XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Rostovdakı Azərbaycan diasporasının rəhbəri iş adamını necə aldadıb? – ŞOK İDDİALAR

Rostovdakı Azərbaycan diasporasının rəhbəri iş adamını necə aldadıb? – ŞOK İDDİALAR

Rostovdakı Azərbaycan diasporasının rəhbəri iş adamını necə aldadıb? – ŞOK İDDİALAR
24-11-2017, 12:27

Xatırlayırsınızsa, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl ölkəmizdə artıq neft erasının başa çatdığını bəyan etmiş və bütün iş adamlarımızı, o cümlədən xarici investorları qeyri-neft sektoruna kapital yatırmağa çağırmışdı. Ölkəmizdən didərgin düşüb xaricə yollanan bəzi iş adamlarımız da bu çağırışa səs verərək, ata-baba yurdlarına qayıtmışdılar. Ukraynada yaşayan iş adamı Məmmədova Almaz Hüseyn qızı da Prezidentimizin səsinə səs verənlərdəndir.
Nə yazıq ki, Almaz xanımın bu xoş niyyəti və ümidləri daşa dəyib. Saytımıza göndərdiyi məktubda yazdığına görə, onu Rostov şəhərində Azərbaycan disporasına rəhbərlik edən Allahverdiyev Şakir Allahverdi oğlu aldadıb. Ən pisi isə odur ki, Allahverdiyev öz əməlində ölkə rəhbərinin və ailəsinin adından istifadə edib.
Almaz xanım başına gətirilənlərdən ölkə rəhbərliyinin xəbəri olmadığından əmindir. Onu ən çox narahat edən də məhz bu oyunlarda kimlərinsə ölkə rəhbərliyinin adından istifadə etməsidir. Odur ki, saytımız vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanıma açıq məktub göndərmək, onları vəziyyətdən hali etmək niyyətindədir. Biz də iş adamının bu nəcib istəyinə sayğıyla yanaşır, qələmə aldığı açıq məktubu ünvanına çata bilməsi üçün dərc etməyi məsləhət bilirik. Hesab edirik ki, Prezident İlham Əliyevin iqtisadiyyatımızın dirçəlməsi naminə attdığı bu strateji addımın qarşısındakı maneələri dəf etmək istiqamətində bizim də əsas töhfəmiz bu cür şikayətləri ictimailəşdirmək olar.

Bəri başdan qeyd edirik ki, qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

İndisə, gəlin, Almaz Məmmədovanın necə aldadılması barədə fikirlərini onun öz məktubundan oxuyaq:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

Azərbaycan Respublikasının Baş Prokuroru

CƏNAB ZAKİR QARALOVA

Azərbaycan Respublikasının Daxili İşlər Naziri CƏNAB RAMİL USUBOVA

Baki şəhəri, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi ev 246 ünvanında qeydiyyatda olan Məmmədova Almaz Hüseyn qızı tərəfindən



Ə R İ Z Ə

Hörmətli Cənablar!

Mən, Məmmədova Almaz Hüseyn qızı Azərbaycan Respublikasının vətəndaşıyam və uzun illərdir Ukrayna Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşqulam. Təxminən dörd ilə yaxındır ki, həmyerlimiz Allahverdiyev Şakir Allahverdi oğlu ilə ailəliklə tanış olmuşduq. Həmin vaxt mənim yoldaşım Məmmədov Fuad ona bir neçə dəfə işlərində köməklik etmişdi. Sonradan bu münasibətlər iş ortaqlığı həddinə gəldi.
Təxminən 2015-ci ilin sonlarında o, bizimlə görüşərkən söhbət əsnasında bildirdi ki, Azərbaycanda bir çox vəzifəli şəxslərlə iş ortağıdır və hazırda Samux rayon Polis Şöbəsinin rəisi Akif Nəbiyevlə birlikdə şərab zavodu tikirlər. Guya, bu işdə onları rayonun icra başçısı Alı Qocayev dəstəkləyir və onlar işə başlamazdan əvvəl Akif Nəbiyevlə birlikdə qəbula gedərək başçıdan xeyir dua alıblar. Onların arxalarında daha böyük vəzifəli şəxslər, o cümlədən komitə sədri Nazim İbrahimov və çox nüfuzlu bir nazir dayanır. Öz kürəkəninin ölkə başçısına yaxın dairələrlə əlaqəsinidə dəfələrlə deyən Allahverdiyev Şakir Allahverdi oğlu, hətta bir neçə dəfə birinci xanım Mehriban Əliyeva ilə görüşdüyünü, yaxın vaxtlarda başçıların yerdəyişməsi olacağını və əminliklə Samux rayonuna icra başçısı vəzifəsinə təyin olunacağınıda bildirdi.
Allahverdiyev Şakir Allahverdi oğlu inam yaratmaq məqsədi ilə, onun imkanlarını görmək üçün israrla bizi Azərbaycana dəvət etdi və bildirdi ki, bütün biznes işlərində şərik ola bilərik. Biz onun dəvəti ilə Azərbaycana gəldik. Samux rayonunda o bizə üzümçülük sahələrini, tikilməkdə olan şərab zavodunu, dolu spirt çənlərini və digər obyektlərini göstərdi. Hətta bizim yanımızda kiməsə zəng vurdu və bizi nəzərdə tutaraq, qonaqların gəldiyini bildirdi. Telefon danışığını bitirdikdən sonra isə bizə dedi ki, rəisin nazirlikdən qonaqları var, yoxsa sizinlə görüşməyə gələrdi. Ümumi tanışlıqdan sonra biz belə qərara gəldik ki, həm Rusiyada, həm Azərbaycanda şərikli şirkətlər quraq və biznes fəaliyyətimizi genişləndirək. Bu qərarımızdan sonra biz 2016-cı ilin iyun ayında Rostov vilayətində “DONTREYD-YUQ” şirkətini yaratdıq. Şirkətin yerləşdiyi torpaq sahəsi Allahverdiyev Şakir Allahverdi oğluna məxsus idi. Bütün tikinti işlərini və avadanlıqların alınmasını isə mənim yoldaşım Məmmədov Fuad və digər yaxın qohumumuz Əhmədov Cəlal Maarif oğlu həyata keçirdilər. Ümumilikdə həm şirkətin fəaliyyətə başlaması üçün, həm tikinti işlərinə, həm də, xüsusi avadanlıqların alınmasına 570.000 (beş yüz yetmiş min) ABŞ dolları pul xərclədik. Bundan bir müddət sonra, Allahverdiyev Şakir Allahverdi oğlu Azərbaycanda qurmağı nəzərdə tutduğumuz şirkətlə əlaqədar olaraq bəzi məsələləri “araşdıracağını” deyərək Azərbaycana qayıtdı. Bir neçə gündən sonra zəng vurub bizi də Azərbaycana çağırdı.
Azərbaycana gəldik və görüş zamanı bildirdi ki, Azərbaycan Rusiya kimi deyil, burada gərək hamıya hörmət olunsun. Akif müəllim özü yuxarılarla danışıb. Bizə dedilər ki, Azərbaycanda böyük bir şirkət qurmaq üçün mütləq “monopoliya”nı yarmaq lazımdır. Bunun qarşılığında Mehriban xanımın adamı xanıma çatdırmaq üçün bizdən ən azı 1.500.000 (bir milyon beş yüz min) manat istəyib. Bu pulu mütləq ödəmək lazımdır. Pul ödənildikdən sonra şirkəti qurub spirt işini biz işləyəcəyik.
Mən soruşdum ki, bu işin qanuni yolu varsa və nədirsə, onu edək. Bu zaman Allahverdiyev Şakir Allahverdi oğlu bildirdi ki, Azərbaycanda yuxarının “şapka”sı çatmasa, bizə imkan verməyəcəklər. Biz razılaşmadıqda o bildirdi ki, iki variant var: biz, ya bu məbləği verməliyik, ya da, xanımın nəzarətində olan şirkətdən həmin məbləqdə avadanlıq almalıyıq. Mən ikinci variantı uyğun gördüm. Çünki, bir tərəfdən adını hallandırdığı vəzifəli şəxslərə və imkanlarına görə ona inansam da, xanımın belə bir tələbinin olduğuna inana bilmirdim. Bütün dünya bunu bilir ki, cənab prezidentimiz və ailəsi yalnız ölkəmizin və ölkəmizdə qeyri-neft sektorunun inkişafında maraqlıdır.
