SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mikayıl Cabbarovun ən asan xidməti və yaxud it insanın dostudur...

Mikayıl Cabbarovun ən asan xidməti və yaxud it insanın dostudur...

Tarix:

9-02-2017, 23:38

/ 3 225 dəfə oxundu.
Mikayıl Cabbarovun ən asan xidməti və yaxud it insanın dostudur...

Əri döymüş gəlini it də tutdu bir yandan... Yazıq müəllim, cəmiyyət bir tərəfdən döyür, cəmiyyətin övladları bir tərəfdən, rəhbərlik, dövlət, valideyn bir tərəfdən. Yəni, az idi arıq-uruq, biri də çıxdı dabanı cırıq.

Söhbət Təhsil Nazirliyiylə "ASAN" xidmətin birgə layihəsi olan "Məktəblinin dostu" layihəsindən gedir. Rəhbərinin təhsillə heç bir əlaqəsi olmayan bu layihəyə əsasən heç bir pedaqoji təhsili olmayan, yalnız bir aylıq treninq keçmiş bir qrup adam məktəblərə nəzarətçi təyin olunub. Bütün bəzək-düzəyi kənara qoyub sizə məntiqi tam çılpaqlığıyla, loru və sadə dillə çatdırsaq, bunları asanlıqla "muzdlu casus"adlandıra bilərik. Bu adamların vəzifəsi yaxşı oxumayan, sinfin ən "bərkgedən" şagirdləriylə "dost" olmaq, onlardan müəllimlər haqqında "donos" toplamaqdır. Bəs məqsəd nədir? Yəni, doğrudanmı, dövlət öz büdcəsini şərləyib işdən uzaqlaşdırmaq istədiyi müəllimlərdən qoparılacaq beş-üç manatın hesabına doldurmaq istəyir və əgər belədirsə, bu qədər dolayı, bu qədər alçaldıcı və vicdansız yolu niyə seçib? Onsuz da müəllimlər şagird kimi parta arxasında oturub imtahan verməyə məcbur edilib, topladıqları bala əsasən onları işindən uzaqlaşdırmaq daha düzgün və ədalətli qərar olmazdımı?..

Və əgər təhsil nazirliyinin, dövlətin belə pulu varsa, müəllimlərin fakültətiv məşğələlərinə, fərdi dərslərinə niyə göz dikir, yox əgər yoxdursa, "ASAN" xidmətin qoçularına bu maaşı niyə verir?!

Konkret olaraq, söhbət 158 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu" olan Emil Ağayevdən gedir. Deyəsən, bu adam öz vəzifəsini dəqiq başa düşməyib, ya da Haqverdiyevin "Bomba" hekayəsindəki "qorodovoy" kimi irəli getmək üçün mütləq bomba tapmalıdı? Bu adam anlamır ki, əyninə geydiyi uniforma ona öz yaşı qədər pedaqoji təcübəsi olan müəllimlərlə ironiya ilə danışmağa, alçatmağa əsas vermir. Onun vəzifəsi guya şəxsiyyət qorumaq adıyla şagirdləri dilə tutub onları satqınlığa alışdırmaq da deyil. Və yaxud da şagirdin heç bir fakta əsaslanmayan sözünə görə müəllimi "mənəvi və fiziki zorakılıq" adıyla ləkələmək onların yaşına, boyuna və ən əsası, səlahiyyətinə sığmaz.

Mikayıl Cabbarovun "ASAN" xidmətin köməyinə niyə ehtiyacı yaranıb? O, kimə inanmır, müəlliminəmi, direktorunamı, sisteminəmi?! Müəllimlərin fəaliyyətini nəzarətdə saxlamaq üçün dərs hissə müdirləri, direktor bəs eləmirmi, yoxsa sinif rəhbəri, psixoloq, uşaq təşkilatı, valideyn şurası və nəhayət, valideynin özü şagirdin dostu olmaq gücündə deyilmi?

Mikayıl müəllim, əgər cəmiyyətin güzgüsü olan məktəblərdə "daxili nəzarətə" ehtiyac duyursuzsa, deyək ki, vəziyyət heç də yaxşı deyil! Batan gəmidə heç kapitanın da taleyi ürəkaçan olmur...

Bizdən demək, onsuz da diaqnostik yoxlamalardan, kurikulum oyunlarından bezmiş müəllimlər işdən çıxıb evdə oturmağa hazırdırlar, qoy məsuliyyəti başqaları daşısın! Əgər sizə, "suç keçiləri" lazımdırsa, müəllimlər buna da hazırdır!

O ki qaldı ədalətin divanına, öz müəlliminə güdükçü qoymuş cəmiyyətin sonu heç də yaxşı görünmür.

Hə bir də... məktəb eksperiment yeri deyil! Millətin təhsil doktrinası olmalıdı!

Şərhlər

XƏBƏR LENTİ