XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Elnur Əliyev “Qoruq siyasəti” ilə özünü kimdən qoruyur?

Elnur Əliyev “Qoruq siyasəti” ilə özünü kimdən qoruyur?

Elnur Əliyev “Qoruq siyasəti” ilə özünü kimdən qoruyur?
11-12-2017, 12:52

Yeni dönəmdə onun “alternativ nazir” statusunu qoruyacağı inanılmazdır

Hər hansı bir sahəyə kadr təyinatı olarkən ilk növbədə onun idarəetmə keyfiyyətləri nəzərə alınır.

Hətta həmin şəxsin idarə etdiyi sahəyə aid olmayan qeyri-ixtisaslı biri də olması yolveriləndir. Çünki burda qeyd etdiyimiz kimi idarəetmə təcrübəsi əsas rol oynayır. Ancaq müavinlər, idarə rəisləri, şöbə müdirləri sırf ixtisas sahibləri olmalıdırlar. Yəni iqtisadiyyat sahəsini tamailə ədəbiyyatçıların inhisarına versən az müddətdən sonra orada vəziyyəti ancaq aşıqlar sazla-sözlə çatdıra bilərlər.
Təhsil Nazirliyi elə bir sahədir ki, burda sırf ixtisas sahibləri, peşəkarlar işləməlidirlər. İki-üç nəfər qeyri-ixtisas sahibi olması normaldır, ancaq bütövlükdə nazir və müavinlərinin qeyri-ixtisas sahibi olmaları tamamilə yolverilməzdir. Necə ki, bunun acı fəsadlarını son illər Azərbaycan təhsili yaşamaqdadır.

Bir neçə gün əvvəl Vergilər naziri təyin olunan Mikayıl Cabbarov təhsil naziri olandan sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırdı. Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin etdi ki, bu da təhsil sahəsində sonradan ciddi problemlərin meydana çıxmasına səbəb oldu. Çünki həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yox idi və nazirlə şəxsi dostluqları nəticəsində belə strateji sahəyə rəhbər təyin olunmuşdular. Belələrindən biri də nazirlikdə mühüm səlahiyyət sahiblərindən biri olan Elnur Əliyevdir.

Keçmiş nazir Mikayıl Cabbarova yaxınlığından istifadə edən Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsini və nazirliyin bir neçə aparıcı idarəsini idarə edir. Elnur Əliyev Təhsil Nazirliyinin "kardinalı" , Sosial media lahiyəsinin rəhbəri, Təhsil nazirliyində İnformasiya şöbəsinin müdiri, Aparat rəhbərinin səlahiyyətlərini əvəz edən şəxsdir. Eyni zamanda Elnur Əliyevin nazirlikdə direktorların işə qəbulu ilə bağlı keçirilən komissiyalarda “fəallığını” xarici diplomların təsdiqlənməsində “canfəşanlıq” göstərməsini bildirirlər.

Hələ "İçərişəhər" Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın "JEK" rəisi olan E. Əliyevin səlahiyyətləri bunlarla da bitmir. Dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətindədir. Bakı Şəhər Təhsil İdarəsi də birbaşa Elnur Əliyevin nəzarəti altındadır.

Ölkənin ümumtəhsil məktəbləri üzrə təhsil alanların 1/3-ni, təhsilverənlərinin 1/5-ni özündə birləşdirən Bakı Təhsilini Elnur Əliyev öz bildiyi kimi idarə edir.

Elnur Əliyev həmçinin, rayonların demək olar ki, əksəriyyətində RTŞ -lərə yerləşdirdiyi İnformasiya Şöbəsinin əməkdaşları vasitəsi ilə RTŞ müdirlərinə nəzarət edir.
Onun nəzarəti altında Təhsil Nazirliyinin İnsan Resursları, Ümumtəhsil, Daxili Nəzarət, Maliyyə , Dərslik və bir neçə kiçik şöbələr fəaliyyət göstərir.

Son zamanlar təhsilimizdə hamımızı narahat edən çox ciddi proseslərə nəzər saldıqda ilk növbədə düşünmək olar ki, Təhsil Nazirliyinin əməkdaşları, xüsusilə də Elnur Əliyev başda olmaqla bir qrup sanki sadə Azərbaycan müəlliminə qarşı yürüşə çıxıblar və bütün atdıqları addımlar məqsədli xarakter daşıyır.

Baş verən qanunsuz kütləvi işdən çıxartmaların, təhsilimizdə məqsədli şəkildə yaradılan xaos və özbaşınaqlıqların , dərs bölgüsünün də əsas müəlliflərindən birinin məhz Elnur Əliyev olduğu söylənilir.

Elnur Əliyevin əlində bu qədər səlahiyyətlərin cəmlənməsinə, hətta az qala “alternativ nazir” statusuna malik olmasına baxmayaraq indiyə qədər onun kimsəni qəbul etdiyini, hansısa bir şəxsin probleminə yardımçı olduğunu söyləmək olmaz. Təhsil nazirliyinə gəldiyi gündən indiyə qədər onun qəbul saatı keçirmədiyini hamı bilir. Hətta adi bir qəbul saatı lövhəsi belə hazırlatmağa lüzum görməyən E. Əliyev medyaya və ictimaiyyətə “qapalı persona” imici formalaşdırıb. Hər şeyə şəxsi maraq müstəvisindən yanaşdığı üçün nəinki özü, hətta nazirlə xalq arasında keçilməz səddə çevrilib.

Elnur Əliyevin xüsusilə onu tənqid edən medya qurumlarına, jurnalistlərə qarşı olan düşmən münasibəti onun necə bir “demokratik və islahatçı” təfəkkürə malik olduğunun göstəricisidir. Sırf onun haqqında tənqidi fikirlər səsləndirdiyim üçün mən E. Əliyev tərəfindən nazirliyin “qara sıyahısı”na düşmüşəm. Keçmiş nazirlə görüşümə “Çin səddi” çəkən E. Əliyev açıq aşkar bunu onun haqqında dediyim tənqidlərə görə etdiyini bildirir. Elnur Əliyev Təhsil Nazirliyini də “qoruq prinsipi” əsasında idarə edərək özünü və naziri bu yolla “qorumağa” çalışırdı.

Hələ də “JEK təfəkküründən” uzaqlaşa bilməyən, idarəetdiyi sahəyə şəxsi hissləri səviyyəsində yanaşan E. Əliyevin təhsilimizə vurduğu zərbələrin yaraları hələ uzun müddət sızıldayacaq. Lakin, unutmaq olmaz ki, vəzifə kürsüsü heç kimə miras qalmayıb və hər kəs oturduğu məqamına görə dövlətinə, ona göstərilən etimada borclu olmalıdır. Göstərilən yüksək etimadı doğrultmayanların aqibətini görməyənlərə oturduqları isti kabinetlərindən çıxıb bir az xalqa yaxın olmağı məsləhət bilirik. Heç kimi qəbul etməyən E. Əliyev unutmamalıdır ki, sonradan xalqın qəbul saatlarına düşmək də çətin məsələdir.

rublika.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.