SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı Mirhəmid Həmidov – Zəhmət, vicdan və xidmət simvolu

Hacı Mirhəmid Həmidov – Zəhmət, vicdan və xidmət simvolu

Tarix:

2-06-2025, 20:44

/ 238 dəfə oxundu.
Hacı Mirhəmid Həmidov – Zəhmət, vicdan və xidmət simvolu

Sabirabadın, Şirvanın, Muğanın və Şabran-Siyəzən bölgəsinin yaddaşında dərin iz qoymuş bir ad var: Mirhəmid Mirheydər oğlu Həmidov. Onun həyat yolu, zəhməti və fəaliyyətləri uzun illərdən bəri minlərlə insanın rifahına, bölgələrin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına xidmət etmişdir.

Dövlətçilik və idarəetmə təcrübəsi

Mirhəmid Həmidov yüksək işgüzarlığı və təşkilatçılıq bacarığı ilə SSRİ dövründə Dəvəçi rayon Partiya Komitəsində ikinci katib, rayon İcraiyyə Komitəsinin sədri, Sabirabad rayon Partiya Komitəsinin birinci katibi kimi mühüm vəzifələrdə çalışmış, müstəqillik illərində isə Sabirabad rayon İcra Hakimiyyətinin ilk başçısı olmuşdur. Bu dövrdə onun rəhbərliyi ilə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr bu gün də öz müsbət təsirini göstərməkdədir.

Aqrar sahəyə böyük töhfə

1989–1992-ci illərdə Sabirabadda baramaçılığın inkişafı üçün Türkmənistandan 500 minədək tut tingi gətirilmiş, Axısxa kəndində Barama Qurutma Məntəqəsi yaradılmışdır. Onun təşəbbüsü ilə tikilən Baş Mil-Muğan kollektorunun Sabirabad ərazisindən keçən hissəsi istifadəyə verilmiş, nəticədə on minlərlə hektar əkin sahəsi şor sulardan təmizlənmişdir. Azadakənd-Bala Həşimxanlı və Hacıbəbir-Moranlı su kanallarının çəkilməsi suvarma problemlərini aradan qaldırmış, kənd təsərrüfatında məhsuldarlığın artmasına səbəb olmuşdur.

Sosial infrastruktur: Təhsil, səhiyyə, məşğulluq

Rayonun beş kəndində yeni məktəblərin, müasir üçmərtəbəli poliklinika binasının inşası və avadanlıqla təmin olunması, 38 istehsal kooperativinin yaradılması, Axtaçı Broyler fabrikinə start verilməsi – bütün bunlar Mirhəmid müəllimin uzaqgörən idarəçiliyinin nəticəsidir. Şəhər sakinlərinə ev tikmək üçün torpaq sahələrinin verilməsi ilə 1100 ailənin illərlə çəkən gözləməsinə son qoyulmuşdur.

Məscid inşasında misilsiz xidmət

Hacı Mirhəmid müəllimin ən böyük xidmətlərindən biri də Sabirabad şəhərində yerləşən əzəmətli məscid binasının layihələndirilməsi və inşasının başlanmasıdır. Məscidin layihəsi memar Sabir müəllim tərəfindən Türkiyədə hazırlanmış, orijinal plana əsasən məscid 4 minarəli nəzərdə tutulmuşdur. Bu monumental tikili 2008-ci il noyabrın 18-də dövlətimizin və yerli xeyriyyəçilərin dəstəyi ilə istifadəyə verilmiş, Azərbaycan memarlıq ənənələrinə uyğun şəkildə, tam yerli ustaların zəhməti ilə inşa olunmuşdur.

Məscidin tikintisində mərhum inşaatçı Əlixan Kazımov, axund Hacı Məhəmməd, memar Sabir müəllim, mərhum Cəlal Mənsimov, Mirsalah Kərimov, Əmanət Zeynalov, Firidun Məmmədov və mərhum axund Mirhəbib Həbibov kimi dəyərli şəxslərin də xidmətləri unudulmazdır.

Elmi nailiyyətlər və milli töhfələr

Mirhəmid Həmidov eyni zamanda istedadlı alimdir. Onun iki ixtirası və bir səmərələşdirici təklifi regionlarda bağçılıq, tərəvəzçilik və pambıqçılıq təsərrüfatlarında uğurla tətbiq olunmuş, illik olaraq milyonlarla manat gəlir gətirmişdir. O, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında tədris olunan 5 dərslik, 1 monoqrafiya və 10-dan artıq metodik vəsaitin müəllifidir.

Milli Məclisdə fəaliyyəti

Mirhəmid Həmidov Azərbaycanın müstəqillik dövrünün ilk illərində Milli Məclisin deputatı kimi də mühüm qərarların, xüsusən suverenlik aktının qəbul olunması və aqrar islahatlarla bağlı qanunların hazırlanmasında fəal iştirak etmişdir.

Ziyalı, ailə başçısı, el ağsaqqalı

Mirhəmid müəllim sadəcə vəzifəli şəxs və alim deyil, həm də nüfuzlu ziyalı, müdrik ağsaqqal, mehriban ata və qayğıkeş baba, etibarlı dost, səxavətli xeyriyyəçidir. Onun mənəvi dünyası ailəsinə, dostlarına, elinə-obasına və bütövlükdə xalqına bağlılıq üzərində qurulmuşdur.

Şərhlər

XƏBƏR LENTİ