SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanla Çin arasında çoxtərəfli əməkdaşlığın yeni mərhələsi

Azərbaycanla Çin arasında çoxtərəfli əməkdaşlığın yeni mərhələsi

Tarix:

24-04-2025, 10:20

/ 159 dəfə oxundu.
Azərbaycanla Çin arasında çoxtərəfli əməkdaşlığın yeni mərhələsi

 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına (ÇXR) rəsmi dövlət səfəri edib.  
Qeyd edilməlidir ki, ÇXR-in Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olub, 2019-cu ildə isə Pekində keçirilən İkinci «Kəmər və yol» beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Sədr Si Cinpin ilə görüşləri və səmərəli müzakirələri böyük məmnuniyyətlə xatırlayan ölkə başçısı bildirib ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, iki ölkə arasındakı strateji tərəfdaşlıq yeni müsbət məzmunla zənginləşir. Hər iki ölkə başçıları arasındakı fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
 Xüsusi qeyd edilməlidir ki, ölkəmizin başçısının Çinə əvvəlki səfərləri zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunub. Əminik ki, aprelin 22- də Çinə reallaşan səfər də hər iki ölkə üçün  səmərəli nəticələrlə yadda qalacaq. 
Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Gürüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Cənab Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
 Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi. Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.
Pekində keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.  
Çin Xalq Respublikası bu gün Azərbaycanın  ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.
Bir sözlə, Prezident İlham Əliyevin dost ÇXR-na növbəti səfəri də  hər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Yəni, ölkəmizin başçısının dedyi “Biz artıq Orta Dəhlizin ən etibarlı və təhlükəsiz keçid marşrutu olduğunu sübut etmişik” sözləri regionda Azərbaycanın mühüm geostrateji mövqeyini təsdiqləyir. Bundan başqa, enerji və yüksək texnologiyalar sahəsində Çinin Azərbaycan iqtisadiyyatına artan marağı yeni əməkdaşlıq sahələrinin formalaşmasına təkan verir. Rəqəmsal iqtisadiyyat, nəqliyyat loqistika, yaşıl enerji və süni intellekt kimi sahələrdə mümkün layihələr Azərbaycan-Çin münasibətlərini gələcək texnoloji tərəfdaşlığında yeni səhifə açır.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
 

Şərhlər

XƏBƏR LENTİ