
Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı əlamətdar hadisədir. Forum 1971-ci ildən ənənəvi şəkildə hər il keçirilir. Forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznes insanlarının iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələri müzakirə və təşkil etməkdir.
İqtisadi xarakter daşımasına baxmayaraq Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsirə malikdir. Həmçinin dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.
Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı kimi 2007-ci ildə “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilən Forumda iştirak edib. Prezident İlham Əliyev 18 il bundan əvvəl dünyanın ən böyük İqtisadi Forumunda gözlənən enerji təhlükəsi mövzusuna toxunaraq, Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən və bu təhlükənin qarşısının alınmasında oynadığı roldan danışıb. Dövlətimizin başçısı sonralar da müxtəlif mövzularda keçirilən Forumda iştirak edərək müzakirələr aparıb.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Davos Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Azərbaycanın belə bir tədbirdə iştirak edərək iqtisadi və nəqliyyat kommunikasiya imkanlarını, enerji layihələrini bir daha təqdim etməsi baxımından əhəmiyyətlidir. Dövlətimizin başçısı Forumda qarşı tərəflərin müraciəti əsasında bir sıra ölkələrin başçıları ilə, o cümlədən bir çox beynəlxalq şirkətlərin rəhbəri ilə görüşüb. Həmçinin çoxmilyonluq izləyicisi olan Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərək bir sıra mühüm məqamları dünya ictimaiyyətinə çatdırıb.
Ölkə başçısı Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirib və aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub. Ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığımızı vurğulayan dövlətimizin başçısı deyib: “Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Müsahibədə qeyd edilib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirib. 30 il ərzində bu, xalqımızın milli ideyası olub və qarşıya qoyulam hədəflərə çatmaq, ədaləti bərpa etmək üçün bütün səylər səfərbər edilib. Təəssüf ki, işğal illərində beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar bu işlərdə bizə yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə bunu özü həll edərək ədaləti özümüz bərpa etdi. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Ötən ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası