XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
Bu gün, 08:49

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər, kəşfiyyat və silahlı qüvvələr üzrə komitələrinin yüksəkvəzifəli üzvləri Dövlət Departamentindən İranla bağlanmış anlaşma memorandumu barədə ətraflı məlumat təqdim etməyi tələb ediblər.

Dövlət Departamentinin rəhbəri Marko Rubioya müvafiq məktubu Qreq Miks, Cim Hayms və Adam Smit göndəriblər.

Sənəddə konqresmenlər memorandumun tam mətnini, həmçinin bütün müşayiətedici sazişləri və onun icra mexanizmlərini almağı gözlədiklərini bəyan ediblər. Onlar həmçinin ABŞ-nin İranla danışıqlar strategiyası və gələcək razılaşmalar barədə izahat tələb ediblər.

Bundan əlavə, qanunvericilər İranın raket proqramına və onun Yaxın Şərqdəki müttəfiq qüvvələrə dəstəyinə qoyula biləcək mümkün məhdudiyyətlər, eləcə də İranın dondurulmuş aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı planlar barədə məlumat istəyiblər.

ABŞ Dövlət Departamentindən bildirilib ki, administrasiya konqresi mütəmadi olaraq məlumatlandırır və Amerika ictimaiyyətinə şəffaf informasiya təqdim edir.

Bu arada, ABŞ Senatındakı bir sıra demokratlar sazişə şübhə ilə yanaşdıqlarını ifadə ediblər. Demokratik azlığın lideri Çak Şumer bəyan edib ki, Tramp administrasiyası danışıqları səmərəsiz aparıb. Senator Mark Uorner vurğulayıb ki, sənədi ABŞ-nin qələbəsi hesab etmək olmaz, Riçard Blümental isə sazişi "Amerika Birləşmiş Ştatlarının qeyd-şərtsiz təslim olması" kimi şərh edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.