SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının mer dərdi: - Abutalıbov nə gedir, nə də...

Bakının mer dərdi: - Abutalıbov nə gedir, nə də...

Tarix:

13-10-2017, 09:35

/ 90 370 dəfə oxundu.
Bakının mer dərdi: - Abutalıbov nə gedir, nə də...

Oktyabrın 21-də Gürcüstanda Tiflis meri uğurunda seçkilər keçiriləcək. Seçkilərdə həmçinin Gürcüstanda 11 şəhər və rayonun başçılarını seçəcəklər. Tiflisin meri olmaq üçün müxtəlif partiya üzvləri, siyasilər namizdəliklərini irəli sürüblər.

Qeyd edək ki, Cənubi Qafqaz ərazisində yerləşən ölkələrdən bir tək Azərbaycanda mer səsvermə yolu ilə seçilmir. Dünyanın əksər dövlətlərində paytaxt şəhərlərinin bələdiyyəsi var.

Azərbaycan nəinki Cənubi Qafqazda, Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, paytaxt bələdiyyəsi yoxdur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi hələ 2003-cü ildə Azərbaycan hökumətinə tövsiyə edib ki, Bakı şəhərinə yerli özünüidarə hüququ verilsin, Bakı Şəhər Bələdiyyəsi yaradılsın, seçkili idarəçilik tətbiq edilsin və paytaxtın statusu haqqında qanun qəbul olunsun. Qeyd olunub ki, Bakı şəhəri ərazinin böyüklüyünə və əhalisinin say çoxluğunda baxmayaraq, özünü idarəetmə formasına malik deyil. Buna görə də Konqres “Paytaxtın statusu haqqında” xüsusi qanun qəbul etməyi məsləhət görür. Bakıda vahid mer institutu yaradılarsa, bütün rayon və qəsəbələrdə də yerli bələdiyyələr ola bilər, amma onlar vahid bir şurada birləşməlidir.

Ölkəmizdə isə bununla bağlı təkliflər 2009-cu ildə ortaya çıxmağa başladı. Böyük Bakı Bələdiyyəsi layihəsinin həyata keçiriləcəyi barədə məlumatlar yayıldı. Layihəyə əsasən sözügedən qurum şəhər təsərrüfatının vahidliyini təmin edəcək, yerli özünüidarəetməni həyata keçirəcək. Yerli vergiləri və ödənişləri müəyyənləşdirəcək, şəhərin sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekoloji proqramlarının qəbulu, icrası, təhsil, səhiyyə, sanitariya müəssisələrinin təsis edilməsi, şəhər əhəmiyyətli su mənbələrinin idarə olunması, yolların tikilməsi, yarmarkaların təşkili, tarix və mədəniyyət abidələrinin mühafizəsi, köçürülməsi, qəbiristanlıqların qorunması, abadlıq işlərinin təşkili, şəhər ərazisində aparılan tikililərin layihələrinin və titul siyahılarının qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiqlənməsi, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə yaradılan dövlət komissiyalarına nümayəndələrin seçilməsində iştirak edəcək.

Bundan başqa, yerüstü sərnişin nəqliyyatının təşkili, marşrutların, iş rejiminin və dayanacaqların müəyyənləşdirilməsi, yerli və şəhər əhəmiyyətli bayram və digər kütləvi tədbirlərin təşkili, ictimai-siyasi tədbirlərin keçirilməsi vaxtının, yerinin, qaydasının razılaşdırılması, yanğın təhlükəsizliyi, mülki müdafiə, fövqəladə hallardan mühafizə sahəsində ilkin tədbirlərin təşkili, bütün növ seçkilərdə təşkilati, informasiya təminatında iştirak, seçicilərin seçki mədəniyyətinin artırılması işlərinin həyata keçirilməsi məsələlərini həll edəcək. Beləliklə də Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinin böyük qismi Bakı Bələdiyyəsinə aid olacaq.

