XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mehman Hüseynovun müdafiəsinə imza kampaniyası başlandı – Hər kəs qatıla bilər

Mehman Hüseynovun müdafiəsinə imza kampaniyası başlandı – Hər kəs qatıla bilər

Mehman Hüseynovun müdafiəsinə imza kampaniyası başlandı – Hər kəs qatıla bilər
25-03-2017, 13:15

Həbs edilmiş bloger Mehman Hüseynovun azad olunması tələbilə birgə bəyanatın müdafiəsinə imza toplanması kampaniyası başlanıb.
Bəyanatın mətni Azərbaycan və ingilis dillərində Mehman Hüseynovun feysbuk səhifəsində yerləşdirilib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun həmtəsiscisi Emin Hüseynov bildirib ki, vətəndaş cəmiyyətinin hər bir nümayəndəsi bu bəyanatı imzalaya bilər.
“Qoşulmaq istəyənlər bu bəyanatı diqqətlə oxuduqdan sonra qoşulduqları barədə bildirişi bu statusun altında şərhlər bölümündə və whatsapp nömrəmə +41788788428 göndərə bilərlər. İzmalanma kampaniyası sabah (25 Mart 2017) Bakı vaxtı ilə saat 18:00-dək davam edəcək və sonra bəyanata qoşulanların siyahısı ilə birgə yayımlanacaq”, – Emin Hüseynov bildirib.
Bəyanatın mətnini təqdim edirik:
Azərbaycan Vətəndaş Cəmiyyəti Nümayəndələrinin Mehman Hüseynovun həbsinə dair birgə bəyanatı
Biz Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq həmkarımız Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, tanınmış jurnalist və bloqer Mehman Hüseynovun siyasi sifariş nəticəsində məhkum olunmasını pisləyir və Azərbaycan hakimiyyətindən onu dərhal azadlığa buraxmağı tələb edirik.
Biz hesab edirik ki, Mehman Hüseynovun azadlıqdan məhrum edilməsi birbaşa onun jurnalist və hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Belə ki, Mehman Hüseynovun həbsinin və məhkumluğunun birbaşa səbəbi onun bu il yanvar ayında polis tərəfindən oğurlanaraq işgəncəyə məruz qalmasını ictimailəşdirməsi və həmçinin ötən il Konstitusiyaya edilən dəşiklikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin öz həyat yoldaşı Mehriban Əliyevanı I vitse-prezident vəzifəsinə təyin etməsi ilə bağlı hazırladığı satirik reportajın sosial şəbəkələrdə geniş yayılması olmuşdur.
Mehman Hüseynov daha çox Azərbaycanda yüksək vəzifəli məmurların qanunsuz yollarla əldə etdikləri əmlaklar barəsində və dövlət satınalmalarında korrupsiya halları haqqında çoxsaylı reportajların müəllifidir. Həmin reportajlar sosial şəbəkələrdə çox məhşur olan “sancaq” onlayn satirik ictimai-siyasi jurnalında yayımlanır və onları gündəlik 100 minlərlə insan izləyir.
Jurnalist və bloqer fəalyəti ilə yanaşı Mehman Hüseynov 2016-cı ilin noyabırından etibarən RATİ-nin sədri vəzifəsini icra edir. 2014-cü ildən bu günədək RATİ digər müstəqil yerli və beynəlxalq QHT-lər kimi Azərbaycan hakimiyyətin təqibi ilə üz-üzə qalmaqdadır. Belə ki, təşkilatın həmtəsisçisi Emin Hüseynov həbs təhlükəsi ilə üzləşdiyi üçün İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra, İsveçrəyə siyasi mühacirətə getməyə məcbur olmuşdur. Emin Hüseynovu sədr vəzifəsində əvəzləyən jurnalist həmkarı Rasim Əliyev 2015-ci ilin avqustunda döyülərək öldürülmüşdür.
Son aylarda Mehman Hüseynovun RATİ-nin sədri qismində fəaliyyətə başlaması və xüsusən də Avropa Şurasının Parlament Assambleyasında azərbaycanlı deputat Elxan Süleymanovun italyalı deputat Luka Volonteyə 2,5 milyon avro rüşvət verməsi qalmaqalı ilə bağlı Vətəndaş Cəmiyyətinin birgə müraciət imzalaması kampaniyasının təşəbbüskarlarından biri kimi çıxış etməsi hakimiyyətin əlavə narahatlığına səbəb olmuşdur.
Mehman Hüseynovun həbsindən əvvəl Milli Məclisin 2016-cı ildəki bir neçə plenar iclasında hakim elitaya yaxın olan deputatlar ona qarşı ölçü götürülməsi və internetdə ifadə azadlığını məhdudlaşdıran yeni qanunların qəbulu üçün çağırışlar etmişdirlər.
Mehman Hüseynov 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya yarışması öncəsi “demokratiya üçün oxu” kampaniyasındakı media ilə əlaqələdirici koordinator fəaliyyətinə görə şərlənərək onun barəsində cinayət işi açılmış və ölkədən çıxışına qadağa qoyulmuşdu. 2014-cü ilin noyabrında şəxsiyyət vəsiqəsini yeniləyərkən polis tərəfindən növbəti dəfə saxlanılmış və onun adına olan pasport və şəxsiyyət vəsiqəsi ləğv edilmişdir.
Son 5 ildə Mehmanın ölkədən çıxışına qanunsuz olaraq qadağa var. Mehman 2016-cı ildə tibbi əməliyyat etdirmək istəsə də, şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə həkimlər onu əməliyyat etməkdən imtina ediblər.
Bütün bu hallar açıq-aşkar göstərir ki, qanunsuz təqiblər onun jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
Uzun sürən təzyiq və təqibdən sonra, 03 mart 2017-ci il tarixində Azərbaycan iqtidarı Mehman Hüseynovu diffamasiyaya görə qanunsuz olaraq 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
Biz Mehman Hüseynovun həbsi ilə əlaqədar 30-a yaxın beynəlxalq hüquq müdafiə təşkilatının, Avropa Birliyi, ATƏT və Avropa Şurası rəsmilərinin verdiyi bəyanatlarda təsbit olunmuş narahatlıqları tam bölüşür və beynəlxalq ictimaiyyəti bu işi diqqətdə saxlamağa və müvafiq addımları daha da gücləndirməyə çağırırıq.
Mehman Hüseyov ifadə azadlığına görə həbsə atılan tək adam deyil. Onunla yanaşı bu gün Azərbaycan həbsxanalarında çoxlu sayda jurnalist, bloqer və ictimai-siyasi fəallar saxta ittihamlarla azadlıqdan məhrum olunublar.
Biz Vətəndaş Cəmiyyəti fəalları olaraq Mehman Hüseynovun həbsi ilə əlaqədar 29 mart tarixində keçiriləcək apelyasiya məhkəməsində ədalətli qərarın çıxarılmasına, Mehmana tam bəraət verilməsinə və ona qarşı işgəncə tətbiq etmiş polislərin cəzalandırılmasına çağırırıq. Biz həmçinin Azərbaycanın icra və qanunverici hakimiyyətinin yüksək çinli məmurlarını tənqidə dözümlü olmağa və ölkədə fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.