İkinci variantı razılaşdıqdan sonra, biz Bakı şəhərində görüş təyin etdik. Bir gün sonra biz evimizdə olan 120.000 (yüz iyirmi min) manat və 20.000 (iyirmi min) ABŞ dolları pulları götürdük və digər yaxın tanışlarımızdan borc alaraq ümumilikdə 170.000 (yüz yetmiş min) ABŞ dolları və 200.000 (iki yüz min) manat pulu avadanlıqlar alması üçün Nərimanov rayonu ərazisindəki Məxməri restoranında Allahverdiyev Şakir Allahverdi oğluna verdik. Qalan 1.000.000 (bir milyon) manat məbləği isə, şərik kimi polis rəisi Akif Nəbiyevlə özünün aralarında həll etməsini istədik.
Bir neçə gündən sonra, Allahverdiyev Şakir Allahverdi oğlu mənə bildirdi ki, xanımın razılığı alındı və bütün avadanlıqlar sifariş verildi. Ən uzağı bir aya şirkəti qura bilərik. Mən ona inandığım üçün təşəkkürümü bildirdim. Qeyd etdiyim kimi, Rostov vilayətində artıq şirkət qurmuşduq və bir ortaqlığımız yaranmışdı. Ona görə də, inanırdım. Həmçinin, Azərbaycanda şirkətimizin olmasını istəyirdim. Bundan sonra mən Ukraynaya getdim və deyilən vaxtı gözlədim. Deyilən vaxtdan bir qədər keçsə də, mənə heç bir cavab demədiyi üçün mən Allahverdiyev Şakir Allahverdi oğluna zəng vurdum və bu zaman o mənə bildirdi ki, guya bir-iki günə cavab deyiləcək.
Təxminən, bir həftə sonra, mənə bildirdi ki, xanım qərarı dəyişib, bütün pulları tələb elədi. Rəislə aparıb verdik onun köməkçisinə. Mən aparatları soruşduqda isə bildirdi ki, yaxın vaxtlarda həll edəcəm, indi bütün pulları verdim yuxarıya. Mən ona yenə inandım. Aradan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun ortaq şirkət qurmaması və avadanlıqları almaması bizi narahat etdi. Vaxt uzandıqca bizdə şübhələr yaranırdı.
Nəhayət bu il, mən bir neçə dəfə Azərbaycana gəldim və hər dəfə görüşdükdə bəhanələrlə vaxtı uzadırdı. Bildirirdi ki, rayonun polis rəisi Akif Nəbiyev bu işə pul ayıracaq və şirkətin qurulması üçün nə lazımdı alınacaq. Belə olduqda, ona qəti şəkildə bildirdim ki, xanıma pul verməsinə inanmıram və bu səbəbdən də, avadanlıqların alınması üçün verdiyim pulları geri qaytarmasını tələb etdim. Allahverdiyev Şakir Allahverdi oğlu məndən yenə vaxt istədi və avadanlıqları alacağını bildirdi. Mən ona daha heç bir avadanlıq istəmədiyimi dedim və pullarımı tam şəkildə qaytarması üçün üç ay vaxt verdim.
02 noyabr 2017-ci il tarixində Allahverdiyev Şakir Allahverdi oğlu ilə görüşüb verdiyim pulları almaq üçün Bakıdan Samux rayonuna getdik. Biz onunla Şirkət quracağımız obyektdə görüşməli idik. Həmin yerə çatdıqda, o sərxoş idi, spirtli içki qəbul etmişdi və bizi görüncə başladı küçə söyüşləri ilə təhqir etməyə. Mən onu sakitləşdirməyə çalışdıqda isə, yanındakı araq şüşələrini üstümə atmağa başladı və bağıraraq məni güllələyəcəyini dedi. Mən nə baş verdiyini başa düşməyə çalışırdım və yenə onu sakitləşdirmək istədikdə daha da, üstümə şığıyaraq bildirdi ki, çox başlar kəsmişəm, pulumu verib qanını yumuşam. İndi növbə sənindi. Vəziyyəti belə gördükdə mən qapıdan çölə çıxdım və 102 xidmətinə zəng vuraraq məlumat verdim. Həmin vaxt mənim yanımda bacım oğlu Elnur və yaxın tanışım Əminə var idi. Mənə ən çox təsir edən o oldu ki, bu adam bizim ölkəmizin birinci xanımı və birinvi vitseprezidentimiz Mehriban xanımın adından öz oyunlarında istifadə edirdi. Hətta mənə bildirdi ki, get, pulunu ondan al, mən ona vermişəm.

Hörmətli Cənablar!

Bilidirirəm ki, hal-hazırda ailə vəziyyətimiz çox ağırdır. Yoldaşım ağır xəstə olub. Mən özüm son bir neçə gündür stresdəyəm. Az qala hər gün-iynə dərman qəbul edirəm. Dövlətimizin ədalətinə və Sizin prinsipal mövqeyinizə ehtiyacımız var. Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, əzizimiz Mehriban xanımın, hörmətli nazirimiz Ramil Usubovun və polis rəsinin adından sui istifadə edən Allahverdiyev Şakir Allahverdi oğlu barəsində ciddi ölçü götürməyinizi və mənə dəymiş zərərin tam şəkildə ondan alınaraq özümə qaytarılmasını təmin etməyinizi Sizdən ailəmiz adından xahiş edirəm.

Qabaqcadan səmimi minnətdarlığımı bildirirəm!

İmza: Məmmədova Almaz Hüseyn qızı

06 noyabr, 2017-ci il. Bakı ş.

ovqat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.