XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Deputat İqbal Məmmədov Apellyasiya Məhkəməsi ilə anlaşıb?

Deputat İqbal Məmmədov Apellyasiya Məhkəməsi ilə anlaşıb?

Deputat İqbal Məmmədov Apellyasiya Məhkəməsi ilə anlaşıb?
25-01-2018, 10:23

Bu gün Bakı Apellyasiya Məhkəməsində deputat İqbal Məmmədovla “Sahil-D Company” şirkətinin tikdiyi binada yaşayan 3 ailə ilə arasında məhkəmə prosesi keçiriləcək.
Qeyd edək ki, deputat İqbal Məmmədov 2008-ci ildə “STS” şirkətinə 654 min dollar ödəyərək F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binadan 2-i üçotaqlı, 1-i dördotaqlı olmaqla 3 mənzil alıb. Lakin onun pulu ödədiyi “STS” şirkətinin rəhbərliyi binanın tikintisini başa çatdıra bilməyib və həbs ediliblər. Sonradan isə “Sahil-D Company” şirkəti tikintini davam etdirib və mənzilləri satışa çıxarıb. Həmin 3 mənzili “Sahil-D Company” şirkəti tərəfindən vətəndaş Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satılıb. Adıçəkilən şəxslər neçə illərdir həmin mənzillərdə yaşayırlar.
Deputat İqbal Məmmədov isə məhkəmədən tələb edir ki, onun “STS” şirkəti ilə bağladığı müqavilə “Sahil-D Company” şirkəti ilə bağlanmış hesab edilsin və mənzilllər boşaldılaraq ona qaytarılsın. 2017-ci ildə Xətai rayon məhkəməsi İqbal Məmmədovun iddiasını rədd edib. Məhkəmin qərarına görə, deputat pulunu “STS” şirkətindən tələb etməlidir. Xətai rayon məhkəməsinin qərarından narazı qalan İqbal Məmmədov apellyasiya şikayəti verib. Ancaq deputat “Sahil-D Company” şirkətinin hüquqi ünvanının Nərimanov rayonunda olmasını bəhanə edərək bu rayonun məhkəməsinə də müraciət edib. Həmin məhkəmə prosesində İqbal Məmmədov mandatından istifadə edərək hakim Abbas Əliyevin onun xeyrinə qərara çıxartmasına nail olduğu bildirilir. Belə ki, Nərimanov rayon məhkəməsi “Sahil-D Company” şirkətinin binasında yaşayan vətəndaşlar Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədovun müqavilələrini etibarsız hesab edib və deputat İqbal Məmmədovun müqaviləsini əsas sayaraq mənzillərin 3 ay müddətinən boşaldılaraq millət vəkilinə təhvil verilməsi barədə qərar çıxarıb.
Məsələ ilə bağlı saytımıza müraciət edən vətəndaşlar - Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədov - bildirirlər ki, deputat İqbal Məmmədov indidə Nərimanov rayon Məhkəməsində olduğu kimi, Bakı Apellyasiya Məhkəməsində baş tutacaq prosesə təsir etməklə öz xeyrinə qərara çıxartmaq istəyir: "Halbuki hüquqi tərəfdən biz haqlıyıq və deputat pulunu vaxtı ilə verdiyi STS” şirkətindən tələb etməlidir. Amma İqbal Məmmədov mandatından və gücündən istifadə edərək, 3 ailənin halal pulla aldığı evdən çıxartdırmaq istəyir".
Şikayətçilərin sözlərinə görə, deputat onlara mesaj göndərərək "sakit halda “mənzilim”dən çıxmağa hazırlaşın, çünki Bakı Apellyasiya Məhkəməsi də xeyrimə qərar verəcək" deyə bildirib. Deputatın bu cür arxayın danışmasından belə nəticəyə gəlmək olar ki, İqbal Məmmədov öz xeyrinə qərara çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsi ilə rəhbərliyi ilə anlaşıb.

Azfakt.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.