SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Nağıyevin sədaqəti və Kərəm Həsənovun xəyanətinin bədəli

Əli Nağıyevin sədaqəti və Kərəm Həsənovun xəyanətinin bədəli

Tarix:

23-09-2019, 23:48

/ 1 435 dəfə oxundu.
Əli Nağıyevin sədaqəti və Kərəm Həsənovun xəyanətinin bədəli

Artıq Azərbaycanda ən yüksək səviyyədə nəzarətdə saxlanan islahatlar prosesi heç kəsin toxunulmaz olmadığını və dövlət etimadından sui-istifadənin cəzasız qalmadığını təsdiqləyir. Biz də bu yazımızda cumhuriyyet.az olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı mediada yer alan və rəsmən təkzib olunmayan bəzi məqamlara toxunmaq istərdik. Söhbət böyük bir struktura rəhbərlik edən dövlət məmurunun müəmmalı siyasi gedişlərindən, şəxsi biznesindən və əmlakından gedir. Əmlak Komitəsinin sədrinin son vaxtlar yenidən qızışan oliqarx savaşında tərəf seçməsi onun özünü də hədəfə çevirib və “vurulması” üçün ciddi əsaslar yaradıb.
Kərəm Həsənovun indiki mövqeyinə çatması üçün hansı xəyanətlərdən, mövqe dəyişmələrindən keçməsi siyasi mətbəxə az-çox yaxın olan hər kəsə bəllidir. Bir zamanlar mənsəb və mövqe üçün hər kəsə qurulan tələlərdə baş rol alan Komitə sədri indi özü əməllərinin bədəlini ödəmək zorundadır. Belə bir situasiyanı isə bir tərəfdən Həsənovun komanda daxilindəki mənfi imici formalaşdırıbsa, digər tərəfdən onun himayədarlarının ifşa olunması və bir zamanlar məhv etdiyini düşündüyü rəqiblərinin daha güclü şəkildə meydanda olması yaradıb. Belə məqamlardan biri ilə bağlı cumhuriyyet.az olaraq oxuculara bəzi xatırlatmalar etmək istərdik.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin ”sağ əli” Aydəm İsmayılovun əmlakını ələ keçirdiyi “EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqovun ölkə mətbuatına təqdim etdiyi açıqlamada ”Marriot” hotelində A.İsmayılov və ”Akula Akif” arasında olan dialoq yer alır:
Aydəm İsmayılov: 4 milyon 400 min manat verdik, bəs nə oldu generalın məsələsi?
”Akula Akif”: Görmədin, cənaba (Eldar Mahmudovu nəzərdə tutur) dedim, işdən çıxartdırdım.
Aydəm İsmayılov: Biz belə danışmamışdıq axı…
“Akula Akif”: Generalı işdən çıxardıq, tez bir zamanda həbs ediləcək. Ondan sonra əmlakına da həbs qoyulub sizin də paylarınız qaytarılacaq…
Aydəm İsmayılov: Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?
”Akula Akif”: Generalın arxasında ”Ağbaş” durur, ona hələ gücümüz çatmır, amma onun da axırına az qalıb. Gedin təcili general barəsində mətbuatda, xüsusilə ”Müsavat” və ”Azadlıq” qəzetlərində onu gözdən salmaq üçün xoşagəlməz məqalələr yazdırın.
Söhbət hansı generaldan gedir? Həmin dövrü araşdırarkən vəzifədən çıxarılan general Milli Təhlükəsizlik Nazirinin müavini Əli Nağıyev olub. Nağıyevi özünün yerinə ən potensial namizəd hesab edən Mahmudov hər vəchlə onu dövlət rəhbərliyinin gözündən salmağa, MTN-dən uzaqlaşdırmağa çalışırdı. O dövrdə MTN-nin nəzarətində olan mətbu orqanlarda Əli Nağıyevin əleyhinə müxtəlif kompromatlar dərc olunur, generala hər cür ittiham yönəldilirdi. Dövri mətbuatda haqqında korrupsiya ittihamları səsləndirilən Əli Nağıyev nəhayət, 2011-ci ildə Eldar Mahmudov tərəfindən “zərərsizləşdirildi”. Mahmudovun quldurluq əməllərinin özünün ən vəhşi formasını qazanması üçün nazirlikdə ən böyük əngəl sayılan Əli Nağıyev nəhayət 2011-ci ildə MTN-dən kənara çəkildi. Nağıyev ölkə başçısının sərəncamı ilə MTN rəhbərinin birinci müavini vəzifəsindən azad edildi. Mahmudov çetesi isə dərhal ona qarşı hücumu daha da artırdı. MTN başçısına bağlı mətbuatda Əli Nağıyev korrupsiya ittihamlarına görə prezident tərəfindən vəzifədən uzaqlaşdırıldığını tirajlamağa başladı. Ölkə başçısı isə