştağa Mədəniyyət Evində görüşü təşkil edənlər olub. Onlardan görüşə gələcək insanların siyahısı tələb edilib, hər 4 kəndə həmin şəxslərin arxasınca adamlar göndərilib. Onları qapıdan qaytaranlar “inzibati resursların” qəzəbinə gəlməklə hədələnib.

Onu da qeyd edək ki, Eldar Quliyevin görüşləri DSK sədrinin birbaşa iştirakı ilə təşkil olunub. Maştağanın bütün inzibati resurslarının cəlb edilməsilə keçirilən 18 yanvar görüşü kəndlilərin yaddaşında “20 manatılq görüş” kimi qalıb. Kənd sakinləri danışır ki, həmin gün poliklinikada xəstələr həkim, şagirdlər müəllim axtarışına çıxıb. Xüsusi tapşırıqla 20 manat qarşılığında həkimlər, tibb bacıları, orta məktəb işçiləri kütləvi şəkildə Eldar Quliyevlə görüşə gətirilib. Zal o qədər doldurulub ki, görüş yox, bazar effekti yaranıb və təşkilatçılar “seçicilər”in mümkün qədər seyrəlməsini – zaldan çıxmasını təmin ediblər.

Eldar Quliyev qanunun dini qurum rəhbərlərinin təbliğata cəlb edilməsi məsələsini də eyninə almayıb. Keçmiş rəqibi Hacıağa Nuriyevlə yanaşı, məscidinin axundu da daim onun çevrəsində olub. Maştağa məscidinin minbərində Eldar Quliyev üçün təbliğat aparan dindarlar buna görə seçki kampaniyası boyu xüsusi maaşa bağlanıb.

Bir sözlə, bütün fəaliyyəti boyu vətəndaşı hakimiyyətdan narazı salan, artıq ölkənin keçmişi sayılan Ramiz Mehdiyev komandasının təmsilçisi Eldar Quliyevin seçki kampaniyasındakı fəaliyyəti tam bir cinayət dosyesidir. Böyük ehtimalla, yaxın günlərdə deputatlığa namizəd Aygün Muradxanlı tərəfindən təqdim olunan çoxsaylı saxtakarlıq faktları Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən araşdırılacaq və 28 saylı Sabunçu seçki dairəsində də seçkinin nəticəsi ləğv olunacaq. Çünki bu dairədə saxtakarlığın boyutu o həcmdədir ki, MSK-nın başqa bir qərar çıxarlması ədalətsizlik olar.
Hurriyyet.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.