SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq icra məmuru pul yığmaq üçün özünə saxta dərviş toyu edibmiş - ilginc təfərrüat

Sabiq icra məmuru pul yığmaq üçün özünə saxta dərviş toyu edibmiş - ilginc təfərrüat

Tarix:

24-12-2018, 13:21

/ 1 596 dəfə oxundu.
Sabiq icra məmuru pul yığmaq üçün özünə saxta dərviş toyu edibmiş - ilginc təfərrüat

Keçmiş icra məmurunun məhkəməsi davam etdirilib. O, dələduzluqda ittiham edilir. Sonuncu məhkəmə iclasında maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, həbs edilən şəxs pul yığmaq üçün özünə yalandan toy da edibmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Naibə Piriyeva ifadə verib.

Zərərçəkmiş deyib ki, qızıl alveri ilə məşğul olub. O bildirib ki, Asif Məmmədovu Binəqədi Rayon Polis İdarəsində olarkən tanıyıb.

Naibə Piriyeva qeyd edib ki, həmin vaxt Samirə adlı qadın ona qarşı dələduzluq etdiyi üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

"Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma sonradan Asifin özü mənə qarşı dələduzluq etdi"- deyən zərərçəkmiş Asif Məmmədovla aralarında yaranan yaxın tanışlığı da məhkəməyə izah edib.

Naibə Piriyeva deyib ki, onun şikayəti ilə bağlı araşdırma gedən zaman elə olub ki, evə gecə saatlarında gedib. Bu zaman Asif onu və digər şəxsləri maşınla evlərinə aparıb: "Beləcə, onunla dostlaşdıq. O, oğlumla da tanış oldu. Anasını da bizimlə tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Mən Asifə oğlum, o da mənə ana deyirdi".

Aldadıldığını deyən Naibə Piriyeva Asif Məmmədova ilk dəfə oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək üçün 15 min manat verdiyini söyləyib.

"Əvvəl ona 12 min, sonra 3 min manat verdim. Lakin iş alınmadı. Sonra mənə yazdı ki, xala, iş həll olunur, özüm də ora düzəlmək istəyirəm. Buna görə məndən daha 8 min dollar pul istədi. Həmin pulla da özü işə düzələcəkdi. Oğlum razılaşmadı. Sonra notariusla pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul aldı".

Zərərçəkmiş ifadə verərkən Asif Məmmədovla aralarında bir neçə dəfə mübahisə yaranıb. Onlar bir-birlərini ünvanına təhqiramiz ifadələr səsləndiriblər.

Asif Məmmədov deyib ki, Naibə Piriyeva yalan danışır: "Dəfələrlə fərqli ifadə verib. Gah deyir, oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Mən ondan sadəcə borca pul almışam. Başqa nə deyirsə, yalandır".

Bu sözlərə qəzəblənən Naibə Piriyeva Asif Məmmədov haqda məhkəməyə məlum olmayan başqa bir məqamın da üstünə açıb.

O deyib ki, Asif Məmmədov yalandan toy edərək pul yığıb. Naibə Piriyeva bu işdə ona kömək etdiyini də etiraf edib:

"Mənim bununla münasibətim yaxşı idi. Anası Mirvari xanımla da tanış olmuşduq, səmimi münasibətimiz var idi. Bir gün anası mənə dedi ki, qız tapım. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini dedim. Ağıllarına batdı və razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığı hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha 6 nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar".

Bu zaman da tərəflər arasında mübahisə yaranıb.

Məhkəmə iclası dekabrın 25-də davam etdiriləcək.

İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevanı aldadıb. Belə ki, onları işə düzəldəcəyini deyərək pullarını alıb.

A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