XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Qardaşlıq və etibarlı əməkdaşlıq

Qardaşlıq və etibarlı əməkdaşlıq

Qardaşlıq və etibarlı əməkdaşlıq
Bu gün, 17:41

 
“Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İkitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmən xalqına ünvanladığı bu sözlər iyunun 22-də ölkəmizə dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun keçirdiyi görüşlərdə, imzaladığı ikitərəfli sənədlərdə də öz təsdiqini tapdı.
Prezidentlərin təkbətək görüşündən sonra “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması münasibətlərdə yeni çalarları əks etdirir. Qeyd olunub ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Bu, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.
Həmin gün iki ölkə arasında imzalanmış sənədlərin Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədovun iştirakı ilə 12 mühüm sənədin mübadiləsi mərasimi olub.  Sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib. Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu, bunu, münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirib. Dövlətimizin başçısı Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib. Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını deyib.
Görüşdə çıxış edən Prezident Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və Azərbaycana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirib. Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib. Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib. 
Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və etnik yaxınlıq, ortaq türk kökləri, eləcə də Xəzər hövzəsində yerləşmələri iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır.  
Azərbaycan–Türkmənistan münasibətlərinin gələcək perspektivləri kifayət qədər genişdir. İlk növbədə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi gözlənilir. Türkmənistanın zəngin təbii qaz ehtiyatları ilə Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrindəki təcrübəsinin birləşdirilməsi hər iki ölkə üçün yeni imkanlar yarada bilər. Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çıxarılmasında tərəflərin əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaqdır. Bundan əlavə, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Hər iki ölkənin regional təşkilatlar çərçivəsində, xüsusilə türk dövlətləri arasında əməkdaşlığın inkişafına verdiyi önəm yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradır.
Nəticə etibarilə, Azərbaycan və Türkmənistan arasında münasibətlər hazırda yüksələn xətt üzrə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri, ticarət əlaqələri və humanitar sahədə əməkdaşlıq iki ölkənin yaxınlaşmasını daha da sürətləndirir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alındıqda, Azərbaycan–Türkmənistan münasibətlərinin gələcəkdə daha da genişlənəcəyi, regionda sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.