XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Görkəmli kimyaçı alim Fuad Əliyevin 70 illik yubileyi qeyd olunur

Görkəmli kimyaçı alim Fuad Əliyevin 70 illik yubileyi qeyd olunur

Görkəmli kimyaçı alim Fuad Əliyevin 70 illik yubileyi qeyd olunur
31-01-2020, 11:35

Fevralın 1-də görkəmli alim, AMEA-nın Gəncə Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyevin 70 yaşı tamam olur.

Alimin bütün həyatı və elmi fəaliyyəti elmimizə, Vətənimizə və xalqımıza xidmət nümunəsidir.

Fuad Əliyev zəngin və mənalı ömür yolu keçib. O, 1950-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirib, 1974-cü ildən Azərbaycan SSR EA-nın Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışıb.

1981-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə akademiyanın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunan Fuad Əliyev elmi və elmi-təşkilati fəaliyyətini Gəncədə yeni yaradılan Elm Mərkəzinin rəhbəri kimi davam etdirib. Gərgin elmi axtarışlarla yanaşı, elmi təşkilatçılıq işi alim üçün geniş imkanlar açıb.

Qeyd etmək lazımdır ki, Elm Mərkəzdə aparılan elmi-tədqiqat işlərinin bölgəni əhatə etdiyi nəzərə alınaraq, sonradan bu elm ocağına Regional Elmi Mərkəz statusu verilib. Ölkə başçısının 19 dekabr 2012-ci il tarixli sərəncamı ilə Gəncə Regional Elm Mərkəzinin bazası əsasında AMEA Gəncə Bölməsi və onun nəzdində yeddi elmi-tədqiqat institutu fəaliyyətə başlayıb. Hazırda mərkəzdə akademik F.Əliyevin rəhbərliyi ilə Gəncənin tarixinə, mədəniyyət və ədəbiyyatına, Qərb bölgəsinin təbii ehtiyatlarının və ekoloji tarazlığının tədqiqinə, qədim sənət və şifahi xalq ədəbiyyatına, o cümlədən folklor yaradıcılığına dair mühüm araşdırmalar aparılır.

F.Əliyev 1981-ci ildə “Qeyri-simmetrik disulfidlərin sintezi və sürtgü yağlarından aşqar kimi istifadəsi” mövzusunda namizədlik, 1992-ci ildə “Qeyri-simmetrik disulfidlərin, karbon turşularının tioamidlərini və ditiokarbon turşularının efirlərinin sintezi və sürtkü yağlarında aşqar kimi istifadəsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir, 2014-cü ildə isə həqiqi üzvü seçilib. O, AMEA Rəyasət Heyətinin üzvüdür.

Kimyaçı alim 180 elmi əsər, 17 ixtira və 10 monoqrafiyanın müəllifidir. Onun apardığı elmi tədqiqatların əsas istiqaməti yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasına həsr olunub. F.Əliyev ilk dəfə qeyri-simmetrik disulfidlərin sintezi üsullarını tətbiq edib və yüzdən artıq yeni birləşmələr əldə edib. Onların əsasında yüksək keyfiyyətli sürtkü yağları sintez olunaraq ölkəmizdə və xaricdə sınaqdan keçirilib, müsbət nəticələr alınıb.

Görkəmli akademik gərgin elmi axtarışlar və elmi təşkilatı işlərlə yanaşı, Gəncənin içtimai-siyasi və mədəni həyatında da yaxından iştirak edir. O, Gəncə Ziyalılar Cəmiyyətinin sədri, YAP Gəncə şəhər təşkilatı sədrinin müavini kimi fəal ictimai iş aparır.

F.Əliyevin elmi və elmi-təşkilati fəaliyyəti daim yüksək qiymətləndirilib. O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adına, 2017-ci ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeninə layiq görülüb, dəfələrlə Gəncə şəhər İcra Hakmiyyətinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə tltif olunub.

Bacarıqlı elm təşkilatçısı, fəal ictimai xadim və görkəmli alim Fuad Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.