Lakin göründüyü kimi, layihə hələ də yalnız tövsiyə kimi qalmaqdadır. Hava şəraiti kəskin dəyişən kimi paytaxt Bakı su, qar altında qalır, bütün ittihamlar da Bakı Şəhər İcra Hakimiyyətinə, 17 ildir ki, dəyişməyən icra başçısı Hacıbala Abutalıbova tuşlanır.

Maraqlıdır, niyə Azərbaycanda da mer seçkiləri keçirilmir?

Politoloq Elxan Şahinoğlu “konkret olaraq merin səlahiyyətləri nədən ibarətdir, hansı məsuliyyəti daşıyır, sözün düzü, bunu mən özüm də dəqiq bilmirəm” - deyə, qeyd etdi: “Bir ara bələdiyyələr formalaşdırıldı. Amma bələdiyyələrlə icra hakimiyyəti arasında sərhədlər yoxdur. ”Jeklər"lə bələdiyyələr yalnız vətəndaşlardan pul yığmaqla məşğuldur Bu pulları niyə yığırlar, vətəndaşlara necə xidmət edirlər, bu məlum deyil. Elə bir struktur yaradılmalıdır ki, məsələn, Türkiyədə və başqa ölkələrdə olduğu kimi, vətəndaşları narahat edən bir çox problemləri məhz yerlərdə bələdiyyələr həll etsin".

Politoloq qeyd etdi ki, bələdiyyələrin formalaşdırılması partiyalaşma sistemini də gücləndirə bilər: “Bildiyiniz kimi, hakim partiyanı çıxmaq şərti ilə digər partiyalar çox zəifləyib. Bu da ölkəyə müəyyən təhlükələr vəd edir, hansı ki, arada olan boşluğu müəyyən radikal elementlər özünə götürə bilər. Əgər partiyalar parlamentdə təmsil olunmurlarsa, heç olmasa mer, bələdiyyə seçkilərində iştirak etsinlər ki, onların varlığını cəmiyyət görsün. Bu isə ortada radikallaşmanın ortadan qaldırılmasına yardımçı ola bilər. Buna görə də Bakıda və digər şəhərlərdə mer seçkilərinin keçirilməsinin tərəfdarıyam. Sonradan seçicilər seçdikləri merdən öz tələblərini edə bilərlər.

Zamanında suallar doğururdu ki, niyə bələdiyyələr yaradılmır. Müəyyən vaxtdan sonra bələdiyyələr yaradıldı. Amma onların fəaliyyətini görə bilmirik. Hətta hakimiyyət təmsilçilərinin özləri belə tənqid edərək bildirirlər ki, bələdiyyələrin işi ancaq torpaq paylamaqdan ibarətdir. Çox təəssüf ki, bəzi hallarda kriminal məsələlər də ortaya çıxır. Məlum olur ki, bəzən torpaqlar qeyri-qanuni olaraq satılır və s.

Buna görə də şəffaf bələdiyyə, mer seçkilərinə ehtiyac var. Bunlar olmayana qədər düşünürəm ki, vəziyyət bu cür də davam edəcək və bilinməyəcək ki, merin, bələdiyyələrin səlahiyyətləri nədən ibarətdir və ona paralel olan strukturlar niyə ləğv olunmur".

Elxan Şahinoğu onu da vurğuladı ki, hakimiyyət partiyalaşmanın inkişafına dəstək olmalıdır:

“Azərbaycan hakimiyyəti ola bilsin düşünür ki, partiyalaşmanın inkişafına imkan vermək olmaz, gələcəkdə müəyyən problemlər yaşana bilər, 90-cı illərin anarxiyası, xaosu yenidən təkrarlanar və sairə. Amma əksinə, dünyada olduğu kimi sağ, sol partiyalara imkan yaradılmalıdır ki, bu və ya digər şəkildə cəmiyyətin həyatında iştirak edə bilsinlər. Əks halda, onların özləri də radikallaşır və həmin boşluğu başqa radikal elementlər doldura bilər. Hansı ki, biz bunun acı nəticələrini bir çox ölkələrin təcrübəsində gördük”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