XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » YAP heç kimin tanımadığı iki deputatı siyahıdan çıxarır

YAP heç kimin tanımadığı iki deputatı siyahıdan çıxarır

YAP heç kimin tanımadığı iki deputatı siyahıdan çıxarır
27-12-2019, 00:33

Hakim Yeni Azərbaycan Partiyası 9 fevralda keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlamasa da, bəzi təhlilçilər və iqtidar dəhlizlərindən sızan iddialar əsasında kimlərin kənarda qalacağı ehtimalları səslənməyə başlayıb.

Reportyor.info-nun verdiyi xəbərə görə, YAP-ın siyahısından bu dəfə iki gənc deputatın kənarda saxlanacağı barədə məlumatlar yayılmaqdadır.

Onlardan biri Beyləqandan deputat olmuş Şahin İsmayılov, digəri isə Kürdəmirin deputatı Müslüm Məmmədovdur.

2015-ci ildə YAP-ın onlara etimad göstərməsi və siyasi rəhbərliyin parlamentə buraxmasına səbəb gənc deputat kimi özlərini təsdiqləmək gözləntisi idi.

Amma 5 ilə yaxın müddətdə nə Ş.İsmayılov, nə də M.Məmmədov millət vəkili kimi fəallıqları ilə yadda qalıblar. Hətta ictimaiyyət və seçicilərinin çoxu bu adlarda deputatları tanımır, bəlkə də adlarını ilk dəfə eşidir.

Yeri gəlmişkən, Müslüm Məmmədovun adı AŞPA-dakı korrupsiya skandalında hallanıb.

Onun gənc parlament üzvü kimi köhnələrdən fərqli olacağı, çıxışlarında, fəaliyyətində seçiləcəyi gözlənilirdi. Lakin bu adda deputat sanki heç olmayıb.

Ş.İsmayılova gəlincə, o da seçiciləri ilə işləməyib, müraciətlərinə baxmayıb, davamlı görüşlər keçirməyib, Milli Məclisdə aktiv olmayıb. Mediada yayılmış iddialara görə, o, həqiqi hərbi xidmət də keçməyib.

Ş.İsmayılov Fətullah Gülənlə əlaqələri olduğu ifşa edilmiş PA-nın sabiq şöbə müdiri Elnur Aslanovun yaxın adamı kimi xarakterizə edilirdi.

Bütün bunlar isə səslənən iddialar, ehtimal və təhlillərdir. Bütün nəzərlər yaxın vaxtlarda açıqlanacaq YAP-ın siyahısına dikilib.

Qeyd edək ki, prezident İlham Əliyev bu günlərdə yerli televiziyalara verdiyi müsahibəsində erkən seçkidən danışmışdı.

O, yeni seçiləcək deputatların ictimai nəzarətin təmin edilməsində fəallıq göstərməli olduqlarını açıqlamışdı. Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.

Reportyor.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.