bu ittihamları və Eldar Mahmudovu sürpriz bir həmlə ilə susdurub yerlə-yeksan etdi. Korrupsiya ittihamlarına görə təhlükəsizlik nazirinin birinci müavini postundan uzaqlaşdırıldığı deyilən Əli Nağıyev bir ay sonra dövlət başçısı tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifəsinə gətirildi. Prezident bu həmləsi ilə Əli Nağıyevə etimadını təsdiqləmiş oldu. Burada bir haşiyə çıxaq. Uzun illər Mahmudovla toqquşmada olan Nağıyevə MTN əməliyyatlarından sonra buradakı qanunsuzluqların araşdırılması üçün yaradılan istintaq qrupuna rəhbərlik həvalə edildi. Beləliklə, Eldar Mahmudov rahat-rahat cinayət əməlləri törətməsi üçün nazirlikdən hər vəchlə uzaqlaşdırmağa çalışdığı Əli Nağıyev kənara çəkilib zamanını gözləməyin mükafatını almışdı – Mahmudovun cinayətlərinin ifşası məhz ona tapşırılmışdı. Və nəhayət bir müddət öncə, təhlükəsizlik sistemindən uzaqlaşdırıldıqdan sonra 8 il kənarda, passiv vəzifədə öz zamanını gözləyən Əli Nağıyev ən yaxşı bildiyi sahəyə – kəşfiyyatçılığa qayıtdı. Əli Nağıyevin DTX rəisi postuna təyin edilməsini ölkə başçısı İlham Əliyevin ona çox inandığın bir nümunəsi saya bilərik. Uzun illər Nağıyevin müxtəlif cəbhələr tərəfindən vurulmasına mane olan və onu yanına çəkərək qoruyan dövlət başçısı generalın bu sədaqətinin mükafatını isə 8 il sonra verdi. Kənara çəkil deyiləndə səssizcə öz vaxtını, ölkə rəhbərinin yeni tapşırıqlarını gözləyən Nağıyevin ikinci baharı isə dünəndən başlayıb. Bu sədaqətin nticəsi idi, ardınca isə mütləq xəyanətin bədəlinin ödənilmə zamanı gəlməlidir.
Xəyanət demişkən, bəs Aydəm İsmayılov vasitəsilə Akif Mustafayevə 4 milyon 400 min manat verərərək belə bir sadiq generalın “vurulması”nı sifariş edən kimdir? Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc ehtimallara rast gəldik. Belə ki, bu sual ətrafında təhlil və araşdırma aparan bəzi saytlarda konkret ad çəkilib. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adıdır. Bu iddia həqiqətə nə dərəcədə yaxındır, demək çətindir. Lakin cumhuriyyet.az olaraq xatırladaq ki, burda eyham vurulan generalın və Kərəm Həsənovun adı oxşar başqa bir iddiada da keçir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş əməkdaşı, 2014-cü ilin sentyabrında MTN tərəfindən həbs olunmuş Malik Mustafayev də həbsinin K.Həsənov tərəfindən MTN-ə sifariş olunduğunu iddia edir və bildirir ki, istintaqda ondan bir generalın əleyhinə ifadə almaq istəyiblər. Yəni onun həbsi, dolayısilə həmin generala qarşı əməliyyat olub. Lakin M.Mustafayev MTN-dəki işgəncələrə rəğmən, istintaqçıların tələb etdikləri ifadəni vermədiyindən bu əməliyyat pozulub.
Digər bir faktı da cumhuriyyet.az olaraq xatırladaq ki, 2013-cü ildə MTN tərəfindən həbs edilən jurnalist Pərviz Həşimli məhkəmədə sensasion bəyanatla çıxış elədi. Jurnalist açıqca dedi ki, Eldar Mahmudov ondan Əli Nağıyevin və Cavid Qurbanovun üzünə durmasını tələb edib. Bunu etmədiyi üçün də MTN əməkdaşları nazirin tapşırığı ilə ona qondarma cinayət işi açdırıb həbsinə nail olub. P.Həşimlinin sözlərinə görə, Eldar Mahmudov çetesi Nağıyevin və Qurbanovun üzünə durması halında ona pul da təklif edib. Sitat: “Dedilər, Əli Nağıyevin və Cavid Qurbanovun üzünə dur, 1 milyon veririk”. Bütün bunların təsadüf olduğunu düşünmək çətindir. Kərəm Həsənovun dövlətçiliyə sədaqətini təsdiq edən generala qarşı düşmənçiliyi isə əsassız deyil. Ə.Nağıyev MTN-də çalışarkən iqtisadi cinayətlərin, daha sonraki fəaliyyətində isə korrupsiya hallarının ifşasını uğurla həyata keçirib. Bu fəaliyyət isə sözsüz ki, hər iki istiqamətdə kifayət qədər nöqsanları olan Komitə sədrini narahat edirmiş…

Şərhlər

XƏBƏR LENTİ