XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ramiz Həsənov təyinat xəbərini gözləyir... - Amma sahibkarlar narazılıq edirdi...

Ramiz Həsənov təyinat xəbərini gözləyir... - Amma sahibkarlar narazılıq edirdi...

Ramiz Həsənov təyinat xəbərini gözləyir... - Amma sahibkarlar narazılıq edirdi...
2-05-2018, 22:35

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi və onun sədri Ramiz Həsənovun hələ ki vəzifəyə təyin edilməməsi, digər qurumların çıxarılan rəhbərləri kimi, onu da cəmiyyətin diqqətinə gətirib.

Reyting.az bildirir ki, Ramiz Həsənovun yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri vəzifəsinə iddialıdır.

Məlumata görə, R. Həsənovun özü və yaxın çevrəsi də belə bir təyinatın olacağını gözləyirlər. Keçmiş komitə sədrinin yaxın ətrafı özlərini bu təyinata o qədər inandırıblar ki, hətta bunu açıq formada da dilə gətirirlər.

Xatırladaq ki, R. Həsənov əslən gürcüstünlıdır. Onun qardaşı Dursun Həsənov Azərbaycanın bu ölkədəki səfiri, qayını Elxan Poluxov isə Azərbaycanın Braziliyadakı səfiri vəzifəsində çalışır.

Lakin keçmiş komitə sədrinin barəsində saytlarda yayılan digər məlumatda qeyd olunur ki, o, etimadı itirib. Bu da R. Həsənovun rəhbərliyi dövründə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən narazılığın artması, qurumun bir növ sahibkarların “qəniminə” çevrilməsi ilə bağlı ola bilər: “Məsələn, bu günlərdə ölkənin ciddi mətbu orqanlarında da yazılıb ki, son illər Komitənin məsul şəxsləri daha çox qazanmaq naminə sahibkarlara qoyulan aylıq və illik “haqları” xeyli artırmışdılar. Hətta onlar yüksək rütbəli şəxslərə və ya onların yaxınlarına məxsus obyektlərdən də “haqq” almağa başlamışdılar. Təbii ki, bu da ciddi narazılıq yaratmışdı”.

Komitənin sahibkarları təhdid edərək pul yığmasına, “haqq” verməyənlərin isə qapılarına qıfıl vurmasına dair məlumatların ölkə rəhbərliyinə də çatdırıldığı, buna görə də belə bir qərarın verildiyinə dair iddialar var.

Prezident İlham Əliyev də dəfələrlə istehlak bazarına nəzarət edən orqanların fəaliyyətindən narazılığını dilə gətirmiş, onları işbazlarla əlbir olmaqda, iş adamlarını soymaqda ittiham etmişdi. İstehlak bazarına nəzarət edən orqanlardan birinə isə məhz Ramiz Həsənov rəhbərlik edirdi…

Bundan əlavə, Hesablama Palatası da Komitədə apardığı yoxlamalarda ciddi maliyyə pozuntuları aşkarlayıb, külli miqdarda büdcə vəsaitinin təyinatından yayındırıldığını bəyan etmişdi. Bu da əslində R. Həsənovun fəaliyyətindən ən yüksək səviyyədə narazılığın olduğu fikrini formalaşdırmışdı. Odur ki, Ramiz Həsənova heç bir vəzifə verilməyə də bilər.

Hər halda, təyinatlar yekunlaşmaq üzrə olsa da, R. Həsənov yada düşmür.

Görəsən, o, yeni vəzifəyəmi gedəcək, yoxsa birdəfəlik “vurulub”?

Bunu yaxın vaxtlarda biləcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.