XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır

Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır

Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır
Bu gün, 17:40

 
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində prezidentlər arasında keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Türkmənistan əməkdaşlığının strateji xarakter aldığını və yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir.
Azərbaycan və Türkmənistan ortaq tarixi, mədəni, etnik və dil bağlarına malik dövlətlərdir. Müstəqillik illərində tərəflər arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə dəstək və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında formalaşıb. Son illərdə yüksəksəviyyəli siyasi dialoqun intensivləşməsi, dövlət başçılarının qarşılıqlı səfərləri və iqtisadi əlaqələrin genişlənməsi bu münasibətləri daha da möhkəmləndirib. Səfərin əsas siyasi nəticələrindən biri prezidentlərin imzaladığı Birgə Bəyanat oldu. Bu sənəd tərəflərin siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində ortaq iradəsini nümayiş etdirir. Birgə Bəyanat, eyni zamanda, Azərbaycan–Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini təsdiqləyən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər.
Səfərin ən yaddaqalan hadisələrindən biri Azərbaycan tərəfindən Türkmənistana “Dostlug” neftdaşıyan tankerinin hədiyyə olunması oldu. Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş bu tanker iki ölkə arasında dostluğun və qardaşlığın rəmzi olmaqla yanaşı, Azərbaycanın sənaye potensialını və müasir gəmiqayırma imkanlarını nümayiş etdirir. Uzunluğu 141 metr, dedveyti 7875 ton olan tankerin inşası ölkəmizin yüksək texnoloji istehsal sahələrində əldə etdiyi nailiyyətlərin göstəricisidir. Bu addım həm də Azərbaycanın regional sənaye mərkəzi kimi mövqeyinin gücləndiyini və yerli istehsal imkanlarının beynəlxalq əməkdaşlıq layihələrində uğurla tətbiq olunduğunu göstərir.
Energetika sahəsində imzalanmış saziş də xüsusi diqqət çəkir. Azərbaycan və Türkmənistan dünyanın mühüm enerji istehsalçılarından hesab olunur və hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir. Son illərdə tərəflər arasında enerji sahəsində əməkdaşlıq yeni məzmun qazanıb. Xəzər dənizində yerləşən “Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşmalar bunun ən parlaq nümunələrindəndir. Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi həm ölkələrin iqtisadi maraqlarına xidmət edir, həm də regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Sənaye, kənd təsərrüfatı, gömrük işi, səhiyyə, sosial müdafiə, idman, qida təhlükəsizliyi və maliyyə sahələrini əhatə edən çoxsaylı sənədlərin imzalanması əməkdaşlığın artıq yalnız enerji sektoru ilə məhdudlaşmadığını göstərir. Xüsusilə 2026–2028-ci illər üzrə sənaye əməkdaşlığı proqramı gələcəkdə birgə istehsal layihələrinin həyata keçirilməsi, texnologiya mübadiləsi və investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçıları sırasında yer alır. Hər iki ölkənin Xəzər dənizi üzərində yerləşməsi onların tranzit imkanlarını artırır və beynəlxalq yükdaşımalarda strateji rolunu gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əməkdaşlığın inkişafı Orta Dəhliz boyunca yük dövriyyəsinin artmasına və Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edir.
Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi də səfərin mühüm nəticələrindən biridir. Gənclər və idman, səhiyyə, əmək və sosial müdafiə sahələrində imzalanmış memorandumlar iki ölkə arasında insan kapitalının inkişafına, təcrübə mübadiləsinə və sosial siyasət sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu, münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar əsaslar üzərində inkişaf etdiyini göstərir.
Türkmənistan Prezidentinin Azərbaycana səfəri həm də regionda yeni geoiqtisadi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı, enerji təhlükəsizliyinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi bir dövrdə Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır. İki ölkə arasında mövcud olan yüksək siyasi etimad və qarşılıqlı dəstək gələcəkdə daha böyük iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Bütövlükdə Türkmənistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlər, əldə olunmuş razılaşmalar və nümayiş etdirilən siyasi iradə göstərir ki, Azərbaycan və Türkmənistan qarşıdakı illərdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək və regional inkişaf proseslərində birgə iştirak etmək əzmindədirlər. Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin gələcək perspektivlərinin olduqca geniş və ümidverici olduğunu bir daha təsdiqlədi.
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.