SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Paşazadənin siyahısı üzrə 10 nəfərin mandat alacağı gözlənilir - İddia

Paşazadənin siyahısı üzrə 10 nəfərin mandat alacağı gözlənilir - İddia

Tarix:

2-02-2020, 12:44

/ 1 069 dəfə oxundu.
Paşazadənin siyahısı üzrə 10 nəfərin mandat alacağı gözlənilir - İddia

Fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkisi bir çox maraqlı cəhətlərilə əvvəlkilərdən fərqlənir ki, bunlardan biri də “varislik prinsipi”nin aşkar boy göstərməsidir...
Ancaq bu mövzuda nədənsə daha çox Xanhüseyn Kazımlının qızının namizədliyini irəli sürməsi və deputatın öz qızı ilə bağlı Prezidentə ünvanladığı iddia edilən məktub müzakirə olunur. Hansı ki, daha maraqlı hadisələr və real namizəd 27 saylı Sabunçu ikinci Seçki Dairəsindədir. Söhbət Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədən gedir.

Yeri gəlmişəkən, bu seçkidə məhz Paşazadənin siyahısı üzrə azı 10 nəfərin mandat alacağı gözlənilir. Yəni seçkiyə haram qatanlardan biri də elə hörmətli dini rəhbərimizdir...

Belələrindən biri, YAP tərəfindən namizədliyi irəli sürülən Ə.Salahzadənin seçkiyə qatıldığı 27 saylı Sabunçu ikinci Seçki Dairəsində ona ciddi problem yaradacaq elə bir tanınmış, iddialı rəqibə rast gəlinmir. Hakim partiyanın namizədi olması ilə yanaşı, Hacı Qalibin oğlunun 10 ilə yaxın müddətdə Sabunçu Rayon İcra Hakimiyyətində işləməsi icra strukturu və YAP-ın resurslarının bu namizədin xeyrinə istifadəsinin effektini bir qədər də artırmış olur. Bu səbəblərdən onun artıq “qarantiyalı” namizəd olduğunu iddia edənlər çoxdur...
Əslində, bütün peşələrdə varislik anlayışının keçərli olması təbiidir. Ancaq nəzərə alsaq ki, deputatlıq özü-özlüyündə konkret olaraq peşə deyil, bu zaman onun atadan övlada ötürülməsi bir qədər qəribə görünür. Lakin Azərbaycan reallığı ümumiyyətlə qəribəliklərlə zəngin olduğundan buna təəccüb etməyə dəymir...

Əlbəttə ki, normalda istənilən vətəndaş kimi istənilən deputatın övladının da millət vəkili seçilmək hüququ var. Lakin belə iddiada olanın ortaya deputatlıq iddiası qoyması üçün atasının adından başqa, özünün də müəyyən zəruri keyfiyyətləri olmalıdır. Bəs Ə.Salahzadənin özünün geniş ictimaiyyətə, yaxud Sabunçu əhalisinə tanış olan hansısa cəhəti, fəaliyyəti, fikirləri, xidmətləri və s. məlumdurmu? YAP onun namizədliyini irəli sürərkən hansı kriteriyalara əsaslanıb? Bu adam, sadəcə, Qalib Salahzadənin övladı olmaqdan başqa, şəxsən özü nələrə nail olub, yerli əhali onu niyə dəstəkləməlidir və s...

Təbii ki, ola bilsin Ə.Salahzadə kifayət qədər savadlı, siyasi dünyagörüşü, bilikləri olan bir şəxsdir. Lakin bunların heç birindən nə ictimaiyyətin, nə də yerli əhalinin xəbəri var. Onun keçirdiyi seçki kampaniyası isə şablon xarakterli, YAP-ın və icra strukturlarının resursları ilə təşkil olunan görüşlərdən uzağa getmir. Belə kampaniya ilə kiminsə doğrudan da əhali tərəfindən dəstəklənərək seçiləcəyinə kim inanar?

Bəlkə də Ə.Salahzadə atasının kölgəsində deyil, özü bir gənc, istedadlı, fəal YAP funksioneri kimi seçkiyə qatılsaydı, bu, daha çox effektli olardı. Ancaq digər tərəfdən, məsələn, Naqif Həmzəyev kimi “öz gücünə” deputat olmaqdansa, Qalib Salahzadənin oğlu olaraq deputat seçilmək təbii ki, daha abırlıdır...

Qeyd edək ki, bundan əvvəl Ə.Salahzadə hələ 21 yaşı olanda atasından boşalan Bilgəh Bələdiyyəsi sədrliyi vəzifəsinə seçilib. Yəni artıq atasının yerinə seçilmək, yəni “varislik təcrübəsi” var. Amma “necə seçilib və indi necə seçiləcək” kimi suallar ətrafında nəsə demək bir qədər çətindir. Bu suallara elə hörmətli Hacı Qalib Salahzadə hələ deputat olarkən Milli Məclisdə etdiyi qalmaqala səbəb olan çıxışı ilə maraqlı cavab vermişdi: “Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Bu dəqiqə, elə bizim Sabunçu rayonunda bələdiyyələr hamısı seçilib, kim olacağı indidən bilinir, bu camaata da deyirlər ki, gəlin səs verin. Bunu deməyə mənim cürətim çatır. Bunu bütün deputatlar bilirlər...”

Əlavə şərhə ehtiyac varmı? Niyə də belə cəsarətli deputatın oğlu da deputat olmasın? Necə deyərlər, Allah xeyir versin!...(Azpolitika.info)

Şərhlər

XƏBƏR LENTİ